SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Milli Məclis Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təliminə dair sənədi təsdiqlədi

Təlim - Sputnik Azərbaycan, 1920, 30.09.2021
Abunə olmaq
Tərəflərdən biri bu Anlaşma Memorandumunun müddətinin bitməsinə ən azı 90 gün qalmış digər tərəfə diplomatik kanallar vasitəsilə yazılı şəkildə ləğvetmə tələbini göndərmədiyi təqdirdə sənəd növbəti birillik müddətlərə uzadılır.
BAKI, 30 sentyabr — Sputnik. Milli Məclisdə "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair" Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.
Sputnik Azərbaycan xəbər verir ki, Anlaşma Memorandumu 1 il müddətində etibarlıdır və tərəflərdən birinin bu sənədin müddətinin bitməsinə ən azı 90 gün qalmış digər tərəfə diplomatik kanallar vasitəsilə yazılı şəkildə ləğvetmə tələbini göndərmədiyi təqdirdə bu Memorandum növbəti bir illik müddətlərə uzadılır.
Tərəflər bu anlaşma memorandumun ləğvindən sonra da mübadilə edilən məxfi məlumatın və materialın qorunmasına və məxfilik dərəcəsinin ləğv olunmasının qarşısının alınmasına görə məsuliyyət daşımağa davam edirlər.
Sənəddə qeyd edilib ki, Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının heyətini qarşılıqlı olaraq ölkə ərazisinə giriş və çıxış zamanı müvəqqəti olaraq idxal edilən təchizatını və təminat maddələrini gömrük rüsumlarından və digər vergilərdən azad edəcək.
Sənəddə bildirilib ki, birgə təlimdə iştirak edəcək Türkiyə və Azərbaycan xüsusi təyinatlılarının heyəti sağlamlıq baxımından yararlı olmalıdır.
Göndərən ölkə tərəfindən təlimdə iştirak edən bütün heyətə ev sahibi ölkəyə girişdən əvvəl ÜST-ün müəyyən etdiyi zəruri peyvəndlər vurulur və testlər aparılır.
Sənədə əsasən göndərən ölkənin heyəti əvvəlcədən müəyyən edilmiş yerdəyişmə müddəti üçün kifayət edəcək miqdarda dərmanla və ləvazimatla yola düşəcək.
Ev sahibi ölkə yaralanma və ya ölüm halında göndərən ölkəni məlumatlandıracaq. Ölüm halında ev sahibi ölkə göndərən ölkənin siyasətinə riayət edilməsini təmin etmək üçün prosedurlardan və ya yarılmadan əvvəl göndərən ölkə ilə koordinasiya edəcək. Göndərən ölkənin bir təmsilçisi (mümkünsə həkim) yarılma zamanı iştirak etmə və yekun yarılma raportunun bir nüsxəsini əldə etmə səlahiyyətinə malikdir.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra qardaş Türkiyə arasında minlərlə sənəd imzalanıb: "Həmin sənədlərin bəziləri hərbi xarakterli sənədlərdir. Bu yaxınlarda Laçında Azərbaycan və Türkiyə xüsusi təyinatlıları təlim keçirdi. Bundan sonra da Türkiyə və Azərbaycan arasında çox sayda hərbi xarakterli sənədlər imzalanacaq. Keçirilən hərbi təlimlər regionda sülhün, sabitliyin bərqərar olması üçün edilir. Bizim heç kimə ərazi iddiamız yoxdur. Biz istəyirik ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın. Çox təəssüf ki, biz bunu hələ Ermənistan tərəfindən görmürük. Son vaxtlar Ermənistan tərəfindən sərhəddə təxribatlar törədilir. Onlar muxtariyyət və müstəqilliklə bağlı iddialar ortaya atırlar. Prezident İlham Əliyev bu iddialara qəti şəkildə cavab verdi".
Deputatlar Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təliminə dair Anlaşma Memorandumu barədə öz fikirlərini açıqlayıblar, təlimlərin əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, Azərbaycan və Türkiyə strateji müttəfiqdirlər və belə sənədlərin qəbul edilməsi bu münasibətlərin dərinləşməsi baxımından çox önəmlidir.
Qeyd edilib ki, iki ölkə arasında hərbi əməkdaşlığın inkişafı regionda sülhün və təhlükəsizliyin qorunması üçün atılan mühüm addımdır.
Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Xəbər lenti
0