Allergiyalı və onkoloji xəstələr də peyvənd olunacaq
13:37 10.09.2021 (Yenilənib: 00:04 17.11.2021)
© AFP 2024 / MARTIN BUREAUЖенщина получает дозу вакцины от коронавируса, фото из архива
© AFP 2024 / MARTIN BUREAU
Abunə olmaq
Mütəxəssis: Peyvənd istehsalçısının instruksiyasında yazılıb ki, kimyaterapiya alan insanlar zəiflədici kimyaterapiyanı 2-4 həftəlik müddətə saxlasınlar. Onlar bu müddət ərzində peyvəndlənməlidir və sonra immunsupresiv kimyaterapiyanı davam etdirməlidir.
BAKI, 10 sentyabr — Sputnik. Son zamanlar əks göstəriş sertifikatının kimlərə və necə verilməsi ilə bağlı çoxsaylı suallar yaranıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinin nümayəndələri əks-göstəriş sertifikatının verilməsi ilə bağlı vətəndaşları maraqlandıran sualları cavablandırıblar.
19 saylı Şəhər Poliklinikasının baş həkimi Aytən Qurbanova bildirib ki, əks-göstəriş sertifikatı almaq istəyənlər xəstəlikləri barədə - həkim rəyi, aparılan müayinələrin nəticələri təqdim etməlidirlər.
"Sənədlər təqdim olunduqdan sonra sənədlər yoxlanılır və qərar verilir ki, həmin şəxs xəstəliyin kəskin dövrünü yaşayırsa, xəstəlik tez-tez təkrarlanırsa, həmin xəstələr üçün peyvənd əks-göstərişdir. Bu halda poliklinikanın daxili nəzarət komissiyasından həmin xəstələrin sənədləri Xüsusi Komissiyaya göndərilir".
Mütəxəssis deyir ki, kəskin allergik xəstəliyi olan xəstələr 2-4 həftə müalicə qəbul etdikdən sonra peyvənd oluna bilərlər. Onun sözlərinə görə, vaksinin hansısa komponentinə qarşı reaksiyası olan şəxslər təsdiqləyici sənəd təqdim etməlidirlər:
"Vaksinin birinci dozasını qəbul edən xəstədə anaflaktik şok, kəskin allergik reaksiyalar əmələ gəldiyi halda bununla bağlı məlumatlar sənədləşdirilir və növbəti vaksinin vurulmaması üçün "Şəxsin vaksinə qarşı kəskin allergiyası yarandı" qeydi yazılır".
O bildirir ki, həkim-nəzarət komissiyası həmin xəstələrin sənədlərini qəbul edir, əsaslı olduğu halda komissiya tərəfindən əks göstərişlər üzrə yaradılan xüsusi komissiyaya təqdim olunur. Həkim-nəzarət komissiyası tərəfindən təsdiqlənərək göndərilən sənədlər Xüsusi komissiyada hansı qaydalarda dəyərləndirilir.
Xüsusi komissiyanın üzvü Sevinc Məmmədova isə deyir ki, peyvəndin vururlmaması üçün ən çox müraciətlər immun xəstəlikləri, allergik və onkoloji xəstəliklərlə bağlı olur:
"Bununla yanaşı hamilə, süd verən qadınlar və epilepsiya xəstəliyi olanlar da müraciət edir".
O bildirir ki, müraciət edən şəxs idarəolunmayan epilepsiya xəstəsidirsə və xəstənin dərman içməsinə baxmayaraq qıcolma tutmaları olursa, bu halda diaqnozu elektroensefaloqramma əsasında yalnız nevropatoloq qoya bilər:
"Lakin kimdə ki, qıcolma olmur, yəni, şəxs xəstəliyin remissiya dövründədirsə, bu zaman bütün dünyada olduğu kimi həmin şəxlsərə "Sinovac" vaksinini vurmaq olar. Xəstələr müayinə və müalicə ilə bağlı terapevt tərəfindən yazılan arayışI təqdim edirlər. Amma bizə onkoloji və allergik xəstəliklər zamanı allerqoloqun, onkoloqun və s. mütəxəssislərin rəyi lazımdır. Müraciət zamanı onkoloji xəstənin müraciət etdiyi dövrdəki vəziyyəti stabildirsə, yəni, onun heç bir limfa düyünlərinə və digər orqanlara metastazı yoxdursa, bu şəxslər üçün o arayış əks göstəriş hesab olunmur. Peyvənd istehsalçısının instruksiyasında yazılıb ki, onkoloji xəstəliyə görə immunsupresiv (zəiflədici) kimyaterapiya alan insanlar zəiflədici kimyaterapiyanı 2-4 həftəlik müddətə saxlasınlar. Onlar bu müddət ərzində peyvəndlənməlidir və sonra immunsupresiv kimyaterapiyanı davam etdirməlidir".
Mütəxəssis deyir ki, bu zaman belə xəstələrə müvəqqəti əks göstəriş sənədi verilir və orada qeyd olunur ki, immunsupresiv kimyaterapiya bitəndən sonra şəxs peyvənd vurdura bilər:
"Bundan başqa, qeyd edim ki, hamiləliklə bağlı sənədlər tam olmadığından bu halda bizim cavabımız neqativ olur və xanımlardan təsdiqedici digər sənədlər tələb olunur".
O bildirir ki, əks göstəriş sertifikatının verilməsi ilə bağlı tibb müəssisələrinə müraciətlərin say çoxluğu, əsassız müraciətlər və göndərilən sənədlərin bəzən düzgün doldurulmaması müəyyən gecikmələrə səbəb olur:
"Qeyd edim ki, Bakı şəhərində iki komissiya fəaliyyət göstərir və hər komissiya həftədə 3 gün sənədləri qəbul edir. Dünən sənədlərin qəbul günü idi və saat 12:00-dan 15:00-dək biz 6 müəssisədən 18 protokol qəbul etdik. Bu protokollarda 473 insanın sənədi var idi. Bu gün 15:00-dan 19:00-dək komissiya 473 insanın sənədini araşdırıb onların uyğun olub-olmaması barədə qərar verəcək".
Həmçinin oxuyun: