Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

"Şuşa" adından istifadə etmək üçün xüsusi qaydalar tətbiq ediləcək

© Sputnik / Emin AlisahibŞuşaya səfər
Şuşaya səfər - Sputnik Azərbaycan, 1920, 13.05.2022
Abunə olmaq
Mükafatların, təltiflərin, tədbirlərin adlarında, kommersiya və reklam məqsədilə, əmtəə nişanlarında və coğrafi göstəricilərdə “Şuşa” sözündən istifadəyə yalnız müvafiq qurumun razılığı ilə yol veriləcək.
BAKI, 13 may — Sputnik. Milli Məclisdə "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırıb ki, ölkə Prezidenti tərəfindən "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi və bundan irəli gələrək bir sıra qanunlara uyğunlaşdırma xarakterli düzəlişlərin edilməsi ilə əlaqədar qanun layihələri təqdim olunub.
Komitə sədri bildirib ki, Şuşa şəhərində "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanun və digər normativ hüquqi aktlarla müəyyən edilən hüquqi tənzimləmə tətbiq edilir. Bu hüquqi tənzimləmə Şuşa şəhərinin ərazisində abidələrin bərpası, qorunması, öyrənilməsi, memarlıq və şəhərsalma fəaliyyəti, reklam fəaliyyəti, habelə müxtəlif səviyyəli tədbirlərin keçirilməsi və digər sahələri əhatə edir. Şuşa şəhərində mövcud abidələrin tam həcmdə qorunması məqsədilə bu qanunun 7.5-ci maddəsindən "arxeoloji" sözünün çıxarılması təklif edilir. Eyni zamanda, "Şuşa" adından istifadə etmək üçün xüsusi qaydaların tətbiq edilməsi məqsədilə həmin qanuna 3-1-ci maddənin əlavə edilməsi təklif olunur.
Qeyd edilib ki, yeni maddədə nəzərdə tutulan hallarla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu öz adından və rəsmi "Şuşa" adından istifadə etməkdə müstəsna hüquqa malikdir.
Əlavəyə əsasən, hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında, mükafatların və təltiflərin adlarında, yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında, kommersiya və reklam məqsədilə, əmtəə nişanlarında və coğrafi göstəricilərdə "Şuşa" sözündən istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun razılığı ilə yol verilir.
Millət vəkilləri Şuşa şəhərinin tarixi-mədəni əhəmiyyəti, onun Azərbaycan xalqı üçün xüsusi mənəvi dəyərindən bəhs ediblər, Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasının önəmini vurğulayıblar.
Qeyd edək ki, Şəhərsalma və Tikinti Məcəlləsinə, "Sahibkarlıq fəaliyyəti haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Mədəniyyət haqqında" və "Reklam haqqında" qanunlarda da uyğunlaşdırma xarakterli dəyişikliklər edilib.
Dəyişikliklər müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Şuşada beynəlxalq beyin mərkəzlərinin konfransı keçirilir - Sputnik Azərbaycan, 1920, 28.04.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Şuşa beynəlxalq foruma ev sahibliyi edir
Xəbər lenti
0