Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İnterneti olmayanlar virtual məhkəmələrə necə qoşula bilərlər?

© Official website of President of Azerbaijan RepublicBakıda məhkəmə zalı, arxiv şəkli
Bakıda məhkəmə zalı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.10.2021
Abunə olmaq
Cinayət mühakimə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 51-2-ci maddəsində nəzərdə tutulub.
BAKI, 7 oktyabr — Sputnik. Koronavirus pandemiyası məhkəmələrin də işinə təsirsiz ötüşməyib. Pandemiya səbəbindən hələ ötən ilin aprel ayından Azərbaycanda əksər məhkəmə prosesləri təxirə salınmışdı. Dünən isə Azərbaycan Respublikasının Ali Məhkəməsi ölkədə koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan əlavə tədbirlər haqqında məlumat yayıb.
Ali Məhkəmənin məlumatına görə, 2021-ci il 11 oktyabr tarixindən məhkəmə binalarına daxil olan, habelə qapalı məkanlarda keçirilən prosessual hərəkətlərdə bilavasitə iştirak edən bütün şəxslərdən COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) və ya əks göstəriş sertifikatının (COVID-19 infeksiyası əleyhinə peyvəndə əks göstəriş sertifikatı) olması tələb ediləcək.
Barəsində qətimkan tədbirinin seçilməsi və inzibati həbs tənbeh növünün tətbiqi məsələsi həll olunan şəxslər COVID-19 pasportu və ya əks göstəriş sertifikatı olmadığı hallarda onların məhkəmə iclaslarında iştirakları videokonfrans əlaqə sistemindən istifadə edilməklə qoşulacaq. Bu mümkün olmadıqda və ya həmin şəxslərin məhkəmə iclasında şəxsən iştirakı zəruri olduğu hallarda onların sanitar-gigiyenik və tibbi-profilaktik qaydalara ciddi riayət etmək şərti ilə bilavasitə iştirakları təmin olunacaq.
COVID-19 pasportu və ya əks göstəriş sertifikatı olmayan şəxslərin məhkəmə iclaslarında iştiraklarının videokonfrans əlaqə sistemindən istifadə edilməklə iştirakı müəyyən suallara yol açıb. Ölkəmizdə paytaxt daxil olmaqla bütün bölgələrdə hələ də internetlə təmin olunmayan sakinlər var.
Bəs görəsən belə şəxslərin məhkəmələrdə videokonfrans əlaqə sistemi ilə iştirakı necə baş tutacaq? Ümumiyyətlə Ali Məhkəmənin ölkədə COVID-19 infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə hazırladığı yeni qaydalar məhkəmələrin işinə necə təsir edəcək?
Pandemiya məhkəmələrdə baxılan işlərin sayını azaldıb...
Ali Məhkəmədən Sputnik Azərbaycan-a bildirilib ki, Ali Məhkəmənin icraatında 2020-ci ildə 2019-cu ilə nisbətən az iş olub. Bu səbəbdən baxılmış işlər - Mülki Kollegiyada 34,6 faiz, Kommersiya Kollegiyasında 47,4 faiz, İnzibati Kollegiyada 29,5 faiz, Cinayət Kollegiyasında 41 faiz azalıb. Ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 29,9 faiz azalıb. Plenumda 2019-cu ildə 21 işə baxıldığı halda, 2020-ci ildə cəmi 16 işə baxılıb. Ümumiyyətlə Ali Məhkəməyə edilən müraciətlərdə də azalma müşahidə olunub. Bütün bu azalmalar Azərbaycanda indi də davam edən pandemiya şəraiti ilə əlaqələndirilir.
Yaşamaq hüququ bütün hüquqlardan üstündür...
Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Ali Məhkəmənin qəbul etdiyi qərar insanların sağlamlığının qorunması istiqamətində pandemiya dövründə verilən qərarlardan biridir. Ə.Nuriyev deyir ki, hər bir vətəndaşın konstitusion hüququdur ki, sağlam ətraf-mühitdə yaşasın:

"Bu zaman bəzi hüquqların konflikti meydana gəlir. Bir tərəfdə məhkəmədə çıxışla bağlı hüquqlar yer alırsa, digər tərəfdə də insanların sağlamlıq hüququnun qorunması məsələsi meydana çıxır. Bu zaman hansı hüququn təmin olunması sualı ortaya çıxır. Təbii ki, biz bu zaman yaşamaq hüququnu əsas götürməliyik. Çünki insanın yaşamaq hüququ fundamental hüquqdur. Ona görə də Ali Məhkəmə qərar qəbul edərkən yaşamaq hüququnu əsas götürüb".

Ədalət mühakiməsinin keyfiyyəti dəyişəcəkmi?
Ə.Nuriyev deyir ki, Mülki Prosessual Məcəlləyə dəyişikliklə tərəflər məhkəmə zalına gətirilmədən virtual formada məhkəmə prosesində iştirak edə bilər:

"Amma müəyyən mənada bu qərar ədalət mühakiməsinin keyfiyyətinə təsir göstərəcək. Amma bütövlükdə şəxsin məhkəmədə iştirak hüququnun təmin edilməməsindən daha yaxşıdır. Ona görə də insanların vaksinasiya prosesi sürətləndirilməlidir".

Məhkəmələr vətəndaşların qayğısına qalmalıdır...
Ekspert deyir ki, məhkəmə prosesi vətəndaşın iştirakı mümkün olmadığı halda təxirə salınır. Ə.Nuriyevin sözlərinə görə, əgər vətəndaş COVID-19 pasportu olmadığından məhkəmədə təkrar iştirak edə bilmirsə, o zaman onun məhkəmə iclasına onlayn qoşulması elə məhkəmənin özü tərəfindən təmin olunmalıdır:

"Ədliyyə Nazirliyinin yerli regional şöbələri var. Məhkəmə bu zaman həmin şəxsin qayğısına qalaraq həmin şöbələrdə onun məhkəməyə qoşulmasını təmin etməlidir. Digər alətlər tapılaraq vətəndaşa təqdim olunmalıdır".

Onun sözlərinə görə, yeni məhkəmə komplekslərində elektron məhkəmə sistemi işləyir və onlar vətəndaşlara, şahidlərə məhkəmədə onlayn iştirak imkanı yarada bilərlər.
Onlayn məhkəmədə səsin və görüntünün keyfiyyəti də normal olmalıdır...
Vəkil Rəşad Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, cinayət mühakimə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 51-2-ci maddəsində nəzərdə tutulub:

"Cinayət mühakimə icraatında prosessual hərəkətlər aşağıdakı hallarda şübhəli və ya təqsirləndirilən şəxs, mülki iddiaçı, mülki cavabdeh, zərər çəkmiş şəxs, zərər çəkmiş şəxsin və təqsirləndirilən şəxsin hüquqi varisi, xüsusi ittihamçı, onların qanuni nümayəndələri və nümayəndələri, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi, şahid, ekspert, mütəxəssis, tərcüməçi, yaxud məhkumun bilavasitə iştirakı olmadan videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilə bilər. Həmin şəxslərin həyatı və sağlamlığı üçün real təhdidlər olduqda onların təhlükəsizliyinin təmin edilməsi, habelə onlara kənar təsirlərin qarşısının alınması zərurəti yarandıqda, həmçinin səhhətinin vəziyyəti, digər üzrlü səbəblər onların müvafiq icraatda bilavasitə iştirakını qeyri-mümkün etdikdə, yetkinlik yaşına çatmayan şəxsin mənafeyinin qorunması zərurəti yarandıqda, təbii və ya texnogen qəzalar, epidemiya, fövqəladə vəziyyət və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində şəxslər müvafiq icraatda bilavasitə iştirak edə bilmədikdə tətbiq edilir. Prosessual hərəkətlər videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirildikdə tətbiq edilən texniki vasitələr səsin və görüntünün keyfiyyətini və real vaxt rejimində ötürülməsini, cinayət mühakimə icraatının aşkarlığı və digər əsas prinsip və şərtlərinə riayət edilməsini, habelə informasiya təhlükəsizliyini təmin etməlidir".

Videokonfransla məhkəmədə videoyazı elektron daşıyıcıda cinayət işinə əlavə edilməlidir...
R.Əliyev deyir ki, videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilən prosessual hərəkətlərin videoyazısı aparılmalı, prosessual hərəkətlərin nəticəsinə dair videoyazıya uyğun olaraq protokol tərtib edilməli və videoyazı elektron daşıyıcıda cinayət işinə əlavə edilməlidir:

"2021-ci il 11 oktyabr tarixindən məhkəmə binalarına daxil olan, habelə qapalı məkanlarda keçirilən prosessual hərəkətlərdə bilavasitə iştirak edən bütün şəxslərdən COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) və ya əks göstəriş sertifikatının (COVID-19 infeksiyası əleyhinə peyvəndə əks göstəriş sertifikatı) olması tələb edilməsinə gəlincə, bu, pandemiya şəraitində yoluxmanın qarşısının alınması məqsədi daşıyır. Hazırda Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 9 milyona yaxınlaşır və bunun da təxminən yarısı hər iki doza üzrə vaksin olunanlardır və bu rəqəm də hər gün artmaqdadır. Belə ki, Azərbaycanda gün ərzində koronavirus əleyhinə 40-50 min nəfərə vaksin vurulur. Ona görə də məhkəmələrdə iştirak edən şəxslər üçün belə bir məhdudiyyətinin tətbiq edilməsinin xüsusi narahatlıq yaradan hal olmayacağına ümid edirəm".

Məhkəməyə gələn hakimlər də qaydalara əməl etməlidir....
Məlumat üçün bildirək ki, yeni qərara əsasən təqsirləndirilən şəxslər (qətimkan tədbirlərinin seçilməsi məsələsi həll olunan şəxslər istisna olmaqla), azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumlar və Cinayət-Prosessual Məcəlləsinin 51-2.1-ci maddəsində göstərilən digər proses iştirakçılarının COVID-19 pasportu və ya Əks Göstəriş sertifikatı olmadığı hallarda, habelə səhhətinin vəziyyəti onların məhkəmə icraatında bilavasitə iştirakını qeyri-mümkün etdiyi və həmin Məcəllənin 51-2.1.1-51-2.1.4-cü maddələrində nəzərdə tutulmuş digər hallarda prosessual hərəkətlərin, eləcə də icraatın tamamilə və ya qismən videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsinə üstünlük veriləcək.
Hakimlərin, məhkəmə aparatı işçilərinin və vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində, habelə qapalı məkanlarda prosessual hərəkətlərin həyata keçirilməsi zamanı qoruyucu maskalardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunmalıdır.
Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işlərinin aparılması və inzibati binaların qoruyucu-gigiyenik vasitələrlə təchiz edilməsi üçün zəruri tədbirlər görülməlidir.
Xəbər lenti
0