Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Feyk xəbər, feyk müəllim, feyk pul, feyk həyat...

© AFP 2023 / MIGUEL SCHINCARIOLFake news
Fake news - Sputnik Azərbaycan, 1920, 01.11.2021
Abunə olmaq
Təhsil ocağını tərk edən feyk məzun feyk xəbərin istehlakçısına çevrilir. Bir müddət sonra o, belə xəbərləri həm həzm etməyə, həm paylaşmağa, həm də yeri gəlsə, yaratmağa hazırdır. Təki pulu gəlsin.
Feyk xəbər anlamı günümüzdə ən çox səsləndirilən ifadədir. Yalan xəbərə inanmamaq, informasiyanı yalnız etibarlı mənbədən əldə etmək barədə daim televiziya kanalları, sosial mediadan, müxtəlif internet resurslarından məlumat əldə edirik. İnformasiya müharibəsi şəraitində uzun müddət yaşadığımızdan bəzən həqiqətin harada gizləndiyini belə duya bilmirik. “Xəbər harada yaranıb, onun ilkin mənbəyi kimdədir” suallarını daim özumüzə veririk.
İnandı, inanmadı feyk xəbəri oxuyacaq
Gənc jurnalistlərə tədris edilən akademik dərslər, həmçinin müxtəlif təşkilatların keçirdiyi təlimlərdə yalan və doğru xəbər barədə dayanmadan danışılsa da, real həyatda mətbuata işləməyə gələn şəxsin qarşısında cavabı olmayan xeyli dilemma yaranır. Jurnalist nə qədər çalışsa da, yalını doğrudan, uydurmanı faktdan ayırmaqda çətinlik çəkir. Universitet müəllimlərinin təqdim etdiyi sxemlərin heç biri özünü doğrultmur. Yalan çox böyük bir gəlir mənbəyinə çevrilərək sənaye miqyasında ölkə və qitələri zəbt edib.
Yalan xəbərlərin niyə həyatımıza ayaq açması müxtəlif səbəblərlə izah edilir. Ekspertlərin bir hissəsi bunu feykin daha çox cəlbedici, qeyri-adi olması ilə əlaqələndirir. Yəni insan hər bir zaman bir möcüzə baş verəcəyinə, hansısa bir gözəgörünməz qüvvənin köməyi ilə həyatını dəyişəyinə inanır. Haradasa bir orijinal, amma yalan bir başlıq gördüsə, mütləq ora yönələcək. İnandı, inanmadı feyk xəbəri oxuyacaq.
Jurnalistikadan dərs deyən birisi isə mətbuatda çalışmayıb
Bu fikirlə qismən razılaşmaq olar. Axı hər birimiz uşaqlıqdan möcüzə ilə dolu nağıl, əhvalat dinləməyi, super qəhrəmanın dünyanı xilas etdiyi rəngarəng animasiya filminə baxmağı çox sevirik. Həyatımız başdan-ayağa uydurma hadisə ilə doludur.
Növbəti mərhələdə Hollivud filmlərinə keçid alırıq. Ulduz aktyor Arnold Şvartseneggerin ifasında çəkilən filmdə onun bir avtomatla nəhəng düşmən ordusunu məhv etməsi bizə zövq verir. Müxtəlif yalançı məhəbbət romanları, detektiv hadisələr, fentezi üslubunda yazılmış kitablar da yalan üzərində qurulub. Bizi narahat edə, düşündürə biləcək istənilən kitab adətən maraq doğurmur, çünki insan beyni bir çox halda tənbəllik edir, analiz etmək, özünü işə verməkdən qaçır. Yalanla dolu istənilən əsər isə həmişə bazarda satılan bestsellerə çevrilir.
Feyk xəbərə meyilli olmağımızın başqa səbəbləri də var. Belə münasibət təhsil sistemində çalışan insanlara bağlıdır. Həm orta, həm də orta məktəbdə qarşılaşdığımız müəllimin bir çoxu tədris etdiyi fənni dərindən bilmir. Daha doğrusu, həmin müəllim şagirdə və ya tələbəyə verdiyi biliyi özü həyatda tətbiq edə bilməyib.
Dil və ədəbiyyatdan dərs deyən birisi heç vaxt kiçik bir hekayə yazıb onu dərc etməyib, şeirin ən müxtəlif formalarından saatlarla danışsa da, poeziyadan yalnız nəzəri biliyə malikdir. Tarix müəllimi həyatında bir dəfə də olsun arxeoloji ekspedisiyaya getməyib. Jurnalistikadan dərs deyən birisi isə mətbuatda çalışmayıb. Nə xəbər yazıb, nə reportaj hazırlayıb, nə küçə sorğusuna çıxıb. Əgər çıxıbsa belə, bu epizodik bir hadisə kimi yaddaşında qalıb.
“Get əzbərlə, gəl danış” prinsipi hökm sürür
Əgər orta məktəb təhsilində şəxsi təcrübəsi olmayan birisinin mövcudluğuna birtəhər dözmək olarsa, ali təhsil ocağında belə müəllimin dərs deməsi faciədir. İqtisadiyyatdan dərs deyən birisi nə mühasib, nə marketoloq, nə də real iqtisadiyyatın bir qolunda çalışmayıbsa, onda onun tədris etdiyi fənnin tələbə üçün heç bir mənası yoxdur.
Azərbaycanda bu vəziyyət daha dərin formalar alıb. Hansı tələbəni dindirsən, deyir müəllimə sual veririk, “bilmirəm, kitabdan əzbərləyib danışın” cavabını eşidirik. Darıxdırıcı mühazirələrin, darıxdırıcı bir formada keçirilən fənlərin effekti də olmur. “Get əzbərlə, gəl danış” prinsipi hökm sürür. Tədris etdiyi nəzəri biliyi həyatında praktik tətbiq etməyən müəllim də elə “feyk müəllim”dir.
Uşağı üzgüçülük hovuzuna aparıb məşqçiyə təhvil verəndə qarşımızda olan şəxsin nəzəri biliyi bizi maraqlandırmır, çünki o, üzməyi bacarmalı, bunu digərinə öyrətməlidir. Belə yanaşma həmçinin dərziyə, saç ustasına, bənnaya münasibətdə də eynidir. Dərzi tikməyi, bərbər saç kəsməyi, bənna isə divar hörməyi bacarmalıdır. Onların hər hansı bir nəzəri biliyinin olması vacib deyil. Bəs jurnalistikanı tədris edən, amma mətbuatda çalışmayan birisinə övladımızı niyə etibar etməliyik?
Olmasın jurnalistika, olsun tarix, kimya, fizika, riyaziyyat, ingilis dili. Heç vaxt dil mühitində olmayan birisi uşağa bu ingilis dilini necə öyrədəcək? Ölkədə müxtəlif istiqamət üzrə xeyli regionşünaslıq fakültəsi var. Polşa, ABŞ, Çexiya, Rusiya üzrə mütəxəssis yetişdirilir. Bu tələbəyə dərs deyən müəllim nə ABŞ-da olub, nə də Polşada. Diplomu əlinə alan tələbə də Çexiya və ya Rusiyada olmayıb. Heç ixtisaslaşdığı ölkənin dilini də əməlli-başlı bilmir.
Feyk müəllimlə feyk tələbə tandemi
Feyk müəllim elə feyk tələbə ilə çalışır. Sonra da feyk məzun və feyk mütəxəssis yaranır. Elə jurnalistika fakültələrində beynəlxalq münasibətlər üzrə jurnalist hazırlanması nəzərdə tutulub, tədris də ingilis dilindədir. Amma nə tələbənin, nə də müəllimin ingilis dilində tələb olunan səviyyəsi yoxdur. Hər iki tərəf zəif olduğunu anlayır, bir-birini yola verir. Feyk müəllimlə feyk tələbə tandemi yaranır.
Təhsil ocağını tərk edən feyk məzun feyk xəbərin istehlakçısına çevrilir. Bir müddət sonra o, belə xəbərləri həm həzm etməyə, həm paylaşmağa, həm də yeri gəlsə, yaratmağa hazırdır. Təki pulu gəlsin. Amma bir məsələdən də xəbərsizdir. Aldığı pul da feyk pullardır. O pulun heç bir gücü-qüvvəsi yoxdur, bu günün pulunu nə toplamaq olar, nə də bir yerə yatırım etmək.
İllərdə qazandığını bir gündə itirə bilərsən. Azərbaycan manatı bir yana qalsın, hətta dünyanın möhkəm valyuta kimi qəbul etdiyi dollar və ya avro da yararsızdır. Yalançıdır, feykdir. Hazırda dünyanın pulu çoxdan feyk puldur, çünki arxasında heç bir real aktiv yoxdur.
İngilisin funtu da, Amerikanın dolları da yalançıdır
Hələ 100-150 il öncə dünyada tanınan pul Böyük Britaniyanın funt sterlinqi idi. Britaniya imperiyası o zaman ən varlı ölkə sayılırdı, pulunun arxasında real iqtisadiyyat, real qızıl ehtiyatı vardı. Onun puluna da etibar edilirdi. Qızıl yığdın, ya ingilisin pulunu, fərqi yox idi. Bu gün etibar ediləsi pul qalmayıb. İngilisin funtu da, Amerikanın dolları da, Avropa Birliyinin avrosu da yalançıdır. ABŞ-nin dünyaya olan borcu artıq 29 trilyonu ötüb.
Ümumi dövriyyədə arıq kvadrilyonla pul və lazımsız “qiymətli” kağız dövran edir. Aksiya, derivativ, obliqasiya, veksel, svop kreditlər, daha nələr bazarda satılıb alınır. Bəzən bir qiymətli kağızın üzərində onlarla maliyyə piramidası qurulur. Dünyanın bank-maliyyə sistemi nəhəng bir kazinonu xatırladır. Feyk pul dövranı dayanmadan artır, amma bir gün bu sistem dağılmağa məhkumdur. Feyk xəbərlər, feyk filmlər, feyk müəllimlər bu feyk sistemin hələ də yaşamasına xidmət edir.
Hərə bacardığı bir formada feyk istehsal edir
Bir sözlə, həyatımız başdan-ayağa feyklə doludur. Kimsə maliyyə kazinosunda, kimsə də xəbər meydanında çalışır. Hərə bacardığı bir formada feyk istehsal edir. Hətta feyk və yalan barədə məlumat verən, kitab yazan onlarla insan gündəmi zəbt edir. Məsələn, Rayan Holideyin “Mənə inanın, mən yalan deyirəm” əsəri dünyada ən çox satılan 5 kitab arasında yer alıb.
Peşəkar manipulyator kitabında hər gün yalanla məşğul olduğunu, müxtəlif KİV, bloqçu, reklam şirkəti, informasiya ötürücüsünün köməyi ilə insanları aldatdığını qeyd edir. Holidey hətta öz-özünü də aldatmağa hazırdır, yeri gəlsə, hazırladığı reklam lövhələrini də məhv edəcək. Təki bu hadisə informasiya formasında virtual məkanda gəzişə bilsin.
Yaşadığımız zamanda Holidey kimiləri feyk istehsalı ilə məşğul olduğunu inkar belə etmir, təki işi getsin. Bu barədə kitab yazıb pul qazanırlar. Yəni bacarana can qurban, bacarırsan, sən də bu işə qoşul. Bir sözlə, yalan, feyk xəbərin yayılması elə bizim feyk həyatda yaşamağımızın ilk göstəricisidir.
Kimsə feyk ssenarini yaradır, kimsə də bu plana uyğun gününü keçirməyə məhkumdur. Yalanı qəbul etməyən, həqiqəti axtaran insan da az deyil, sadəcə bütün informasiya kanalları feyklə dolu olduğundan doğru xəbəri cəmiyyətə çatdırmaq mümkünsüz olub. Kimə lazımdırsa, o, doğru xəbər, əsil müəllim, real aktiv axtarışına çıxır, qalanları yalanı həzm edib üstündən su içməklə yaşayır. Nəyisə dəyişmək olmur.
Müəllifin fikri ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər
Xəbər lenti
0