Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Sahibkarlıq sahəsində yoxlamalar daha bir il dayandırılır

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidMəmur
Məmur - Sputnik Azərbaycan, 1920, 02.02.2022
Abunə olmaq
Bundan öncə icazə verilən yoxlamalar istisna olunmaqla sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2022-ci il yanvarın 1-dək uzadılmışdı.
BAKI, 2 fevral — Sputnik. Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti daha 1 il uzadılır.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan "Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, Azərbaycan ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü il yanvarın 1-dək dayandırılır. Əvvəl bu müddət 2022-ci il yanvarın 1-dək müəyyən edilmişdi.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Xatırladaq ki, Azərbaycan Prezidenti ötən ilin martın 9-da "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiq edib. Dəyişikliyə görə, icazə verilən yoxlamalar istisna olunmaqla sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti daha bir il - 2022-ci il yanvarın 1-dək uzadılıb.
Millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla bu müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar davam etdirilə bilər.
"Əlavə olaraq "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalara icazə verilir", - deyə o qeyd edib.
Deputat bildirib ki, digər mühüm məqam yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra da həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların aparılmasının qadağan edilməsidir: "Yəni, yoxlamaların qadağan edildiyi müddət bitdikdən sonra sahibkarın yoxlamaların qadağan edildiyi dövr üçün fəaliyyəti yoxlanılmayacaq. Təbii ki, bu zaman icazə verilən yoxlamalar üzrə fəaliyyətlər istisna ediləcək".
Onu da bildirək ki, bu qanun 2015-ci il noyabrın 1-dən qüvvəyə minib.
Xəbər lenti
0