Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakı metropoliteni qışın qarlı-şaxtalı günlərinə hazırdırmı?

© Sputnik / Murad OrujovBakı metrosunda qatar, arxiv şəkli
Bakı metrosunda qatar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.12.2021
Abunə olmaq
Qış fəsli, qarlı-çovğunlu günlər qatarların hərəkətinin təşkilində, sərnişinlərin rahatlığının təmin edilməsində böyük problemlər yarada bilər.
BAKI, 23 dekabr — Sputnik. Bakı metropolitenində qış mövsümünə hazırlıq prosesi yekunlaşdırılıb. "Bakı Metropoliteni" QSC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, əsasən, yerin altı ilə əlaqədar olan metropoliten üçün bu məsələdə şəhərin yerüstü xidmət sahələrindən böyük fərqi yoxdur, bəzi hallarda daimi nəzarət tələb etdiyindən daha böyük zəhmət tələb edir:

"Hər bir hava şəraiti yeraltı yolların özünəməxsus iqlim mühiti və qatarların normal işinə təsirsiz ötüşmür. Bu səbəbdən "Qışa yaydan hazırlaş" prinsipinə uyğun olaraq, metropolitendə ilin qarlı-şaxtalı günlərinə hazırlığa hər il iyun ayından gec olmayaraq başlanılır".

Metropolitenin istismar üzrə baş mühəndisinin rəhbərliyi ilə xüsusi komissiya ay ərzində ən azı bir dəfə olmaqla çatışmazlıqları, qarşıya qoyulan vəzifələri təhlil edir və hesabatlar hazırlayır. Qış fəslinin, əsasən, qarlı-çovğunlu günləri qatarların hərəkətinin təşkilində, sərnişinlərin rahatlığının təmin edilməsində böyük problemlər yarada bilər:
"Hazırlıq tədbirləri isə daha çox "Nərimanov" elektrik deposunun yolları ilə bağlı olur. Qışın qarlı günlərində qatarların hərəkəti üçün maneələr açıq hava şəraitində olan park yollarında yaranır. Çoxsaylı yoldəyişdirici qurğuların qar altında qalması nasazlıqlara gətirib çıxara bilər. Nəticədə, depodan yeraltı yollara qatar vermək mümkünsüz olar".
Yol təsərrüfatında qışa hazırlıq payızın ilk ayında başa vurulub. Əvvəlcə qarla mübarizə işinin operativ planı hazırlanıb. Yol sahələrinin ştatda nəzərdə tutulmuş sayda işçilərlə komplektləşdirilməsi yekunlaşdırılıb. Sahələrdə birinci dəfə işləyən və belə hallarla rastlaşmayan işçilərlə müvafiq məşğələlər keçirilib, təlimatlar verilib:
"Qarla mübarizə qərargahı da qışa hazırdır. Qərargah müvafiq avadanlıq, alət və digər materiallarla təmin olunub. İşçilər üçün xüsusi geyimlər, ayaqqabılar və digər fərdi mühafizə vasitələri alınıb. Yol təsərrüfatının qəza-bərpa sahəsi qış şəraitinə tam uyğun vəziyyətə gətirilib. Qarın yığılması üçün tələb olunan alətlər sazlanıb".
Park yollarının ərazisi yoxlanılır, müvafiq tədbirlər görülür. Xüsusən üfürücü qurğuların yerləşdiyi yerlərə davamlı baxış keçirilir, çəpərləmə ləvazimatının, alətlərin və avadanlığın vəziyyəti yoxlanılır. Depo və park yollarında izolə qovşaqları daim yoxlanılır, qüsurlu elementləri dəyişdirilir. Qarın yağması barədə məlumatlardan asılı olmayaraq, profilaktik tədbirlər plan üzrə müntəzəm yerinə yetirilir:
"Stansiyalarda da qış tədarükü görülüb. Güclü qar yağıntısı və şaxtalı hava şəraiti müddətində stansiya pilləkənlərindən qarın təmizlənməsi üçün lazım olan alət ehtiyatı hazırlanıb. Pilləkənlərin buzlaşmasına qarşı hər stansiyanın ehtiyatında duz saxlanılır. Stansiya heyətinə əlverişsiz hava şəraitində, xüsusən qarın yağacağı müddətdə görüləcək işlərlə bağlı təlimatlar verilib".
Bu zaman stansiya pilləkənləri nəzarətdə saxlanılacaq, sərnişinlərin hərəkəti üçün təhlükə yarada biləcək maneələr aradan qaldırılacaq. Şiddətli qar yağıntısı zamanı Qarla mübarizə qərargahından zərurət yaranan stansiyaya təhkim olunmuş işçilər dəvət ediləcək.
Xəbər lenti
0