CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisin Aparatına yeni rəhbər təyin edilib

© Sputnik / Murad OrujovMilli Məclisin binası, arxiv şəkli
Milli Məclisin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.05.2022
Abunə olmaq
Milli Məclisin sabiq Aparat rəhbəri bir neçə gün öncə təqaüdə göndərilib
BAKI, 17 may — Sputnik. Fərid Hacıyev Milli Məclisin Aparatına yeni rəhbər təyin edilib.
Bundan əvvəl F.Hacıyev Milli Məclisin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.
İxtisası hüquqşünas, dövlət qulluğunun təşkili və idarəedilməsi olan F.Hacıyev 25 aprel 1989-cu ildə anadan olub.
"Azərbaycanda möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar kursunun mühüm bir istiqamətini uğurlu kadr islahatları təşkil edir. Peşəkar, bacarıqlı kadrların yüksək vəzifələrə təyin olunması ölkəmizdə idarəetmənin daha da təkmilləşdirilməsinə, müasir dövrün tələblərindən irəli gələn uğurlu kadr siyasətinin həyata keçirilməsinə imkan vermişdir.
Bu islahatlar çərçivəsində həm müxtəlif vəzifələrdə təcrübə qazanmış, müəyyən uğurlu fəaliyyət yolu keçmiş kadrlar vəzifələrdə irəli çəkilir, eyni zamanda, bacarıqlı, savadlı gənclərə böyük meydan verilir. Möhtərəm Prezident İlham Əliyev bu məsələni dövlət qurumları qarşısında mühüm bir vəzifə kimi müəyyənləşdirmiş və qeyd etmişdir ki, son dövrün kadr islahatlarının məqsədlərindən biri də odur ki, biz gənclərə daha geniş imkanlar yaradaq, geniş meydan verək ki, onlar həm təcrübə toplasınlar, həm də gələcəkdə öz işləri ilə ümumi işimizə töhfə versinlər.
Əlbəttə, dövlət idarəetmə sistemində gənc kadrların rəhbər vəzifələrə irəli çəkilməsi Azərbaycan cəmiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır, ölkənin inkişafında gənclərə inam və etibarın artmasına xidmət edir. Eyni zamanda, bu gün istər idarəetmə sahəsində, istərsə də sosial-iqtisadi, elmi-mədəni və ictimai həyatda gənc kadrların yüksək vəzifələrə təyin olunması ölkəmizin ümumi inkişafının təmin olunmasına da töhfə verir. Qeyd etmək yerinə düşər ki, Altıncı çağırış Milli Məclis fəaliyyətə başlayandan ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlara dəstək vermək və Parlament Aparatının fəaliyyətini daha da təkmilləşdirmək məqsədilə islahatlar həyata keçirilmişdir.
O cümlədən, möhtərəm Prezident İlham Əliyevin gənc, bacarıqlı kadrların rəhbər vəzifələrə irəli çəkilməsi ilə bağlı müvafiq tövsiyəsinə uyğun olaraq, bir çox gənc kadrlar Parlament Aparatında müvafiq vəzifələrə təyin olunmuşlar. Fərid Hacıyevin Milli Məclis Aparatının rəhbəri vəzifəsinə təyin olunması da ölkəmizdə həyata keçirilən uğurlu dövlət gənclər siyasətinin və yeni kadr islahatları çərçivəsində bacarıqlı və istedadlı gənclərin yüksək dövlət vəzifələrinə irəli çəkilməsi ilə bağlı tövsiyəsinin həyata keçirilməsinin növbəti nümunəsidir" - Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən redaksiyamıza daxil olan məlumatda deyilir.
Sputnik Azərbaycan Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən Fərid Hacıyevin tərcümeyi-halını təqdim edir:
"Hacıyev Fərid Famil oğlu 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 23 saylı orta məktəbdə almış, yüksək balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur. Həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət qulluğunun təşkili və idarəedilməsi üzrə magistr təhsili almışdır. Fərid Hacıyev çox gənc yaşlarında - Universitetdə təhsil aldığı dövrdə müxtəlif şirkətlərdə hüquq məsləhətçisi kimi çalışmışdır.
O, 2012-ci ildən Azərbaycan Respublikasının Milli Məclisində fəaliyyət göstərməyə başlamış və ötən dövrdə Milli Məclis Aparatında müxtəlif vəzifələrdə çalışmışdır. Bu vəzifəyə təyin olunana qədər isə Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində işləmişdir. O, Azərbaycan Respublikasının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə təmsil olunmuş, beynəlxalq təlimlərdə iştirak etmiş və müvafiq sertifikat almışdır.
TürkPA ilə əməkdaşlıq çərçivəsində bir neçə model qanunun müəllifidir. Avropa Parlamentinin təşkil etdiyi müxtəlif layihələrdə və tədbirlərdə Milli Məclis Aparatını təmsil etmiş və parlamentin fəaliyyəti və büdcə nəzarəti mövzularında məruzələrlə çıxış etmişdir. O, Şərq Tərəfdaşlığı ölkələrinin parlamentləri ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən həyata keçirilən "Şərq Tərəfdaşlığında müasir və güclü parlament administrasiyası" layihəsində Parlament Aparatını təmsil edir.
Fərid Hacıyev Azərbaycan, ingilis və rus dillərini bilir. Ailəlidir, iki övladı var".
Qeyd edək ki, Milli Məclisin sabiq Aparat rəhbəri Səfa Mirzəyev bir neçə gün öncə təqaüdə göndərilib. Mayın 12-də Səfa Mirzəyevin 70 yaşı tamam olub.
11 may 2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Səfa Abbas oğlu Mirzəyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Səfa Mirzəyev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.05.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Milli Məclisin Aparat rəhbəri vəzifəsindən azad edilib?
Xəbər lenti
0