CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kişilər də məişət zorakılığının qurbanı olur - Səbəblər

© Depositphotos.com / Elnur_Kişi
Kişi - Sputnik Azərbaycan, 1920, 07.02.2022
Abunə olmaq
Kişilərə qarş psixoloji zorakılıq halları üstünlük təşkil edir. Ümumiyyətlə, kişilərə qarşı zorakılıq ümumi zorakılıq hallarının 5 faizindən də aşağıdır və uzun illərdir bu göstərici dəyişməz qalır.
BAKI, 7 fevral — Sputnik. Son günlər məişət zəmnində kişi qətlləri haqda ard-arda bir neçə xəbərin yayılması bəlkə də müəyyən həyəcan siqnalı demək idi.
Bir neçə gün öncə Suraxanı rayonu, Hövsan qəbəsində 25.12.1990-cı il təvəllüdlü Elşən Hadızadənin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarət alıb və aparıldığı xəstəxanada ölüb. Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində E.Hadızadənin həyat yoldaşı, 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb. G.Vəlizadə şübhəli şəxs qismində saxlanılıb.
Bundan öncə, Ağstafada da bənzər hadisə baş vermişdi.
Maraqlıdır, məişət qurbanları arasında kişilərin çəkisi nə qədərdir, ümumiyyətlə, bu kimi hadisələrin baş vermə səbəbi nədir?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən il məişət zorakılığına məruzqalma faktına görə, Komitəyə müraciət edən kişilərin sayı 42 olub. Məişət zorakılığına məruz qalma ilə bağlı müraciət edənlər arasında qadınlar üstünlük təşkil edib. Bununla yanaşı, həm məişət zorakılığı faktına, həm də sırf özünün məişət zorakılığına məruz qaldığına görə müraciət edən kişilər var.
Ötən il məişət zorakılığı ilə bağlı rəsmi ərizə əsasında Komitəyə 340 müraciət daxil olub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin əməkdaşı, məişət zorakılığının qarşısının alınması üzrə sektorun məsul işçisi Tural Hüseynzadə Sputnik Azərbaycan-a açıqlamasında ümumi vəziyyəti şərh edib.
O deyib ki, kişilərə qarşı törədilən zorakılıq hallarında psixoloji faktorlar üstünlük təşkil edir:
"Ümumiyyətlə, kişilərə qarşı zorakılıq ümumi zorakılıq hallarının 5 faizindən də aşağıdır. Uzun illərdir, bu faiz olduğu kimi qalıb. Apardığımız araşdırma zamanı daha çox qadınlar, uşaqlara qarşı zorakılığın şahidi oluruq".
T.Hüseynzadə bildirib ki, kişi qətlləri ilə əlaqədar hadisələr məişət zəminində baş versə belə, cinayət olduğu üçün Komitənin araşdırma səlahiyyətindən çıxır. Komitə məişət zorakılığına qarşı mübarizə aparanda cinsi fərq qoymadan həm qadın, həm mkişi, həm də uşaqların məişət zorakılığından qorunması istiqamətində mübarizə aparır.
Komitəyə kişilərlə əlaqədar daxil olan müraciətlərdən danışan T.Hüseynzadə deyib ki, həmin müraciətlər daha çox ahıl, sağlamlıq imkanları məhdud, yaşlı kişilərə qarşı zorakılıq halları ilə bağlıdır.
"Bəzən o cür şəxslər, yəni sağlamlıq imkanları məhdud yaşlı kişilər qəyyumları - qızı, oğlu, gəlini, yaxud da başqa birisi tərəfindən fiziki, psixoloji zorakılığa məruz qalırlar. Araşdırmalar zamanı bu kimi faktlar qarşımıza çıxır. Tamamilə sağlam bir kişiyə qarşı zorakılıq halı ilə nadir hallarda qarşılaşırıq. Kişilərin müraciətləri sırf özləri haqda deyil, ailə üzvləri haqdadır. Məsələn, qeyd etdiyim həmin müraciətlər keçmiş həyat yoldaşının himayəsində olan övladlarının anaları tərəfindən zorakılığa məruz qalması haqda olur".
Hüseynzadənin dediyinə görə, bəzən uşaqlardan biri atada, digəri anada olur. Ana deyir ki, "sən istədiyimi eləməsən, uşağın səninlə görüşünə icazə verməyəcəm". Bununla keçmiş həyat yoldaşına təzyiq edir. Bu, psixoloji zorakılığın bir növüdür:
"Ata bizə müraciət edir, bildirir ki, ana valideynlik hüququnu yerinə yetirmir, himayəsindəki övladlarına qarşı zorakılıq törədir. Lakin sırf özünün həyat yoldaşı tərəfindən fiziki təzyiqə, döyülməyə məruz qalması haqda müraciət daxil olmur. Yəni, ötən il o tip müraciət daxil olmayıb".
T.Hüseynzadə bildirib ki, kişilər tərəfindən bilavasitə zorakılığa, xüsusən də psixoloji zorakılığa məruzqalmayla bağlı müraciətlər olub: "Ümumiyyətlə, kişilərin fiziki zorakılığa məruz qalmalarıyla əlaqəli müraciətləri olmu. Lakin iqtisadi, psixoloji zorakılığa məruzqalma ilə bağlı müraciətlər olur".
Hüseynzadənin dediyinə görə, onlar qətl hadisəsi baş verdikdən sonra araşdırma apara bilirlər:
"Kişilərə qarşı qətl hadisəsi baş verənədək tərəflərin əksəriyyəti harasa müraciət eləmir. Bu cür hadisələr baş verdikdən sonra istintaqın gedişində qadının uzun illər zorakılığa məruz qaldığı, artıq dözə bilmədiyi, özünü qorumaq üçün - həyat yoldaşının onu öldürə biləcəyi ehtimalını nəzərə alıb belə addım atdığını öyrənirik. Təbii ki, bu səbəblər qətlədək bilinsə, heç qətl hadisəsi baş verməzdi".
Azərbaycanda genderin hüquqlarının qorunması üçün hansı işlər görülür?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin əməkdaşı, məişət zorakılığının qarşısının alınması üzrə sektorun məsul işçisi Tural Hüseynzadə vurğulayıb ki, məişət zorakılığının qarşısının alınması üçün həm mövcud qanunvericiliyin təkmilləşdirilməsi, həm zorakılıq qurbanlarıyla iş aparılması, onların hüquqlarının müdafiəsi üçün 2020-2023-ü illəri əhatə edən Milli Fəaliyyət Planı var:
"Milli Fəaliyyət Planında məişət zorakılığı törədən şəxslər, həmçinin zorakılıq qurbanı olanlarla psixoloji işlərin aparılması, onların yenidən həyata inteqrasiyası üçün müvafiq tədbirlərin görülməsi, digər zəruri nüanslar əksini tapıb. Bildiyiniz kimi, məişət zorakılığı ilə əlaqədar qanunvericiliyimiz 2010-cu ildə qəbul edilib, onun təkminləşdirilməsinə ehtiyac var. Qanuna dəyişikliklər nəzərdə tutulub, bununla əlaqədar artıq müvafiq layihələr hazırlanıb, hökumətə təqdimolunma mərhələsindədir".
Komitə rəsmisinin sözlərinə görə, bunun üçün işçi qrupu yaradılıb.
Hüseynzadənin sözlərinə görə, Komitənin nəzdində akkreditasiyadan keçən 10 sığınacaq fəaliyyət göstərir. Onların fəaliyyətinin təkmilləşdirilməsi nəzərdə tutulub. Regionlarda rayon icra hakimiyyətlərində məişət zorakılığının qarşısını almaq üçün monitorinq qrupu var. Onların məişət zorakılığının qurbanı olan şəxslərlə işləməsi üçün bilik və bacarıqlarının artırılması nəzərdə tutulur.
"Bu şəxslər təcrübəli olmalıdır, bilməlidir ki, qurbanla, zorakılıq törədənlə necə danışmalıdır. Çünki bəzən qurbanla zorakılıq törədəni birgə danışdırırlar, halbuki onlar bir-birinin üzünü görməməlidir. Belə hal onlarda psxioloji travma yarada bilər", - Hüseynzadə əlavə edib.
Xəbər lenti
0