CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclis QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara dəyişiklikləri müzakirə edəcək

© Photo : Milli Mejlis of the Azerbaijan RepublicMilli Məclisin iclası, arxiv şəkli
Milli Məclisin iclası, arxiv şəkli  - Sputnik Azərbaycan, 1920, 16.09.2021
Abunə olmaq
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyası üçün iş planı müzakirə olunub.
BAKI, 16 sentyabr — Sputnik. Cümə axşamı, sentyabrın 16-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyasında ilk onlayn iclası keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, iclası acan Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli əvvəlcə Milli Məclisin 2021-ci il yaz və növbədənkənar sessiyalarında komitədə görülən işlər barədə məlumat verib. 
Əli Hüseynli bildirib ki, hesabat dövründə komitənin 39 iclası keçirilib, 128 məsələyə baxılıb. Komitədə sessiya dövründə 55 qanuna əlavə və dəyişikliklər edilib və 1 qərar layihəsi müzakirə olunub. Bu qərar layihəsi İntizam komissiyasının əsasnaməsidir.  Bildirilib ki, hesabat müddətində komitənin ünvanına daxil olmuş 246 məktub, təklif, ərizə və şikayətin 99-u araşdırılmaq üçün müvafiq təşkilatlara göndərilib. Sessiya ərzində komitə sədri və üzvləri təmsil olduqları parlamentlərarası əlaqələr üzrə işçi qrupları ilə onlayn qaydada görüşlər keçirib, bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə müzakirələr aparıblar, müharibədən sonrakı dövrdə ölkəmizin haqlı mövqeyini  dünya ictimaiyyətinə çatdırıblar.
İclasda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı da müzakirə olunub. Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid bildirib ki, iş planına 2022-ci ilin Milli Fəaliyyət Planından irəli gələn qanun layihələri,  həmçinin QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara əlavə və dəyişiklik edilməsi haqqında bir sıra qanun layihələrinin müzakirəsi, “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişiklik edilməsi və digər məsələlər daxil edilib.
Məlumat verilib ki, qarşıdakı sessiyada Azərbaycan Respublikası Prezidentinin, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri layihələrin, dövlət büdcəsi zərfinə daxil olan sənədlərin, komitəyə daxil olacaq digər qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması nəzərdə tutulub.
Sonra iclasda gündəliyin sonuncu məsələsi olan Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə birinci oxunuşda baxılıb.
Əli Hüseynli bildirib  ki, təklif olunan dəyişiklik səhiyyədə icbari tibbi sığortanın tətbiqi, eyni zamanda onun dayanıqlı maliyyə təminatını yaradan icbari tibbi sığorta haqlarının müəyyən olunması və toplanması ilə bağlıdır. Bununla bağlı Mülki Məcəlləyə düzəliş edilərək, onun 61-ci maddəsi yeni redaktədə verilir. Adları çəkilən digər qanunlarda da müvafiq dəyişikliklər edilir.
Sonra qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
0