Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Aşqabadda istiləşən soyuq münasibətlər: Qərb imperializminin niyyəti

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidAşqabada mənzərə, arxiv şəkli
Aşqabada mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.12.2021
Abunə olmaq
Soçi görüşündən sonra Aşqabadda belə bir razılaşmanın əldə olunmasının xüsusi əhəmiyyəti var.
BAKI, 30 noyabr — Sputnik. Aşqabadda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə toplantısı Azərbaycan-İran-Türkmənistan arasında iqtisadi əməkdaşlığın yeni mərhələsinə qədəm qoyulması baxımından əlamətdar oldu. Belə ki, Aşqabadda İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsinə dair üçtərəfli saziş imzalandı. Müqaviləyə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndəriləcək.
Sputnik Azərbaycan yeni sazişin strateji önəmini araşdırıb. Mövzu ilə bağlı QAFSAM-ın sədr müavini, siyasi analitik Nazim Cəfərsoy və politoloq Tural İsmayılov fikirlərini bölüşüb.
QAFSAM-ın sədr müavini, siyasi analitik Nazim Cəfərsoy bildirib ki, bölgə ölkələrinin İranla münasibətlərində embarqo amili bəlirləyici amil olmayıb. Onun sözlərinə görə, ABŞ sanksiyalarına qarşı bölgə ölkələri müxtəlif vasitələrlə münasibətləri davam etdirə biliblər:
"Bu baxımdan İranla Azərbaycan və Türkmənistanın imzaladığı sanksiya təəccüb doğurmamalıdır. Digər Bayden administrasiyanın siyasətinə nəzər yetirdikdə İrana münasibətdə yumşalmaların olmasını görürük. Sanksiyaların davam etdiyi bir şəraitdə hər iki tərəfdən müsbət mesajların verildiyi müşahidə edilir".
Nazim Cəfərsoy vurğulayıb ki, müşahidə olunan bu yumşalmalar da müqavilənin imzalanmasına imkan yaradan amillərdən biridir: "Digər tərəfdən biz regionumuzda kommunikasiyaların açılması istiqamətində dəyişikliklərin olduğunu görürük. İran bu prosesdən də faydalanmağa çalışır. Azərbaycan, İran və Türkmənistan arasında imzalanmış qaz mübadiləsi müqaviləsi regionda yeni geosiyasi balansın nəticəsi kimi ortaya çıxıb".
Analitik dünya bazarında qazın bahalaşmasına diqqət çəkərək deyib ki, ABŞ-Rusiya qarşıdurması şəraitində bu bahalaşma Rusiyanın daha da güclənməsinə xidmət edir: "Bu, ABŞ-ın arzu etmədiyi bir şeydir. Bu üçlü müqavilə Avropa bazarının Rusiya qazından asılılığının diversifikasiya edilməsi baxımından əhəmiyyətlidir. Bu baxımdan imzalanmış bu müqaviləni həm regional, həm qlobal səbəblər şərtləndirirdi. Bir də dünyadakı hazırkı şərait elədir ki, hansısa ölkə başqasına nəyisə edib-etməmək barədə təzyiq göstərmək imkanına malik deyil".
Politoloq Tural İsmayılov isə bildirib ki, Azərbaycan 44 günlük müharibədəki qələbədən sonra regionda böyük iqtisadi və siyasi layihələrin reallaşdırılması prosesini davam etdirir:
"Cari ildə Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanmışdı. Bu, özlüyündə böyük tarixi əhəmiyyətə malik idi. Xəzəryanı ölkələrin Xəzərin resurslarından bərabər istifadə ilə bağlı anlaşması gələcək sazişlərin bünövrəsini formalaşdırırdı. Nəzərə almaq lazımdır ki, Azərbaycan, İran və Türkmənistan arasında qaz sazişi ilə bağlı uzun müddətdir danışıqlar aparılırdı. Soçi görüşündən sonra Aşqabadda belə bir razılaşmanın əldə olunmasının xüsusi əhəmiyyəti var".
Politoloq vurğulayıb ki, bu saziş həm də bir müddət öncə Azərbaycan-İran arasında müşahidə olunan soyuq münasibətlər artıq geridə qaldığını göstərdi: "Dövlət başçıları səviyyəsində verilən açıqlamalarda da bunu görə bilərik. Sazişin bütün tərəflər üçün dividentləri mövcuddur. Geniş qaz ehtiyatlarına malik Türkmənistan bununla daha böyük bir bazara çıxış imkanı əldə edir.
Eyni zamanda bu saziş Qərb imperializminin maliyyə və iqtisadi hücumlarla İranın mövqeyini sarsıtmaq niyyətinin qarşısını alır. Saziş ölkənin siyasi tərəfdaşlığı baxımından da xüsusi əhəmiyyət kəsb edir. Qeyd edim ki, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ağır sanksiyalar şəraitində yaşayan İran üçün nəfəslik rolunu oynayacaq. Dəhliz fəaliyyətə başladıqdan sonra yeni iqtisadi sazişlərin reallaşmasının şahidi olacağıq".
Xəbər lenti
0