Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Politoloq: "Ermənistanın bizi Rusiya ilə qorxutması önəmsizdir"

© Sputnik / Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidMDB dövlətlərinin XİN rəhbərlərinin iclası, arxiv şəkli
MDB dövlətlərinin XİN rəhbərlərinin iclası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.05.2022
Abunə olmaq
Politoloq Tofiq Abbasov hesab edir ki, danışıqlarda problem olduğu şəraitdə təmasların sıxlaşdırılması müsbət təsirini göstərmiş olur.
BAKI, 13 may — Sputnik. MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Serqey Lavrov ilə görüşüb.
Nazirlər bölgədəki cari vəziyyət ətrafında fikir mübadiləsi aparıb, sülh və təhlükəsizliyin təmin olunması üçün imzalanmış üçtərəfli bəyanatların tam icrasının vacibliyini bir daha vurğulayıblar. Görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində addımların atılmasının əhəmiyyəti qeyd edilib.
Bundan başqa, mayın 12-də Düşənbədə Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin üçtərəfli görüşü də keçirilib. Bu görüş barədə Azərbaycan XİN-in yaydığı məlumatda qeyd olunub ki, tərəflər bölgədə sülh və təhlükəsizliyin təmin olunması naminə əldə edilmiş razılaşmaların icrasının vacibliyini vurğulayıb.
Göründüyü kimi, Azərbaycan və Ermənistan arasında diplomatik müstəvidə sülh danışıqları ilə bağlı təmaslar həm ikitərəfli, həm də üçtərəfli formada müxtəlif formatlarda davam etdirilir. Önəmli məqamlardan biri də Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın açıqlaması idi. Ararat Mirzoyan bildirib ki, Rusiya XİN rəhbəri ilə Düşənbədə keçirilən görüşdə sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaların yaradılması məsələsi ilə bağlı danışıqlar aparılıb və mayın 16-17-də Moskvada kommunikasiyalar üzrə görüş keçiriləcək.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 2-də Fransanın Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföyü qəbul edərkən Azərbaycanın irəli sürdüyü 5 prinsipin Ermənistan tərəfindən qəbul edildiyini bildirmişdi. Dövlət başçısı sülh müqaviləsi ilə bağlı danışıqların başlanılması üzrə Azərbaycan nümayəndə heyətinin hazır olduğunu açıqlamışdı.
Politoloq Tofiq Abbasov görüş barədə fikirlərini bölüşüb və deyib ki, belə görüşlərin keçirilməsi ümidverici amilə çevrilib: "Uzun müddətli münaqişədən ortaya çıxan bir məsafə var. Bu məsafənin aradan qaldırılması üçün müxtəlif formatlı görüşlərin keçirilməsinin müsbət təsirləri olur. Danışıqlarda problem olduğu şəraitdə təmasların sıxlaşdırılması müsbət təsirini göstərmiş olur".
Politoloqun sözlərinə görə, Ermənistan bu prosesdə daha çox Ermənistana ümidlərini bağlayıb: "Bu, bizim üçün də sirr deyil. Vaxtaşırı Ermənistan siyasi isteblişmenti də bu barədə fikirlərini ifadə edib. Amma Ermənistan tərəfinin burada gözardı etdiyi bir məqam var. Sərhədlərin delimitasiya və demarkasiyası ikitərəfli bir məsələdir. Burada iki qonşu arasında olan münasibətlərdən söhbət gedir. Nəzərə almaq lazımdır ki, Azərbaycan-Ermənistan arasındakı münasibətlərin məhv edilməsində Ermənistan məsuliyyət daşıyır. Bu baxımdan Rusiyanın proseslərdə amortizasiyaedici rolda çıxış etməsi başa düşüləndir".
"Rusiyanın Qərbin regiondakı proseslərə qarışmasına isti yanaşmaması bizim üçün sirr deyil. Azərbaycan isə Prezident İlham Əliyev vasitəsilə ifadə edib ki, Rusiya bizim həm qonşumuz, həm də strateji tərəfdaşımızdır. Fevralın 22-də Azərbaycan və Rusiya arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə də bunun təsbiti idi. Bu sənəd iki ölkə üçün əhəmiyyət kəsb edən vacib sahələri əhatə edir. Ermənistanın bizi Rusiya ilə qorxutmağa çalışması bu baxımdan önəmsizdir. Bizim onsuz da Rusiya ilə münasibətlərimiz yüksək səviyyədədir. Rusiya da bu proseslərdə öz iştirakını moderator qismində görür. Rusiya barışdırıcı mövqedən çıxış edir", - deyə politoloq fikirlərini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Заседание Совета глав МИД стран СНГ - Sputnik Azərbaycan, 1920, 13.05.2022
SİYASƏT
Ceyhun Bayramov MDB XİN başçıları Şurasının iclasında nədən danışıb?
Xəbər lenti
0