Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Min bir dərdin dərmanı: Çay emalı ilə bağlı vacib yenilik

© Sputnik / Rahim MuradovLənkəranda çay yığımı
Lənkəranda çay yığımı  - Sputnik Azərbaycan, 1920, 11.03.2022
Abunə olmaq
Çay istehsalçıları ilə görüş keçirilib. Sahənin inkişaf potensialı, çayçılığın və yerli emalın inkişafı məsələləri ətrafında müzakirələr aparılıb.
BAKI, 11 mart — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinlik və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.
Sputnik Azərbaycan xəbər verir ki, növbəti belə görüş çay istehsalçılarının nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib.
Görüşdə bu sahədə mövcud olan təşkilati və qanunvericiliklə əlaqədar çətinliklər, işçilərin sosial sığorta yükünün, çay emalı ilə əlaqədar ƏDV dərəcəsinin optimallaşdırılması, əmlak vergisi ilə bağlı güzəştlərin tətbiqinə dair təkliflər səsləndirilib.
Həmçinin sahənin inkişaf potensialı, çayçılığın və yerli emalın inkişafı məsələləri ətrafında müzakirələr aparılıb.
Dövlət-biznes əlaqələrinin inkişafı və vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı sahibkarların rəy və təkliflərinin öyrənilməsi məqsədilə əməkdaşlığın davam etdiriləcəyi görüş iştirakçılarının diqqətinə çatdırılıb.
Dünyada çayın qiyməti bahalaşıb
Qeyd edək ki, 2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 11,8 min ton çay idxal edilib. İdxal edilən çayın dəyəri 51,6 milyon ABŞ dolları olub.
2020-ci ilin eyni dövründə dəyəri 46,2 milyon dollar olmaqla 11,4 min ton çay idxal edilib. Beləliklə, çayın idxalı dəyər ifadəsində bahalaşıb, həcm baxımından isə cüzi artıb.
Çayçılıq sahəsində Dövlət Proqramı var
Qeyd edək ki, "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı"nın məqsədi ölkədə quru çaya olan tələbatın əsasən yerli məhsul hesabına ödənilməsi, çay emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, çay məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün çayçılığın inkişafını stimullaşdırmaqdır.
Çay məhsulları üzrə idxalın əvəzlənməsi nəzərdə tutulur
Azərbaycanda çayçılığın inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün aşağıdakı istiqamətlərdə zəruri işlərin görülməsi nəzərdə tutulur: çay bitkisinin əkin sahələrinin genişləndirilməsi və intensiv becərmə texnologiyalarının tətbiqi hesabına çay istehsalının artırılması; toxumçuluq və tinglik təsərrüfatlarının yaradılmasının dəstəklənməsi və maddi-texniki bazasının gücləndirilməsi; çayçılıq təsərrüfatları üçün əsas və köməkçi materiallar istehsalının və digər infrastruktur təminatının yaxşılaşdırılması; çay sahələrinin müasir becərmə texnikası ilə təminatının yaxşılaşdırılması; mövcud çay emalı müəssisələrinin fəaliyyətinin bərpası, modernləşdirilməsi və mütərəqqi texnika və texnologiyalar əsasında yeni çay emalı müəssisələrinin yaradılmasının təşviqi; çay məhsulları üzrə idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi.
Ölkədə 21 min hektara yaxın ərazi çayın becərilməsinə imkan verir.
Ölkəmizdə çay bitkisi ilk dəfə XIX əsrin sonlarında əkilib, çayın elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanılıb. Əsas hissəsi Lənkəran iqtisadi rayonunun payına düşməklə, ölkədə 21 min hektara yaxın ərazinin təbii iqlim şəraiti, torpaqlarının mövcud vəziyyəti çay bitkisinin becərilməsinə imkan verir.
Xəbər lenti
0