Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycanda Rusiya məhsulları ucuzlaşa bilərmi?

© Sputnik / Murad OrujovBakıda supermarketdə alıcı
Bakıda supermarketdə alıcı - Sputnik Azərbaycan, 1920, 13.03.2022
Abunə olmaq
İki ölkə arasında idxal-ixrac məhsulları bahalaşacaq yoxsa ucuzlaşacaq? Manatın rubl qarşısında çox möhkəmlənməsi Azərbaycan üçün sərfəlidirmi? İqtisadçılar məsələyə münasibət bildiriblər
BAKI, 12 mart — Sputnik. Martın 11-də Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 1,6 faiz bahalaşaraq 0,0126 manat təşkil edib. Başqa sözlə, bu günə 1000 rubl 12,6 manat olub. Sonuncu dəfə 2015-ci ilin fevralın 18-də rublun məzənnəsi 0,0126 manat təşkil edib. Dünən 1000 rubl 12,4 manat, martın 9-da isə 1000 rubl 13,1 manat olmuşdu.
Qeyd edək ki, bu ilin yanvarın 12-də 1000 rubl 22,9 manat olub. Bununla müqayisədə rubl manat qarşısında 44,9 faiz dəyərdən düşüb, başqa sözlə 1000 rubl 10,3 manat ucuzlaşıb.
Bəs, rublun manat qarşısında ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər? İki ölkə arasında idxal-ixrac məhsulları bahalaşacaq yoxsa ucuzlaşacaq? Manatın rubl qarşısında çox möhkəmlənməsi Azərbaycan üçün sərfəlidirmi?
Məsələni şərh edən iqtisadçı Xalid Kərimli Sputnik Azərbaycan-a bildirib ki, rublun manat qarşısında ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına, xüsusən də qeyri-neft sektorunun ixracına təsiri mənfidir:

"Azərbaycanın qeyri-neft ixracının 32,6 faizi Rusiya bazarının payına düşür. Rusiya qeyri-neft ixracımızda birinci yerdədir. Rubl kəskin ucuzlaşarsa, Rusiya bazarlarına kənd təsərrüfatı məhsulları çıxaran sahibkarlarımız əvvəlki qazanclarını götürə bilməyəcəklər".

© Photo : Social media page of Khalid KarimliXalid Kərimli
Xalid Kərimli - Sputnik Azərbaycan, 1920, 11.03.2022
Xalid Kərimli
"Biz Rusiyadan təxminən 2 milyard dollarlıq mal idxal edirik. Təxminən 900 milyon dollarlıq mal Rusiyaya ixrac edirik. Bunun da 850 milyon dolları qeyri-neft ixracıdır. Rublun ucuzlaşması nəticəsində ixracımız bahalaşacaq, yəni sahibkarlarımız ya əvvəlki həcmdə sata bilməyəcək ya da qiymətləri aşağı salmağa məcbur olacaqlar", - deyə ekspert bildirib.
İdxalda vəziyyət fərqlidir
İqtisadçının fikrincə, ancaq idxalda vəziyyət fərqlidir:
"Rublun dəyərdən düşməsi Rusiya məhsullarının manatda ucuzlaşmasına səbəb olacaq. Amma bu, tez bir zamanda olmayacaq. Məsələn, rubl manat qarşısında 50 faiz dəyərdən düşsə, idxal malların qiymətlərinin müxtəlif sektorlardan asılı olaraq 10-30 faiz ucuzlaşmasını görə bilərik. Digər tərəfdən, istehsalın həcmi düşsə, əksinə idxalın bahalaşmasını müşahidə edə bilərik. Yəni sektorlardan asılı olaraq fərqli vəziyyət müşahidə ediləcək. Burada birmənalı nəsə demək mümkün deyil. Çünki rublun ucuzlaşmasının səbəbi Rusiyanın tədiyyə balansındakı kəsir deyil. Rublun düşməsinin səbəbi Rusiyaya qarşı tətbiq edilən sanksiyalardır".
"Manatın rubl qarşısında çox bahalaşmasının bizim üçün əhəmiyyətli xeyri yoxdur. Rublun ucuzlaşması bizim qeyri-neft sektorunun qiymət rəqabətliliyinə, sahibkarların işinə çətinlik yaradır", - deyə mütəxəssis əlavə edib.
Rubl dollara nisbətən ucuzlaşdıqca manat da rubla nisbətən möhkəmlənməkdə davam edəcək
Deputat Vüqar Bayramov isə Sputnik Azərbaycan-a deyib ki, manatın rubla nisbətən məzənnəsinin möhkəmlənməsi birbaşa rublun dollara nisbətən dəyər itirməsi ilə bağlıdır:

"Manatın dollara nisbətən birbaşa, digər valyutalara nisbətən isə kross məzənnəsi müəyyənləşir. Ona görə də rubl dollara nisbətən ucuzlaşdıqca manat da rubla nisbətən möhkəmlənməkdə davam edəcək".

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan, 1920, 11.03.2022
Vüqar Bayramov
Rusiyadan Azərbaycana gətirilən məhsullar ucuzlaşa bilər
O bildirib ki, Rusiya Azərbaycanın qeyri-neft ixracatında ən böyük paya malikdir:
"Manatın rubla nisbətən möhkəmlənməsi Azərbaycan məhsullarının Rusiya bazarında rəqabət imkanlarını məhdudlaşdıracaq. Rublun ucuzlaşması Rusiyadan Azərbaycana gətirilən məhsulların xərcinin və qiymətinin azalmasına gətirib çıxara bilər".
Qeyd edək ki, 22 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalanıb.
Azərbaycan və Rusiya hesablaşmalarda milli valyutalardan istifadə edəcək
Sənədə əsasən, tərəflər qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə, bank kartlarına birgə xidmət daxil olmaqla ödəniş sistemlərinin qarşılıqlı uyğunluğuna, eləcə də iki ölkənin bankları arasında birbaşa müxbir münasibətlərin inkişaf etdirilməsinə imkan yaradacaqlar.
Sənədə əsasən, Azərbaycan və Rusiya milli qanunvericilikləri çərçivəsində metallurgiya, neft-qaz və ağır maşınqayırma, aviasiya, avtomobil, kimya, əczaçılıq və yüngül sənaye, kənd təsərrüfatı, yol-tikinti və qida maşınqayırması müəssisələri arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinə imkan yaradacaqlar.
İki ölkə arasında ticarət dövriyyəsi 3 milyard dollar olub
Xatırladaq ki, 2021-ci ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 3 milyard ABŞ dolları olub. Bunun 2,1 milyard dolları Rusiyadan idxalın, 0,921 milyard dolları isə bu ölkəyə ixracımızın payına düşür.
Ötən il Rusiya ilə ticarət xarici ticarət dövriyyəmizdə 8,83 faiz paya malik olub. O cümlədən qonşu ölkənin idxalımızda payı 17,72 faiz, ixracımızda payı isə 4,15 faiz təşkil edib.
2020-ci illə müqayisədə Rusiya ilə ticarət 12,1 faiz, bu ölkəyə ixrac 29,8 faiz, bu ölkədən idxal isə 5,7 faiz artıb.
Deputat Vüqar Bayramov Sputnik Azərbaycan-a demişdi ki, "Rusiya və Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" iki ölkə arasındakı iqtisadi əlaqələrin genişləndirilməsinə xidmət edəcək:
"Bəyannamədə eyni zamanda iqtisadi məsələlər də öz əksini tapıb. Tərəflər qarşılıqlı olaraq investisiya qoyuluşlarını artırmaq və eləcə də idxal-ixrac imkanlarını genişləndirə biləcəklər. Bu, xüsusən də Rusiya və Azərbaycanın qarşılıqlı daha çox mal idxal və ixrac etməsinə imkan yaradacaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rubl, avro, dollar - Sputnik Azərbaycan, 1920, 10.03.2022
TƏHLİL
Azərbaycan və Rusiya arasında köçürmələr: pul göndərmək və almaq mümkün olacaqmı
Xəbər lenti
0