CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fermer subsidiya almaq istəyirsə, nə etməli - DETALLAR-VİDEO

© Photo : Ministry of Agriculture (Azerbaijan)Fermer iş zamanı
Fermer iş zamanı - Sputnik Azərbaycan, 1920, 01.03.2022
Abunə olmaq
Payızlıq əkinlərə görə subsidiyaların ödənişi davam edir və subsidiyalar "Fermer kartı"larına köçürülür. Daha ətraflı Sputnik Azərbaycan-da.
BAKI, 1 mart — Sputnik. Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2021/2022-ci il payızlıq əkinlərə görə subsidiyaların ödənişini davam etdirir. Belə ki, fevralın 28-də AKİA tərəfindən payızlıq əkinlərə görə 18 min 900 fermerə ümumilikdə 30 milyon 600 min manat subsidiya ödənişi həyata keçirilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu gün ödənilən subsidiyalar təxminən 140 min hektara yaxın əkin sahəsini əhatə edir. Beləliklə, 2021/2022-ci il üzrə ödənilən əkin subsidiyasının məbləği 92.4 milyon manatı, subsidiya ödənilən əkin sahəsi isə 440 min hektarı keçib.
Qeyd edək ki, subsidiyalar "Fermer kartı"larına köçürülür. Fermerlər qanunvericiliyə uyğun olaraq, karta köçürülmüş vəsaitin 25 faizini bankomatlar vasitəsilə nağdlaşdıra, 75 faizini isə qeyri-nağd şəkildə kənd təsərrüfatı istehsal vasitələri, o cümlədən mineral gübrə, pestisid, bihomus, herbisid, toxum ala bilər, həmçinin meyvə bağlarında müasir suvarma sistemlərinin alınmasına və qurulmasına sərf edə bilərlər.
Həmçinin, AKİA tərəfindən bu gün süni mayalanma yolu ilə alınmış 2097 buzova görə 1579 fermerə 209 min 700 manat subsidiya ödənilib.
Fermerlərin əkin məlumatları yoxlanılır
Hazırda payızlıq əkinləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan etmiş fermerlərin əkin məlumatları və torpaq sənədlərinin yoxlanması davam edir.
Sahələrində monitorinqlər başa çatmış, torpaq sahələrindən verdikləri aqrokimyəvi analizin nəticələrini, sahələri sığorta etdirmələrinə dair müqavilələrin surətini EKTİS-ə daxil etmiş fermerlərin siyahısı hazırlanır və hər həftə bu siyahılar üzrə subsidiyaların ödənilməsi elektron qaydada həyata keçirilir. Subsidiyaların ödənişi davam edəcək.
Fevralın 1-dən yazlıq və çoxillik əkin bəyanlarının qəbuluna start verilib
Xatırladaq ki, bu ilin fevralın 1-dən yazlıq və çoxillik əkinlərin bəyanına başlanılıb. 1 fevraldan başlayaraq 1 iyun tarixinə qədər yazlıq və çoxilik əkinlər bəyan olunmalıdır. Fermerlər eagro.az saytı vasitəsi ilə onlayn şəkildə bilavasitə özləri və ya Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM), eləcə də regional ASAN xidmət mərkəzlərinə, həmçinin Xaçmaz və Yevlax KOB evlərinə müracət etməklə əkinlərini bəyan edə bilərlər.
AKİA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynal bildirib ki, fermer bəyan edərkən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində elektron kabineti aktivləşdirməli, əkilən və ya yerdə mövcud bitkini doğru seçməli, bəyan hektarının konturlarını və əkin yerini elektron xəritədə düzgün qeyd etməli, yalnız öz istifadəsində olan ərazilərdə bəyan etməlidir.
AKİA rəsmisi onu da əlavə edib ki, pambıq, şəkər çuğunduru və tütün əkən fermerlər məhsul subsidiyası almaq üçün yazlıq əkin bəyanları dövründə öz bəyanlarını tam və vaxtında EKTİS-ə daxil etməlidilər.
Bəyanların vaxtında edilməsi monitorinqlərin sürətli və operativ təşkilinə, subsidiyaların qısa vaxtda ödənilməsinə imkan yaradacaq. Vaxtında edilməyən və ya yanlış edilən bəyan nəticəsində fermerlərə əkin subsidiyası ödənilməyəcək. Monitorinq zamanı aşkarlanmış yanlış bəyan fermer üçün subsidiyanın az ödənilməsi, yaxud 1 və ya 2 il ödənilməməsi halı ilə nəticələnə bilər.
Ödəniş aparıldıqdan sonra yanlış bəyan müəyyən edilərsə, İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsinə əsasən cərimə tətbiq oluna bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0