Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ov üçün Azərbaycana gələn ərəblərə qadağa

© AFP 2023 / KARIM SAHIBƏrəb ovçu, arxiv şəkli
Ərəb ovçu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.02.2022
Abunə olmaq
Ovçu həmin lisenziyanı hansı heyvan üçün və hansı ərazi üçün alıbsa orada gedib ov edə bilər.
BAKI, 12 fevral — Sputnik. Ölkəmizə gələn turistlər arasında ova maraq göstərənlər çox olduğundan, ov qaydalarını pozanlar da az deyil. Bir müddət öncə sosial şəbəkələrdə bir qrup xarici ölkə vətəndaşının Tovuz rayonu ərazisində, Ceyrançöldə bəzgək ovlamalarına dair məlumat yayılmışdı.
Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyası bu halların təkrarlanmasının qarşısının alınması, təbiətin qorunması üçün maraqlı təkliflə çıxış edib.
Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyasının sədri Ramin Zamanov bildirib ki, Azərbaycana ov üçün gələn turistlərin 3 kateqoriya üzrə bölünməsi nəzərdə tutulur. R. Zamanovun sözlərinə görə, yaşıl, sarı və qırmızı zonanın yaradılması planlaşdırılır:
"İlk qrup yaşıl zonaya şamil ediləcək. Burada ovçuluq lisenziyası alıb və heç bir qayda pozuntusuna yol verməyən əcnəbilər daxil ediləcək. Sarı zonaya daxil olanlar müəyyən qədər qanun pozuntusuna cəhd edən, qırmızı zonaya isə ciddi qanun pozuntusu edənlər şamil ediləcək".
R.Zamanov əlavə edib ki, qırmızı zonaya daxil olan turistlər barədə ciddi tədbirlərin görülməsi planlaşdırılır: "Bunun üçün beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq niyyətindəyik. Həmin siyahıda olanlar ölkəmizə gələndə artıq onlar barədə məlumatlı ola bilərik".
Bununla bağlı Sputnik Azərbaycan-a geniş açıqlama verən R. Zamanov bu təklifin tətbiqinin səmərəli olacağını düşünür. O, bildirib ki, burada əsas hədəf təbiətin mühafizəsinə yönəlib. Bu məsələnin təkcə ovla bağlılığı yoxdur:
"Milli Parkların qorunması, tükənmə təhlükəsi olan heyvanların sərbəst və yarımsərbəst şəkildə çoxaldılması, Milli Parklara əyani səfərlərin təşkili də nəzərdə tutulur. Biz ov zamanı qanunların pozulmasının qarşısının alınması üçün bir mexanizm fikirləşirik. Ovçunun mütləq lisenziyası olmalıdır. Onlara lisenziya ovçuluq təsərrüfatlarına təyinatı üzrə verilir.
Ovçu həmin lisenziyanı hansı heyvan üçün və hansı ərazi üçün alıbsa orada gedib ov edə bilər. Lakin biz bunun bir çox hallarda pozulması halları ilə qarşılaşırıq. Bu da cəmiyyətin haqlı narazılığına səbəb olur. Ona görə düşünürük ki, ov üçün lisenziya almış şəxslərdə bir məsuliyyət yaradılmalıdır. Onların fəaliyyətinə nəzarət edilməlidir".
Həmsöhbətimiz deyir ki, bəzi şəxslər lisenziya alsa da, nə icazə verilən ərazidə ov edir, nədəki icazə aldığı heyvanı ovlayır. Hətta say məhdudiyyətinə belə əməl etmirlər:" Bunları biz ilkin olaraq sarı xətə salmağı düşünürük. Əgər onlar sarı xətə düşdüklərini bilərək yenə ov qaydalarını pozurlarsa, onları qırmızı xətə daxil edəcəyik. Artıq onlar növbəti dəfə ov üçün lisenziya ala bilməsinlər" .
R. Zamanov deyir ki, sarı xətə ov icazəsi verilən ərazidən bilməyərəkdən çıxanlar, ovuna icazə verilən mövsümi heyvanı sayından çox ovlayan, yəni ov qaydalarını nisbətən anlaşılan şəkildə pozanlar düşəcək. O, həmçinin qeyd edir ki, ov ekstremal turizm növü olduğundan, qaydalara həmişə tam əməl etmək çətin olur:
"Ona görə də, qaydaları pozanlara dövlət qurumu cərimələməklə yanaşı, ikinci dəfə bunu təkrarlayarsa artıq qırmızı xətə düşərək lisenziya verilməsinə qadağa qoyulacaq".
R. Zamanov bildirir ki, bu təklif Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən də müsbət qarşılanıb. Amma bu məsələyə hələki baxılır:
"Çünki bu qanunvericiliklə hansısa formada tənzimlənməlidir. Nazirlik bunun icra mexanizmini formalaşdırdıqdan sonra ova həm ictimai nəzarətin , həm də ümumi nəzarətin gücləndirilməsinə gətirib çıxardacaq. Bizim hədəfimiz ov mexanizmlərini inkişaf etdirmək yox, məsuliyyətsiz ovun qarşısını almaqdır" .
Assossasiya rəhbəri onu da bildirdi ki, ovçuların kateqoriyaya bölünməsinin təkcə xaricdən gələn ovçulara yox, ölkəmizdə ovla məşğul olan hər bir ovçuya şamil olunmasının tərəfdarıdırlar:
"Yerli ovçular arasında ov qaydalarını pozanlar var. Nazirlik də ovla bağlı qaydaların pozulmasına qarşıdır. Amma hər ovçunun yanına nəzarətçi qoymaq mümkün deyil. Bu qayda ovçularda məsuliyyət yaradacaq. Onlar başa düşəcək ki, qırmızı xətə düşsələr daha onlara lisenziya verilməyəcək. Lisenziyasız ov etməyin cəzası isə daha ağırdır".
Qeyd edək ki, Azərbaycanın ovçuluq təsərrüfatlarında vəhşi heyvanların, quşların sərbəst və yarımsərbəst yolla artırılmasını həyata keçirmək, bu yolla növlərin təbiətdəki təbii populyasiyasına təsirlərin minimuma endirilməsi, "məsuliyyətli ovçu" anlayışının təbliği, eyni zamanda əcnəbi ovçuların maariflənməsi və ölkə qanunlarına riayət etməsinə nail olmaq məqsədilə 2022-ci ildən ölkədə Təbiət və Ov Turizmi Assosiasiyası fəaliyyətə başlayıb.
Assosiasiya, həmçinin mövcud problemlərin müzakirəsi, davamlı inkişafa hesablanmış proqramların hazırlanması, ovçuluq təsərrüfatlarının inkişafı, bu təsərrüfatlarda həm də uşaqlar üçün əyləncəli infrastrukturun yaradılması, maarifləndirici və məlumatlandırıcı obyektlərin açılması və bu kimi digər istiqamətlərlə bağlı turizm şirkətləri ilə məsləhətləşmələr apararaq assosiativ qurum kimi əhəmiyyətli funksiyaları öz üzərinə götürüb. Fəaliyyəti çərçivəsində yerli mütəxəssislərlə yanaşı, xarici ekspertləri də cəlb edir.
Assosiasiyanın fəaliyyətinin əsas hədəfi isə Azərbaycanda "məsuliyyətli ovçuluğu" geniş anlamda təşviq etməklə qanunvericiliyə riayət olunmasına, biomüxtəlifliyin qorunmasına və bu sahədə sabit, davamlı istifadənin təmin edilməsinə töhfə verməkdir.
Xatırladaq ki, bir müddət öncə Ceyrançöldə ovda iştirak edən ərəblərdən biri "Binthaninayef" adlı "Instagram" hesabında Azərbaycanda "Bəzgək" ovlamaların əks etdirən ov fotosunu paylaşıb. O, sözügedən fotonun 23 yanvar 2022-ci ildə Azərbaycanda çəkildiyini deyib.
Məlumata görə, ərəblər artıq Azərbaycanı tərk ediblər, fotoları da bundan sonra paylaşıblar. Yada salaq ki,Azərbaycanda dəfələrlə ərəb turistlərin qanunsuz ov etməsi barədə faktlar aşkarlanıb. Onlar bundan əvvəl Qax Dövlət Təbiət Yasaqlığının ərazisində, Acınohur çölündə böyük düşərgə quraraq nadir quş, heyvanları ovladıqları üçün ictimai qınağa səbəb olmuşdular. Nəticədə canlarını cərimə ödəməklə qurtardılar.
Ondan əvvəl isə ərəb turistlər Salyan, Hacıqabul, Neftçala, Masallı rayonları ərazisində qanunsuz ovla məşğul olarkən saxlanılıblar.
Həmçinin oxuyun:
Bəzgək deyil, ceyran: Dövlət Qoruğunun mühafizə rejimini pozdular
Xəbər lenti
0