CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident Cəbrayıl rayonu ilə bağlı bir neçə sənəd imzalayıb

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev, arxiv şəkli
Prezident İlham Əliyev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.10.2021
Abunə olmaq
Ölkə başçısı Cəbrayıl şəhər akademik Mehdi Mehdizadə adına tam orta məktəbin və şəhər mərkəzi xəstəxanasının layihələndirilməsi və tikintisi məqsədilə 1 milyon manat vəsait ayırıb.
BAKI, 4 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunmuş Cəbrayıl rayonunda quruculuq işləri və rayonun sosial-iqtisadi inkişafına yönəlmiş bir neçə vacib sənəd imzalayıb. Sputnik Azərbaycan Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin sənədlərdən biri Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması ilə bağlıdır.
Fərmanda Sənaye Parkının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, logistika işinin təşkili, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli çalışmasına və inkişafına kömək edən ərazi olduğu bildirilir.
Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə edilməsi və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (bundan sonra – Agentlik) həyata keçirəcək. Sənaye Parkının fəaliyyətinin təşkili və onun ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulmuş vəsaitdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılır.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Sənaye Parkının fəaliyyəti üçün Cəbrayıl rayonunun Soltanlı kəndi yaxınlığında 200 (iki yüz) hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə Agentliyin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin etmək Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
Ölkə başçısı digər bir sənədlə Cəbrayıl şəhərində 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayırıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
İlham Əliyevin daha bir Sərəncamı ilə Cəbrayıl şəhər 150 çarpayı yerlik mərkəzi xəstəxanasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamdan nəzərdə tutulmuş məbləğdə maliyyələşmənin təmin edilməsi tapşırılıb.
Xəbər lenti
0