ELM

Bu gün Beynəlxalq Əqli Mülkiyyət Günüdür

© AFP 2024 / SPENCER PLATTKitab
Kitab - Sputnik Azərbaycan, 1920, 26.04.2022
Abunə olmaq
Öz ağlı, bacarığı ilə yenilik edə bilənlərin günü də mövcuddur.
BAKI, 26 aprel — Sputnik. Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür. Bu gün Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən 2000-ci ildə təsis edilib. Builki Beynəlxalq Əqli Mülkiyyət Günü "Əqli mülkiyyət və gənclik: gələcək naminə innovasiyalar" mövzusuna həsr olunub.
Müasir gənclər ixtiraçılıq və yaradıcılığın inanılmaz və əsasən istifadə olunmamış mənbəyidir. Gənclərin yeni baxışları, enerjisi, marağı və çətinlikləri dəf etməyə hazır olmaları, eləcə də daha yaxşı gələcəyə can atmaları artıq mövcud yanaşmaları dəyişdirir və innovasiya və dəyişikliyə stimul verir.
2022-ci il Beynəlxalq Əqli Mülkiyyət Günü gənclər üçün əqli mülkiyyət hüquqlarının öz məqsədlərinə necə dəstək olacağını, ideyalarının reallığa çevrilməsinə kömək edəcəyini, gəlir əldə edə biləcəyinə, iş yerlərinin yaradılmasına və ətrafındakı dünyaya necə müsbət təsir göstərə biləcəyini öyrənmək üçün bir imkandır. Əqli mülkiyyət hüquqları gənclərə qarşıya qoyduqları məqsədlərinə çatmaq üçün vacib olan bəzi əsas alətlərə çıxış imkanı verir.
Xatırladaq ki, Prezident İlham Əliyevin "İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 2018-ci il 20 aprel tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb.
Ötən ilin aprel ayında dövlətimizin başçısı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində "Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi"nin yaradılması haqqında Fərman imzalayıb. Mərkəz elm və sənaye arasında bağlantı, qarşılıqlı sifariş və təklif münasibətlərinin yaradılması, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması və tətbiqi xarakter daşıması üçün texnologiyaların transferini və əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılmasını həyata keçirən, innovativ inkişafın, o cümlədən startap layihələrin dəstəklənməsinə xidmət edən, elmi tədqiqatların nəticələrinin kommersiya və qeyri-kommersiya məqsədilə istifadəsi üçün transferinə, həmçinin bu nəticələrdən gəlir əldə etməyə yönəldilən, müştərilərə texnologiyaların və layihələrin hədəf bazarlarına çıxarılması xidmətlərinin göstərilməsində, bu sahədə fəaliyyətin əlaqələndirilməsində iştirak edən publik hüquqi şəxsdir. Bu ilin mart ayında Nazirlər Kabinetinin müvafiq qərarı ilə "Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi"nin Nizamnaməsi təsdiq edilib.
2021-ci ildə Əqli Mülkiyyət Agentliyində 405 müəllifin 851 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 863 şəhadətnamə verilib, o cümlədən "Elektron xidmət" bölməsi vasitəsilə 231 müəllifin 371 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 371 şəhadətnamə verilib, 9 müqavilə qeydiyyata alınıb.
Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2022-ci il yanvarın 1-dək Agentlikdə bütövlükdə 14 min 261 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən "Elektron xidmət" bölməsi vasitəsilə 419 müəllifin 787 əsəri qeydiyyatdan keçirilib və 797 şəhadətnamə verilib.
2021-ci ildə "Mobil tətbiq proqramlarının müəllif hüququnun mühafizəsi obyekti kimi qeydiyyatının aparılması" istiqaməti üzrə nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində mobil əlavələr indiyə qədər xidmət sahəsində mobil əlavənin layihəsi kimi qeydiyyatdan keçirilib. Hazırda mobil tətbiq proqramlarının kompüter proqramı (mobil əlavə) kimi qeydiyyatdan keçirilməsi təmin edilib.
Xəbər lenti
0