Tehranda Azərbaycan, Türkiyə və İran XİN başçılarının mühüm görüşü gözlənilir

© AFP 2024 / IRANIAN SUPREME LEADER'S WEBSITEВид на Тегеран, фото из архива
Вид на Тегеран, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.09.2021
Abunə olmaq
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian arasında Nyu-Yorkda keçirilən görüşdə xarici işlər nazirlərinin toplantısının keçirilməsinə dair razılıq əldə edilib.
BAKI, 23 sentyabr - Sputnik. Nyu-Yorkda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian arasında görüş keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, məlumatı "Tasnim" agentliyi yayıb.
Bildirilib ki, BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutan görüşdə tərəflər Tehranda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin toplantısının keçirilməsinə dair razılıq əldə ediblər.
Nazirlər regional məsələləri müzakirə edib və qeyd olunub ki, indi iki ölkə arasında məsləhətləşmələrə daha çox ehtiyac var. 
Məlumata görə, Hüseyn Əmirabdullahian İran Prezidenti İbrahim Rəisininin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ölkəsinə dəvət məktubunu Mövlud Çavuşoğluna təqdim edib.
Daha əvvəlki görüşdə nə baş vermişdi?
Qeyd edək ki, sonuncu dəfə 2018-ci ilin oktyabrın 30-da İstanbulda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin VI üçtərəfli görüşü keçirilib. Elmar Məmmədyarov (Azərbaycanın sabiq xarici işlər naziri-red.), Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərif İstanbulun tarixi Dolmabaxça sarayında bir araya gəliblər. Görüşdə İstanbul Bəyannaməsi imzalanıb.
Mövlud Çavuşoğlu üçtərəfli görüşdə qəbul olunan İstanbul Bəyannaməsi barədə deyib ki, burada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü şərti ilə həll olunmasının vacibliyi, eləcə də üç ölkə arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinə dair yeni yolların axtarılması və s. məsələlər əksini tapıb. Bundan başqa, Türkiyə və İranın Bakı şəhərinin 2025-ci ildə ümumdünya sərgisinə namizədliyini tam şəkildə dəstəklədiyini qeyd edən nazir əminliklə bildirib ki, Azərbaycan bu istəyinə nail olacaqdır.
İstanbul Hava Limanının açılışı münasibətilə təbriklərini çatdıran nazir Elmar Məmmədyarov Azərbaycanın ərazi bütövlüyünü dəstəklədikləri üçün hər iki həmkarına səmimi minnətdarlığını ifadə edib. Üç ölkə arasında həyata keçirilən enerji və nəqliyyat dəhlizlərinin əhəmiyyətindən danışan azərbaycanlı nazır bildirib ki, yaxın gələcəkdə Astara (İran)-Rəşt (İran) dəmir yolunun tikintisi gerçəkləşərsə bu, Bakı-Tbilisi-Qars, və Şimal-Cənub dəmir yolları üçün daha böyük perspektivlər yaradacaq.
Görüşün əhəmiyyəti barədə fikir və mülahizələrini bölüşən nazir Məhəmməd Cavad Zərif qeyd edib ki, ölkəsi Dağlıq Qarabağ probleminin beynəlxalq hüququn normaları çərçivəsində həllinə tərəfdardır. Azərbaycan, Türkiyə və İran əməkdaşlıq əlaqələrinin siyasi iradə nəticəsində ortaya çıxdığını deyən iranlı nazir diqqətə çatdırıb ki, münasibətlərin inkişafı bölgədə sülhə, sabitliyə və inkişafa böyük töhfədir.
Məlumata əsasən, üçtərəfli görüş çərçivəsində regional əməkdaşlığın ümumi maraqlar üzrə inkişaf perspektivləri, regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, həmçinin əvvəlki görüşlərdə qəbul olunan qərarların icra vəziyyətinə dair səmərəli fikir mübadiləsi aparılıb. Nazirlər ifadə ediblər ki, tərəflər üçtərəfli əməkdaşlığın genişlənməsi, ortaq maraqların qorunması, yeni-yeni layihələr sayəsində regionun inkişafına töhfələr verməkdə iradəlidir. Vurğulanıb ki, enerji, nəqliyyat və ticarət əlaqələrinin daha da inkişafı üçün növbəti görüşə qədər tərəfləri təmsil edən mütəxəssislərin birgə işləməsinə ehtiyac var. Diqqətə çatdırılıb ki, Azərbaycanın və İranın enerji mənbələri, eləcə də regionun tranzit imkanları üç ölkənin inkişafı üçün böyük potensial yaradıb. Bundan başqa, qarşılıqlı ticarət əlaqələrinin artırılması məsələsi də tərəfləri maraqlandıran ciddi məsələdir.
Xəbər lenti
0