Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan xalqına qarşı həyata keçirilən dəhşətli qətliamdan 104 il ötür

© © PUBLİC DOMAİN31 mart azərbaycanlıların soyqırımı
31 mart azərbaycanlıların soyqırımı - Sputnik Azərbaycan, 1920, 31.03.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
1918-ci ilin mart-iyul aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda, Göyçayda erməni silahlı dəstələrinin törətdiyi qanlı cinayətlər nəticəsində qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla, ümumilikdə 50 mindən çox azərbaycanlı qətlə yetirilib
BAKI, 31 mart- Sputnik. Bu gün Azərbaycanda 31 mart- Azərbaycanlıların Soyqırımı Günü qeyd olunur. Bakıda və Azərbaycanın digər tarixi ərazilərində erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən dəhşətli qətliamdan 104 il ötür.
"Böyük Ermənistan" dövləti qurmaq xülyası ilə yaşayan erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı tarix boyu məqsədyönlü şəkildə soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti həyata keçirilmiş, xalqımız ağır məhrumiyyətlərə və faciələrə məruz qalmışdır. Bu siyasətin ən dəhşətli təzahürü 1918-ci ilin mart ayından başlayaraq törədilmiş soyqırımı hadisələridir.
Baş vermiş soyqırımı aktı nəticəsində Bakı şəhərində, Bakı quberniyasına daxil olan şəhər və qəzalarda, həmçinin Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, eləcə də yaşayış məntəqələri, mədəniyyət abidələri, məscidlər və digər ibadət yerləri, qəbiristanlıqlar dağıdılmışdır. Şamaxı qəzasının 110 kəndi, Quba qəzasının 167 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi dağıdılmış, yandırılmış və dinc əhaliyə divan tutulub.
1918-ci ilin mart-iyul aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda, Göyçayda erməni silahlı dəstələrinin törətdiyi qanlı cinayətlər nəticəsində qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla, ümumilikdə 50 mindən çox azərbaycanlı qətlə yetirilib. Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində və onun ətrafında 199 kənd dağıdılıb, 132 min azərbaycanlı qətlə yetirilib.
Bu soyqırımı aktının baş verdiyi tarixdən bir əsrdən artıq zaman keçməsinə baxmayaraq, o qanlı hadisələr unudulmayıb və xalqımızın qan yaddaşında silinməz izlər qoyub. 1998-ci il mart ayının 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərman tarixi həqiqətlərin üzə çıxmasına təkan verən mühüm addım oldu, həmin dəhşətli hadisələrə siyasi qiymət verilərək, 31 mart tarixi "Azərbaycanlıların Soyqırımı Günü" elan edildi.
Aparılan araşdırmalar nəticəsində 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar, saysız-hesabsız insan sümükləri və digər maddi sübutlar aşkarlanmışdır. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərancamı ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi yaradılmışdır. Hər il minlərlə insan bu məkanı ziyarət edərək qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsini anır.
XX əsrin əvvəllərində törətdikləri qanlı cinayətlərə görə layiqli cəzalarını almayan erməni millətçiləri 74 il sonra (1992-ci ildə) azərbaycanlılara qarşı növbəti irimiqyaslı soyqırımı Xocalı şəhərinin dinc sakinlərinə qarşı törətdilər.
Bu qətliamlara dair kifayət qədər əsaslı sübut və dəlillər olsa da, dünya ictimaiyyəti hələ də buna adekvat qiymət verməyib. Axı qətliamlar təkcə azərbaycanlılara qarşı deyil, bu coğrafiyada yaşayan dağ yəhudiləri, ləzgilər, tatlar, talışlar, eləcə də digər azsaylı xalqların nümayəndələrinə qarşı da törədilmişdi. Ancaq görünür, dünyanı Azərbaycanda yaşayan xalqların zaman-zaman ermənilər tərəfindən genosidə uğradılması deyil, erməni lobbilərinin qondarma “erməni soyqırımı” nağılları daha çox maraqlandırır.
Azərbaycan xalqı və dövləti həmişə qətliamlara, siyasi və hərbi münaqişələrə ikili standartlarla yanaşılmadan əziyyət çəkib. Bundan ruhlanan ermənilər regionda üçüncü qüvvələrin dəstəyi ilə azərbaycanlılara qarşı cinayətlərini davam etdirirlər. XX əsrin 90-cı illərində işğal etdikləri Azərbaycan ərazilərindəki bütün kənd və şəhərləri yerlə-yeksan ediblər, talanlar və kütləvi qırğınlar törədiblər.
Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycan və Ermənistan bayraqları - Sputnik Azərbaycan, 1920, 30.03.2022
SİYASƏT
Brüsseldə Azərbaycan və Ermənistan nümayəndələri arasında mühüm görüş olub
Xəbər lenti
0