SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ombudsman Ermənistanın Gəncəni raket atəşinə tutmasının ildönümü ilə bağlı bəyanat yayıb

© AFP 2023 / BULENT KILICFHN xilasedicisi Ermənistanın Gəncəyə açdığı raket atəşindən sonra yerli sakinlə birgə onun yaxınlarını axtarır, arxiv şəkli
FHN xilasedicisi Ermənistanın Gəncəyə açdığı raket atəşindən sonra yerli sakinlə birgə onun yaxınlarını axtarır, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.10.2021
Abunə olmaq
Ermənistanın müharibə cinayətlərinin qarşısının alınması və cinayətkarların cəzalandırılması istiqamətində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ciddi tədbirlərin görülməməsi həmin şəxslərin insanlıq əleyhinə yeni cinayət əməlləri törətməsinə zəmin yaradıb.
BAKI, 4 oktyabr — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhəri və digər ərazilərini atəşə tutması nəticəsində insan tələfatı və dağıntıların baş verməsinin ildönümü ilə bağlı bəyanat yayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bəyanatda deyilir: "Dünya ictimaiyyətinə məlumdur ki, 2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri atəşkəs rejimini və beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, Azərbaycana qarşı növbəti dəfə işğalçılıq siyasəti həyata keçirmək niyyəti ilə mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini və sosial obyektləri ağır artilleriya qurğularından, aviasiyadan və xüsusi raket sistemlərindən istifadə etməklə intensiv şəkildə atəşə tutub, nəticədə günahsız insanlar qətlə yetirilib. Ötən ilin bu günü - 04.10.2020-ci il tarixində səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri münaqişə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri, qədim tarixə malik, çoxsaylı mədəniyyət obyektləri olan, turizm mərkəzi və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərinə qadağan olunmuş silahlardan istifadə etməklə raket zərbələri endirib".
Bəyanatda qeyd olunur ki, həmin gün Ermənistan tərəfindən Cənubi Qafqazın ən böyük su elektrik stansiyası və su anbarının yerləşdiyi Mingəçevir şəhəri də raketlərlə hədəfə alınıb: "Hərbi əməliyyatların aparıldığı bölgədən çox uzaq məsafədə yerləşən Xızı və Abşeron da eyni gündə Ermənistan tərəfindən hədəf seçilib.
Ermənistan silahlı qüvvələri həmçinin qəsdən və hədəflənmiş şəkildə Beyləqan və Tərtər şəhərlərini, Füzuli rayonunun Horadiz şəhərini, Bərdə, Ağdam, Ağcabədi, Cəbrayıl, habelə mülki əhalinin sıx məskunlaşdığı digər yaşayış məntəqələrini də ağır artilleriya və raketlərdən istifadə etməklə atəşə tutub. Nəticədə dinc əhali arasında çoxsaylı ölən və yaralananlar olub, mülki evlərə, tarixi və mədəni abidələrə, inzibati binalara və digər sosial obyektlərə ciddi ziyan dəyib".
Bəyanatda qeyd olunur ki, tərəfimizdən həmin hücumlardan sonra yerində araşdırmalar aparılıb, əldə edilən nəticələr sənədləşdirilərək hesabat formasında beynəlxalq ictimaiyyətə ünvanlanıb".
Qeyd olunub ki, beynəlxalq humanitar hüquq normaları hərbi əməliyyatların gedişində kombatantlar və mülki şəxslərin, hərbi və mülki obyektlərin aydın şəkildə fərqləndirilməsini tələb etdiyi halda Ermənistan növbəti dəfə beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirərək müharibə cinayətlərinə yol verib: "Təəssüflə qeyd etmək istərdim ki, BMT Nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini, beynəlxalq humanitar hüquq normalarını, Cenevrə Konvensiyalarının, xüsusilə “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Konvensiyanın, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 1954-cü il 14 may tarixli Haaqa Konvensiyasının və insan hüquqları sahəsində digər sənədlərin müddəalarını kobud şəkildə pozmaqla müharibə cinayətləri törətmiş Ermənistanın hərbi-siyasi rəhbərliyi hələ də ədalət mühakiməsi qarşısında cavab verməyib, ağır cinayət əməllərinə görə məsuliyyətə cəlb edilməyib".
Təcavüzkar Ermənistanın törətdiyi müharibə cinayətlərinin qarşısının alınması və cinayət törətmiş şəxslərin cəzalandırılması istiqamətində nüfuzlu beynəlxalq təşkilatlar, beynəlxalq məhkəmələr tərəfindən ciddi tədbirlərin görülməməsi həmin şəxslərin insanlıq əleyhinə yeni cinayət əməlləri törətməsinə zəmin yaradıb: "Çoxsaylı insan tələfatı ilə nəticələnən və yalnız Azərbaycan xalqı üçün deyil, bəşəriyyət üçün faciəvi hadisələrin ildönümü ərəfəsində bir daha dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara müraciət edərək, beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulması ilə müşayiət olunan və mülki əhalinin qətlə yetirilməsi ilə nəticələnən müharibə cinayətlərini qəti şəkildə qınamağa və Ermənistanın hərbi-siyasi rəhbərliyinin hüquqi məsuliyyətə cəlb edilməsi istiqamətində qətiyyətli addımlar atmağa çağırıram”.
Qeyd edək ki, bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.
Xəbər lenti
0