CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Silah varsa, deməli, bir gün atəş açacaq...

© AR Ministry of Internal AffairsPolis
Polis - Sputnik Azərbaycan, 1920, 01.12.2021
Abunə olmaq
Ölkə var ki, orada polis əvvəlcə atəş açır, sonra “əlləri yuxarı qaldır” deyir.
BAKI, 30 noyabr — Sputnik. Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Rahib Mütəllimovun silahla ehtiyatsız davranması nəticəsində açdığı atəş onun ölümünə səbəb olub. Bu günlərdə mətbuatda yayılan xəbərdə polis əməkdaşının elə hadisə yerində keçindiyi bildirilib. Faktla bağlı araşdırma aparılır.
Polisə hücum halları baş vermir
Polis əməkdaşı ilə bağlı daha bir hadisə də bu il baş verib. Nizami RPİ-nin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov sentyabrın 30-da ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gələn həyat yoldaşı Xanım Məmmədovanı elə şöbədəcə odlu silahdan atəş açmaqla qətlə yetirib. Onun barəsində Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Oktyabrın 1-də İsmayıl Məmmədov vəzifəsindən azad edilərək daxili işlər orqanlarından xaric edilib.
Əslində polisin odlu silahdan istifadə etməsi və özünə xətər yetirməsi ilə bağlı xəbərlərə nadir halda rast gəlirik. Hətta cinayətkarın saxlanılması zamanı polis odlu silaha əl atmaz, haradasa cinayət hadisəsi baş verərkən atışma barədə az-az məlumat yayılar. Axtarış sistemi odlu silahla bağlı ildə cəmi bir neçə məlumat təqdim edir. Polisə hücum halları isə demək olar, baş vermir.
Cari il üzrə bir məlumat da üzə çıxır. Qax Rayon Polis Şöbəsinin əməkdaşı Hacıməhəmməd Hətəmov may ayında rayonun Çüdüllü kəndi ərazisində hücuma məruz qalıb. Polis nəfəri kəndə əllərində ov tüfəngi olan iki nəfərin kimliyini araşdırarkən naməlum şəxslər ona tüfəngdən atəş açıblar. Nəticədə polis əməkdaşı əlindən yaralanıb. Başqa belə hal 2021-ci ildə baş verməyib.
Azərbaycanda odlu silahla törədilən hadisəyə çox az rast gəlirik
Polisin də atəş açması barədə bir xəbər var. Hadisə mart ayında baş verib. Yol polisinin əmrinə tabe olmayan üç şəxs idarə etdikləri avtomobillə aradan çıxmağa cəhd ediblər. Nəticədə polis bir dəfə xəbərdarlıq atəşi açıb, daha sonra avtomobilin təkərinə və qapısına atəş açıb. Sürücü Vüsal Səmədov, arxa oturacaqda olan Abid İsmayılov və Əmrah Əhmədov saxlanılıb. Əmrah Əhmədov güllə yarası aldığından xəstəxanaya yerləşdirilib. Avtomobildən 26 bükümdə heroin və metamfetomin aşkar olunaraq götürülüb.
Bir sözlə, Azərbaycanda odlu silahın tətbiq edilməsi ilə baş verən hallar barmaqla sayılası qədərdir. Hətta polis reydi keçirilən zaman aşkarlanan qanunsuz silah adətən ya qeydiyyatda olmayan ov tüfəngi, ya sovetdən qalmış köhnə tapança, ya da uzaqbaşı, köhnə Kalaşnikov avtomatı olacaq. Yanında 5-6 güllə ya ola, ya olmaya. Heç polisin özündə də elə bir ciddi silah yoxdur. Tapançadan başqa odlu silah olmur.
© Sputnik / Irade JELILПистолет и боеприпасы к нему, фото из архива
Пистолет и боеприпасы к нему, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.11.2021
Пистолет и боеприпасы к нему, фото из архива
Azərbaycanda baş verən cinayətlərin statistikasına nəzər yetirsək, odlu silahla törədilən hadisələrə çox az rast gələrik, çünki ölkədə bu prosesə ciddi nəzarət var. Heç ov tüfəngini belə almaq asan məsələ deyil, gərək ovçu olasan, həkimdən kağızın ola, cinayət törədilməsində əlin olmasın. Bir sözlə, ağlın-başın yerində olmalı, qanuna zidd əməl isə törədilməməlidir. Açıq satışda hər hansı bir silahı almaq mümkünsüzdür. Özünü müdafiə məqsədi üçün DİN-ə müraciət etməklə tapança əldə etmək olar, amma özünlə gəzdirmək, haradasa atəş açmaq mümkün deyil. O dəqiqə müsadirə ediləcək. Hətta qanuna görə, odlu silah xüsusi qapalı seyfdə bağlı vəziyyətdə qorunmalıdır, çünki açıq halda başqa insanın əlinə düşə bilər, ya uşaq bilməməzlikdən götürüb atəş açar.
ABŞ-da polis də silah tətbiq edir, qarşı tərəf də
Hər ölkədə bir qanunvericilik var. Azərbaycan da belə qanunla yaşayır. Yəni ölkədə odlu silahla cinayətin səviyyəsi çox aşağıdır. Hətta qanunu pozan vətəndaşa polis də o dəqiqə atəş aça bilməz. Əvvəlcə havaya xəbərdarlıq atəşi açılmalıdır, sonra qanun pozucusuna.
Ölkə var, orada polis əvvəlcə atəş açır, sonra “əlləri yuxarı qaldır” deyir. Belə bir deyimi ABŞ barədə deyirlər. Bu ölkədə hamı polisdən qorxur, polisin əmrinə tabe olmamaq ən qatı cinayət hesab olunur. Hadisə yerindən qaçan şəxsə polis heç bir vicdan əzabı olmadan atəş açacaq. Vətəndaş-polis münasibəti ABŞ-da çox qəribə formalar alır. Əgər polis qanunu pozarsa, özbaşınalığa yol verərsə, burada qarmaqarışıqlıq da yarana bilər. Xüsusilə qaradərili insanların sıx yaşadığı regionlarda qarşıdurma da çox olur. Polis də silah tətbiq edir, qarşı tərəf də.
ABŞ-da müxtəlif mənbələrin verdiyi məlumata görə, vətəndaşlarda haradasa 250-270 milyon odlu silah var. Yəni 330 milyon əhaliyə bu qədər silah nəyə lazımdır? Bəlkə özləri də bilmirlər. Orta hesabla odlu silahın tətbiqi nəticəsində ölkədə hər il 10 mindən artıq insan ölür. Hətta bu çox aşağı göstəricidir. 2016-cı ildə bu göstərici 11 min olub. Pandemiya dövründə isə odlu silahla törədilən qətllərin sayı xeyli yüksəlib. Yəni odlu silahdan ildə 10 min nəfər də ölə bilər, 15 min də. Ölkədə bu adi hal kimi qəbul edilir. Polisdə olan silah və vətəndaşlarda toplaşan arsenal elə işsiz qala bilməz ki.
© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidАКВ-521 с дополнительным коротким стволом концерна "Калашников"
АКВ-521 с дополнительным коротким стволом концерна Калашников - Sputnik Azərbaycan, 1920, 29.11.2021
АКВ-521 с дополнительным коротким стволом концерна "Калашников"
200 dollara ən adi tapançanı əldə edə bilərsən
ABŞ-da konstitusiyaya edilən ikinci əlavəyə görə, hər bir vətəndaşın silahı əldə etmək, özünü müdafiə məqsədilə tətbiq etmək hüququ var. Özü də silah almaq burada çox sadə bir məsələdir. Hər yerdə silah alveri ilə məşğul olan obyektlər var. 200 dollara ən adi tapançanı ələdə edə bilərsən, amma ürəyin istəsə, snayper tüfəngi, qiyməti 1500 dollara olan avtomatik silah, pulun bəs edəcək qədər güllə də ala bilərsən. Həm də odlu silahın əlçatanlığı özünə qəsd etmək istəyənlər üçün də böyük imkanlar yaradır. 2016-ci ildə odlu silahdan ölən 11 min nəfərdən 5500 nəfəri, yəni yarısı özünə qəsd edənlərdir.
ABŞ üzrə ən silahlı ştat Texas hesab edilir. Burada elə 100 il öncə də eyni vəziyyət olub, indi də silah əldə etmək, gəzdirmək bir fəxr edici iş sayılır. Küçədə avtomatla gəzsən belə, bu qəbahət sayılmır. Sadəcə, Texasda qeyri-qanunu silah məsələsində çox ciddi məhdudiyyət var. Odlu silah rəsmi yolla, lisenziyası olan dükandan əldə edilməlidir. Əks halda, ciddi problem yarana bilər.
Kodi Vilson dünyanın ən təhlükəli 15 insanı siyahısına daxil edilib
ABŞ-da qeyri-qanuni silah da almaq problem doğurmur. Yüzlərlə şirkət silahın ayrı-ayrı hissələrini satır deyə elə evdə sifariş etməklə bu detalları alıb silahı quraşdırmaq olar. Hansı modeli deyirsən, poçtla evə gətizdirmək olar. Sonra da qeydiyyatda olmayan bir silahı yığa bilərsən. Silahla bağlı ABŞ-da olan liberal qaydalar, yəqin dünyanın heç bir yerində yoxdur. Məsələn, ABŞ hökuməti uzun illərdir Kodi Vilson adlı bir şəxslə mübarizə aparmağa çalışır. O isə bütün məhkəmələrdə qalib çıxır. Bir kiçik şirkət yaradıb, burada silah detallarını yığır, həm də silah detalları istehsal edən 3D printerləri açıq-aşkar satır. Yəni bu şəxsin işi budur. “Wired” jurnalı onu dünyanın ən təhlükəli 15 insanı siyahısına daxil edib.
© AFP 2023 / JIM WATSON Офицер полиции США, архивное фото
Офицер полиции США, архивное фото - Sputnik Azərbaycan, 1920, 29.11.2021
Офицер полиции США, архивное фото
Nə bir kəsdən qorxur, nə də qanunu pozur. Qanuna görə, onun hərəkətlərində bir uyğunsuzluq yoxdur. Kodi Vilsonun qapısında bir böyük növbə var, onun 3D printerlərini almaq üçün kimsə yeri gəlsə, lap 1il də gözləməyə hazırdır. Vilson 2013-cü ildə bu printerin köməyi ilə tapançanı hazırlamaq üzrə təlimatı ilk dəfə 2013-cü ildə internetə yerləşdirib. ABŞ hökuməti bunu qadağan etməyə çalışsa da, bir şey alınmayıb. Vilson hökumətə qarşı məhkəməni udub. O, hökumətin onun özünü ifadə etmək azadlığına qarşı çıxdığını iddia edib. Özü də hökumətin bunun qarşısını almaqda aciz olduğunu deyir.
Silah istehsalçıları və alverçiləri lobbisi ABŞ-da çox güclüdür. Heç bir siyasətçi də bu lobbiyə və insanların azad olaraq silah əldə etmək hüququna qarşı çıxmaq istəmir, çünki növbəti seçkidə taleyi acınacaqlı olacaq. Heç bir halda istədiyi səsi toplaya bilməyəcək. Bu səbəbdən hətta silahın törətdiyi bütün problemləri anlayan siyasətçi və ya dövlət başçısı belə, bir addım atmaqda acizdir.
20 minə yaxın adam odlu silahdan ölüb
Vəziyyəti dəyişmək olduqca çətindir. Özü də ABŞ üzrə 2021-ci ilin göstəriciləri daha qorxuludur. 138 uşaq, 537 yeniyetmə bu il odlu silahın qurbanı olub. 20 minə yaxın adam odlu silahla baş verən insidentdə həlak olub, onların yarısı özünə qəsd edənlərdir. 1000 atəş təsadüf nəticəsində baş verib. Özü də ABŞ-da baş verən kütləvi güllələnmə halları heç vaxt səngimir. Əlinə silah alıb məktəbdə, insanların kütləvi toplaşdığı yerlərdə atəş açan o qədər manyak var, sayı-hesabı bilinmir. Hər kütləvi qırğından sonra silaha nəzarətin güclənəcəyi barədə təkliflər verilir, amma heç biri yerinə yetirilmir.
Müqayisə üçün ABŞ-a qonşu olan Kanadanı götürmək olar. Bu ölkənin həm əhalisi azdır, həm də əldə olan silahın sayı. 38 milyonluq əhalidə haradasa 7 milyon odlu silah var. Silah əldə etmək çətin deyil, amma ölüm və qətl halları da nadir halda baş verir. Yəni 2020-ci ildə Qabriyel Vortmanın törətdiyi və 22 nəfərin həyatına son qoyan kütləvi qırğına cavab olaraq Kanada hökuməti artıq hücum üçün istifadə edilən avtomat və tüfənglərin rəsmi satışını ölkədə qadağan edib. Yəni ABŞ-a nisbətən daha operativ və doğru yanaşma var. Kanadada odlu silaha yanaşma da fərqlidir, daha ciddi nəzarət mexanizmi qurulub. Yan-yana iki ölkədir, birində qanlı hadisələrin sayı-hesabı bilinmir, digərində isə bir ölümün baş verməsi milli faciə kimi qəbul edilir.
Azərbaycanda mövcud olan nəzarət sistemi hər bir kəsi sevindirməlidir, çünki odlu silaha meyillilik, onun nəzarətsiz istehsalı, satışının yalnız bir nəticəsi var: insan ölümü. Əgər bizdə ehtiyatsız davranma nəticəsində 2021-ci ildə bir şəxs dünyasını dəyişibsə, əhali sayına nisbətdə götürəndə ABŞ-da bu göstərici 35 dəfə çoxdur. Min nəfərdən çox insan ehtiyatsız davrandığına görə ölüb. Silah varsa, deməli bir gün atəş açacaq.
Həmçinin oxuyun:
“Deepfake” texnologiyası: “əsaslı yalan” qarışıq dünyanı bir az da qarışdırıb
Səhrada cənnət: dəniz suyu təmizlənir, balıq da yetişdirilir, zeytun da
Xəbər lenti
0