CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Öz hərbçi maaşından babalarına xərclik verən, bayramda uşaqlara hədiyyə alan şəhid

© Sputnik / Rahim MuradovNaib Qasımov
Naib Qasımov - Sputnik Azərbaycan, 1920, 06.11.2022
Abunə olmaq
Naib Qasımov hər dəfə bayramlarda evə gələndə ailənin bütün üzvlərinə hədiyyə alar, yaşlılara xərclik verərmiş.
BAKI, 6 noyabr — Sputnik. Müharibədə qələbə axıdılan qanlar hesabına qazanılır. 44 günlük Vətən Müharibəsində də Azərbaycan nə qədər gənc övladını itirdi. İndi onlar ancaq xatirələrdə yaşayırlar. Xüsusi Təyinatlı Qüvvələrin giziri Naib Qasımov da qələbəyə gedən yolda canından keçən igidlərimizdəndir.
O, 1997-ci ildə Masallı rayonunun Mahmudavar kəndində doğulub. Şəhidin əmisi, 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş Rakif Qasımovun sözlərinə görə, ailənin böyük uşağı olan Naib öz müsbət keyfiyyətləri ilə həmişə fərqlənib.
© Sputnik / Rahim MuradovNaib Qasımov
Naib Qasımov - Sputnik Azərbaycan, 1920, 16.05.2022
Naib Qasımov
"Sakit təbiətli, gülərüz, bütün ailənin sevimlisi idi. Naibin əsgərlik yaşı çatanda hamı kimi o da hərbi xidmətə getdi. Xüsusi Təyinatlı Qüvvələrə xidmət etməyə başlamışdı. Xidməti başa vurandan sonra komandiri Naibə orduda qalıb işləməyi təklif etmişdi. Naib də təklifi qəbul edib. Əsgərlikdə ikən 2016-cı ilin Aprel döyüşlərində iştirak etmişdi. 2018-ci ildə isə Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etdiyi dövrdə Ordunun 100 illiyi münasibətilə medalla, daha sonra bir neçə fəxri fərmanlarla təltif olunmuşdu. Naib həmçinin 2020-ci ilin Tovuz döyüşlərində də iştirak edib. Xüsusi əməliyyatlar zamanı bir neçə yüksəkliyin alınmasında iştirak etdiyi üçün də fəxri fərmanla təltif olunmuşdu", - R.Qasımov deyib.
Onun sözlərinə görə, Naib 2020-ci ilin 19 sentyabrında evə gəlib. Həmin gün onun hərbi xidmətdə olan bibisi oğlu Rövşən də evə gəlibmiş. Hər ikisinin bir günlük evə buraxılması R.Qasımova təəccüblü gəlib. Onlardan nə üçün evə buraxıldıqlarını soruşub. Naibsə deyib ki, bazar günü olduğu üçün evə buraxılıblar və bir gün qalıb qayıdacaqlar.
Onlar hərbi hissəyə qayıdandan sonra müharibə başlayır və hər iki gənc döyüşlərə yollanır.
© Sputnik / Rahim MuradovŞəhid Naib Qasımovun medalları
Şəhid Naib Qasımovun medalları - Sputnik Azərbaycan, 1920, 16.05.2022
Şəhid Naib Qasımovun medalları
"Naib və onun xidmət etdiyi dəstə döyüşlərə ilk olaraq Füzuli istiqamətindən başlayıblar. Döyüşlər vaxtı Naib tez-tez mənimlə əlaqə saxlayırdı. Onların bölməsi Suqovuşanın azad olunmasında da iştirak etmişdi. Naibin dediyinə görə həmin istiqamətdə onlar 240 erməni hərbçisini öldürmüşdülər. Sonra Cəbrayıl istiqamətində gedən döyüşlərə giriblər. Həmin vaxt tank komandiri olan Rövşən də Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edib. Cəbrayıl rayonunun mərkəzi işğaldan azad edilərkən Naibgilin qrupunda 2 nəfər şəhid olub. Naibgil yenidən silah-sursat, geyim və digər təchizat vasitələrini ön xəttə gətirmək, şəhidləri evlərinə göndərmək üçün geri qayıdıblar. Onlar şəhidləri təhvil verib qayıdandan sonra əraziyə sızmaq istəyən erməni qrupu ilə üzləşiblər. Onları oradaca məhv ediblər. Həmin yerdə Naiblə bərabər bizim kənddən Vahab və bir nəfər də başqası olub. Yəni 3 nəfər olublar. Naibgil başqa istiqamətdən qayıdanda yenə 6 nəfərlik erməni diversantları ilə qarşılaşıblar və bu dəfə də onları məhv ediblər. Məğlub olduqlarını görən ermənilər Naib və digər 7 nəfər döyüşçümüzün olduğu yerə minaatanla zərbə endiriblər. Naib və döyüş yoldaşları şəhadətə ucalıblar", - R.Qasımov deyib.
Əmisinini sözlərinə görə, Naib hərbidən danışmağ xoşlamazmış. Deyirmiş ki, hərbidə hər şey sirrdir, onları açıb danışmaq olmaz. Müharibənin gedişi zamanı isə doğmaları ilə danışanda sevinə-sevinə deyirmiş ki, "qətiyyən narahatçılıq yoxdur, biz ancaq irəliləyirik, geri çəkilmək söhbəti yoxdur!".
General Hikmət Mirzəyev şücaətinə görə Naibə çavuş rütbəsi veribmiş. Onun döyüş yoldaşları arasında hörməti o qədər böyük olub ki, ölümündən sonra çoxu gəlib ailəsini və məzarını ziyarət edirlər.
© Sputnik / Rahim MuradovNaib Qasımov
Naib Qasımov - Sputnik Azərbaycan, 1920, 16.05.2022
Naib Qasımov
Naib nişanlı imiş. Nişanlı olan döyüş yoldaşlarından biri ilə şərt kəsibmiş ki, əvvəl onun toyuna gedəcək, sonra da o, Naibin toyuna gələcək. Amma tale elə gətirib ki, döyüş yoldaşı Naibin toyuna yox, məzarı üstünə gəlməli olub.
Şəhidin əmisi bildirir ki, bütün bayramlarda ailə Naibin gəlməsini gözləyirmiş: "Bayramlarda ailəmizin bütün uşaqları Naibin gəlməsini gözləyirdilər. Çünki Naibin onların hər birinə hədiyyə gətirəcəyini bilirdilər. Hətta mənim həyat yoldaşım da bayramda onun gəlişini gözləyirdi. 8 martda yoldaşım deyirdi ki, "bax indi Naib gələcək və bizə hədiyyə verəcək." Naib mənim babamın adını daşıyırdı. Həmişə gələndə həm mənim babama baş çəkirdi, həm öz babasına (atama). Öz maaşından babalara xərclik verərdi. Amma artıq 2-ci ildir qardaşımın böyük oğlu aramızda yoxdur və uşaqların bayram gözləntiləri də yoxdur!
Qardaşı Rəşad Qasımov deyir ki, Naibin kənddə hamının yanında böyük hörməti var idi. Ailədə hamının arxa-dayağı idi:
© Sputnik / Rahim MuradovŞəhidin qardaşı Rəşad Qasımov
Şəhidin qardaşı Rəşad Qasımov - Sputnik Azərbaycan, 1920, 16.05.2022
Şəhidin qardaşı Rəşad Qasımov
"Mən bir yerə işləməyə getmək istəyəndə, qoymazdı. Deyirdi, "əgər pula ehtiyacın varsa, mənə de, gedib sənə layiq olmayan yerdə işləmə". Çox qardaşlar görmüşəm, amma Naib kimisi yox idi. Bəzən övladla valideynlər arasında anlaşılmazlıq olur. Sentyabrın 19-da evə gələndə, Naib nəyə görəsə mənə bərk-bərk tapşırdı ki, "ata ilə ananı incitmə, onlar sənə əmanətdir". O sanki üstüörtülü formada qayıtmayacağını mənə dedi. Mən həmin an onu başa düşmədim".
R.Qasımovun sözlərinə görə döyüşlər gedən vaxtlarda qardaşı ilə danışmağa ürəyi gəlmirmiş: "Hər gün şəhid xəbərləri eşidirdik. Onu itirəcəyimdən qorxurdum. Hər dəfə telefonla danışanda, atəş səsləri eşidilirdi. Soruşanda da deyirdi ki, "biz atırıq, onların həddi deyil bizə qarşılıq versinlər, biz onlara hücum edirik, narahat olma, hər şey yaxşıdır, evdəkilərdən muğayət ol!"
R.Qasımov qardaşı ilə qurur duyur:
"O aramızda olmasa da, daim evimizin içində olduğunu hiss edirəm. Azərbaycanın 30 ilə yaxın həsrətinə son qoyanlardan biri də mənim qardaşımdır. Naib qələbə sevincini Azərbaycan xalqına yaşadanlardan biridir. Mən qardaşımla fəxr edirəm!"
© Sputnik / Rahim MuradovNaib Qasımov
Naib Qasımov - Sputnik Azərbaycan, 1920, 16.05.2022
Naib Qasımov
Şəhid çavuş Naib Akif oğlu Qasımov ölümündən sonra "Azərbaycan bayrağı" ordeni, "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Hərbi xidmətlərə görə" və "Vətən uğurunda" medalları ilə təltif olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0