CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda heyvanların da qeydiyyatı aparılır

© Sputnik / Ilham MustafayevXüsusi xırda buynuzlu heyvan təsərrüfatı
Xüsusi xırda buynuzlu heyvan təsərrüfatı  - Sputnik Azərbaycan, 1920, 31.03.2022
Abunə olmaq
"Fermadan süfrəyədək" prinsipinə əsaslanan yeni sistem heyvan mənşəli qida məhsullarının izlənilməsi və təhlükəsizliyi, insan sağlamlığının təmin olunmasına töhfəsini verəcək.
BAKI, 31 mart — Sputnik. Ölkədə heyvan sağlamlığının və təhlükəsiz heyvan mənşəli qida məhsulları istehsalının təmin olunması məqsədilə zəruri məlumatların elektron məlumat bazasında toplanması davam etdirilir.
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı, Dünya Bankının dəstəyi ilə aparılan heyvanların identifikasiyası və qeydiyyatı prosesi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunu əhatə edib.
Agentlikdən Sputnik Azərbaycan-a məlumat verilib ki, 2021-ci il 15 dekabr - 2022-ci il 30 mart tarixlərində sözügedən ərazilərin ailə-kəndli və fermer təsərrüfatlarında 37116 sayda iribuynuzlu heyvan identikləşdirilərək, həm təsərrüfat, həm də heyvanlar haqqında məlumatlar elektron sistemə daxil edilib.
Fərdi qeydiyyata alınaraq, identikləşdirmə nömrəsi verilən heyvanlardan 13730-u Bakı şəhəri, 20176-sı Abşeron rayonu, 3210-u isə Sumqayıt şəhərinin payına düşür.
Qeyd edək ki, toplanan məlumatlar Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemində (HİQS) yer alır.
Ölkədə yeni yaradılmaqda olan sistem heyvanların məruz qaldığı xəstəlikləri, profilaktik və müalicə tədbirləri, tətbiq edilən preparatları, diaqnostik sınaqı və nəticələri, heyvanın hərəkəti, həmçinin sahibləri və digər individual göstəriciləri barədə məlumatların unikal identifikasiya kodu ilə əlaqələndirilmiş qaydada toplanılaraq, idarə olunmasını təmin edir.
Həmçinin sistemin əsas funksiyalarına tətbiq olunan preparatların orqanizmdən xaricolma müddətinin gözlənilməsi, alqı-satqısı, daşınması və kəsim dövründə heyvanlara nəzarət edilməsi, itmiş heyvanların axtarılması və ya tapılmış heyvanların sahibinin aşkar edilməsi və digər bu kimi proseslərin idarə olunması daxildir.
"Fermadan süfrəyədək" prinsipinə əsaslanan sistem heyvan mənşəli qida məhsullarının izlənilməsi və təhlükəsizliyi, insan sağlamlığının təmin olunması və yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasına öz töhfəsini verəcək.
Xatırladaq ki, heyvanda tətbiq edilmiş peyvəndlər, habelə müalicəvi və profilaktik məqsədlə istifadə edilmiş baytarlıq preparatları və s. barədə məlumatlar da sistemdə öz əksini tapacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0