Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Həyat bitər, nağıl bitməz: hər kəs Şaxta babadan möcüzə gözləyir

© Sputnik / Murad OrujovBakıda Şaxta baba, arxiv şəkli
Bakıda Şaxta baba, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.01.2022
Abunə olmaq
Şaxta baba reallıqda var, ya yox - əhəmiyyətli deyil, çünki olmasa belə, onu yenə də uydurmaq lazım gələrdi.
BAKI, 31 dekabr — Sputnik. Yeni il bayramını uşaqlar, turizm mərkəzləri, kafe və restoranlar səbirsizliklə gözləyir. Şəhərin ən kiçik şirkəti belə qabaqcadan hansısa bir məkanda korporativ yığıncaq üçün yer sifariş edir, bəzi imkanlı iş adamları isə hətta ölkənin səfalı yerlərində dincəlmək üçün məkan axtarırlar. İmkanı olmayan da ən azı evində kiçik bir məclis qurub uşaqlarına hədiyyə paketi hazırlamağı düşünür.
Bədii filmlərdə gördüyümüz Şaxta baba və ya Santa Klausa məktub yazıb hədiyyə istəmək ənənəsi də günümüzə hakim kəsilib. Uşaq var, elə məktubunu çoxdan yazıb ata-ana vasitəsilə Şaxta babaya yollayıb da. Olduqca qəribə bir durumdur. Bir tərəfdən hədiyyə istəyən uşağın gözləntisini qırmaq da yaxşı deyil, digər tərəfdən hər il nəsə alıb yolkanın ətrafına düzməyə məcbursan.
Santa Klaus və ya Şaxta babadan gələn hədiyyə paketinin mütləq olması dünyanın bir çox ölkəsində çox böyük biznes sahəsinə çevrilib. Birdən kimsə durub deyə Santa Klaus yoxdur, aləm dəyər bir-birinə. Bu tip Santa Klaus qalmaqalı ara-sıra baş verir. 2018-ci ildə ABŞ-da Santa Klausun olmadığını iddia edən məktəb müəllimi məktəbdən qovulub. Uşaqların Milad gözləntisini pozan müəllim həm məktəb rəhbərliyinin, həm də valideyn qəzəbinə tuş gəlib.
İtaliyanın Siciliya vilayətinin katolik kilsə qurumu 2021-ci ildə yerli keşişlərdən birinin Santa Klausu inkar etməsinə görə üzr istəməli olub. Yepiskop Antonio Staliano Milad bayramının keçirilməsində xeyli qüsurun olduğunu, Santa Klausun isə yalnız hədiyyə simvoluna çevrildiyini çıxışında vurğulayıb. Staliano Santa Klausun olmadığını, onun ənənəvi qırmızı geyiminin isə reklam məqsədilə Coca-Cola şirkətində hazırlandığını qeyd edib.
Hər ölkənin öz Şaxta babası var. Rusiyada Şaxta babanın hətta öz iqamətgahı yaradılıb. Voloqda vilayətinin Böyük Ustyuq şəhərində olduqca gözəl bir malikanə inşa edilib. Buranı hər il yüz minlərlə turist ziyarət edir. Şaxta babanın hətta Moskvada da evi var, birbaşa internetdən bilet sifariş edib buraya baş çəkmək olar. Qar qızın isə iqamətgahı Kostroma şəhərindədir.
Belarusun “Belovejskaya puşşa” Milli Parkında Şaxta baba üçün 2003-cü ildə malikanə ucaldılıb. Turist əlindən tərpənmək belə olmur. Finlandiyanın Şaxta babasının isə qəribə adı var: Youlupukki. Onun Qar qızı olmasa da, əvəzində qışı təmsil edən Muori adlı həyat yoldaşı mövcuddur. Özü də Youlupukki ölkənin ən ucqar yerlərindən birində, Laplandiyanın Korvatunturi dağında yaşayır. Yəni bu məsələdə heç bir ölkə geridə qalmaq istəmir, həm uşaqlara sevinc bəxş edən obrazlar yaradılır, həm də turistlərin gəzə biləcəyi məkan inşa edilir.
Santa Klausdan fərqli olaraq Azərbaycanda məşhur olan Şaxta baba Milad bayramının yox, məhz yeni ilin gəlişini simvolizə edir. İlk dəfə SSRİ-də 1937-ci ildə gündəmə gələn Şaxta baba ənənəvi olaraq Yeni il bayramının dəyişilməz atributuna çevrilib. Özü də mütləq yanında Qar qızı da olmalıdır. O, Şaxta babanın əvəzolunmaz köməkçisidir, onu səhnəyə dəvət etməli, uşaqlarla oynamalı, hədiyyə paylamalıdır. Şaxta baba Santa Klausdan xeyli əzəmətlidir, daha ciddidir, amma uşaqları heç də az sevmir.
Şaxta baba və Qar qız Yeni il simvolları kimi kifayət qədər tələb olunan personajlardır. Həm də öz növbəsində bir çox insan və təşkilat üçün gəlir mənbəyidir. Məsələn, Azərbaycanda Yeni il uşaq şənliklərinin heç biri Şaxta babasız olmur. Teatrlar, böyük arenalar, uşaq bağçaları və digər məkanlarda Yeni il bayramı mütləq qeyd edilir, valideyn həm Şaxta baba ilə Qar qızın, həm də uşağa veriləcək hədiyyənin pulunu ödəməklə uşağını razı sala bilir. Nə şiş yanır, nə də kabab. Bir qədər də məclisi təşkil edən məkanın payına pul düşür. Hamı razıdır, valideyn uşağına, aktyorlar oynadıqları roldan gələn məbləğin həcminə görə. Uşaq aldığı hədiyyə səbəbindən xoşbəxtdir, şənliyi keçirən teatr isə beş-üç manat əldə etdiyi puldan razıdır.
Məsələnin ağır tərəfi də var, çünki hər bir valideyn nə zamansa Şaxta baba və Qar qız barədə övladına həqiqəti söyləmək məcburiyyətində qalır. Əgər uşaq 7-8 yaşına kimi Şaxta babanın mövcudluğuna inanırsa, bunu normal qəbul edirik. 10 yaşından o yana belə bir vəziyyət problemlidir, çünki bu, insanı ömür boyu müşayiət edəcək infantilizmin göstəricisi ola bilər. Adi həyatda tez-tez qərar qəbul etməkdə çətinlik çəkən, hansısa möcüzənin baş verəcəyinə inanan nə qədər insanla rastlaşırıq. Elə internetdə yayımlanan bir çox feyk xəbər bu kateqoriya insan üçün hazırlanır. Nə qədər çətin olsa da, uşağa həqiqəti başa salmalısan.
Möcüzə axtaranların bir çoxu hələ də Şaxta baba, Qar qız və Yeni illə bağlı nağıl filmlərinə baxır, bu ilin daha xoşbəxt, maraqlı olacağına inanır. Şaxta baba reallıqda var, ya yox - əhəmiyyətli deyil, çünki olmasa belə, onu yenə də uydurmaq lazım gələrdi. İnsanın öz həyatına bir qədər sevinc qatmaq həvəsi Yeni il bayramını psixoloji nəzərdən qidalandırır. Hər kəs məhz bu ildə onu möcüzəli dəyişikliyin gözlədiyini düşünür.
Şaxta baba əvvəlcə ötən ili yola salır, sonra Yeni ildə də uşaqların görüşünə gələrək onları bir qədər xoşbəxt edir, sevindirir. Yeni il şənliyinə qatılan hər bir valideyn də istər-istəməz bu sevinc hissini bir daha yaşayır. Axı Şaxta baba və Qar qızının ətrafına dolaşan, əzbərlədiyi şeiri oxuyan, hədiyyəsini sevə-sevə əzizləyin uşaqların fərəh hissindən gözəl nə ola bilər? Həyat bitər, nağıl bitməz, necə deyərlər.
Eləcə də oxuyun:
* Bəzənmisən al-əlvan: Bakının Yeni il ab-havası
* Ucuz Yeni il hədiyyələrinin içində nələr var?
* Azərbaycanda yaşayan gürcülər Yeni ili necə qeyd edirlər
Xəbər lenti
0