Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920
QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"İzdihamı görəndə bildik ki, müharibəyə gedirik" - Qazilər döyüşlərin ilk günü haqda

© Sputnik / Aleksey Kudenko / Fotobanka keçməkAzərbaycan hərbçiləri, arxiv şəkli
Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.09.2021
Qazilər deyirlər ki, müharibənin başladığını eşidəndə sanki toya gedirmiş kimi hamı həm sevinir, həm də həyəcanlanırdı.
 
BAKI, 27 sentyabr — Sputnik. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücuma keçən Azərbaycan Ordusu 44 gün sürən müharibədə möhtəşəm qələbəyə imza atıb. Vətən müharibəsi adını alan döyüşlərdə iştirak edən qazilərimiz, müharibə iştirakçıları Sputnik Azərbaycan-a müsahibələrində keçirdikləri ağır və keşməkeşli günlərdən bəhs ediblər.
Qazi Zülfüqar Allahyarov ötən ilin bu gününü belə xatırlayır: "26-sı gecə radələrində az-az atəş səsləri gəlirdi. Biz hərbi hissədə olanda düşmənin tez-tez atəşkəsi pozması xəbərini eşidirdik. 27-si səhər saatlarında əmr gəldi ki, əks-hücuma keçirik. Səhər saat 8-də artıq döyüşə girdik. Döyüşə Füzulinin kəndindən başladıq. Oradan da düşmən ordusunu məhv edərək Cəbrayılın Rüzgar kəndinə keçdik. Ən ağır döyüşlər elə burada oldu. Mühasirəyə düşdük, amma çıxmağı bacardıq. Yenidən axşam saatlarında döyüşə girdik. Həmin gün ən böyük acını yaşadım həyatımda. Ən yaxın dostum İsmayılov Elvin düşmən gülləsinə tuş gəldi və şəhid oldu. Bu anda dünya başıma dolandı. Onun nəşini çıxarmaq istəyəndə yanıma minaatan mərmisi düşdü. Ondan sonrasını xatırlamıram. Bir də özümə gələndə gördüm ki, hospitaldayam. Nə başım, nə də əl-ayağım sözümə baxmırdı. Uzun müalicədən sonra ayaqda qalmağı bacardım və bu gün də Vətənimə layiqincə xidmət etməyə hazıram".
Elton Camalov müharibə başlayan zaman hərbi xidmətdə olduğunu deyir: "N saylı hərbi hissənin kəşfiyyat bölüyündə xidmət edirdim. 27 sentyabrda səhər saatlarında həyəcan siqnalı verildi. Bir nəfər kimi hər kəs döyüşə hazır idi. Müharibənin başladığını eşidəndə sanki toya gedirmiş kimi hamı həm sevinir, həm də həyəcanlanırdı. Amma onu deyə bilərəm ki, hamımız yaxşı anlayırdıq ki, qayıtmaya bilərik. Və qayıtmayanlarımız da oldu.
Suqovuşanın, Talış kəndinin azad edilməsində iştirak etdik. Təbii ki, itkilərimiz də oldu. Amma qələbə əzmi bizi ruhdan düşməyə qoymurdu. İrəlilədikcə döyüşmək həvəsi daha da artırdı. Oktyabrın 22-si idi. Suqovuşan uğrunda döyüşlərdə baş və ayağımdan qəlpə yarası aldım. Göyçay rayonunun Mərkəzi Xəstəxanasına aparıldım. Məni 3-4 gün müalicə aldıqdan sonra Bakı şəhərində yerləşən hospitallardan birinə yolladılar. Burada uzun müddət müalicə aldıqdan sonra evə buraxıldım. Hal-hazırda da səhhətimdə bəzi problemlər qalır".
Qazi Sübhan Əlirzayev sentyabrın 27-də səhər saat 6-da hərbi hissədə həyəcan siqnalı verildiyini deyir: "Amma nə baş verdiyini bilmirdik. Bütün komandanlıq hazırlıq vəziyyətinə gətirildi və Qusardan yola düşdük. Yolun kənarına toplaşan izdihamı görəndə artıq anladıq ki, müharibə başlayıb və biz müharibəyə gedirik.
İlk döyüşə Füzuli rayonunda, meşədə başladıq. Həmin ərazidə bir neçə yaralımız və şəhidimiz oldu. Xocavənd uğrunda döyüşlərə qatıldıq. Səhəri gün komandirimiz əmr etdi ki, Qırmızı Bazar istiqamətindəki yüksəklik də götürülməlidir. 7-8 nəfərdən ibarət heyətlə hücuma keçdik. Biz təpəyə qalxdıqca durmadan bizi vururdular. İki hərbçimiz yaralandı. Yaralı yoldaşlarıma kömək etmək istəyəndə ani olaraq nəfəsimin dayandığını hiss etdim. Bu anda sinəmdən qan axdığını gördüm. Düşmən ağaca çıxıb oradan vurmuşdu məni. Yaralı olsam da mən də həmin əsgəri vurdum. O, sürünə-sürünə getmək istəyəndə yenə vurdum. Vurduqca ürəyim soyumurdu. Yoldaşlar düşmənin öldüyünü dedilər. Ondan sonra əl çəkdim".
Belə oğullarımızın sayəsində tarixi zəfər əldə edildi. Biz belə mərd, qorxmaz igidlərlə ömür boyu fəxr edəcəyik.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала