CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sənət adamları Operativ Qərargahın qərarına üsyan etdilər: Çörçili yada salan da var

© AFP 2023 / NATALIA KOLESNIKOVABoş teatr səhnəsi, arxiv şəkli
Boş teatr səhnəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.08.2021
Abunə olmaq
Hamı, xüsusən sənət adamları, böyük ümidlə teatr və kinoteatrların açılacağı günü gözləyirdi. Ancaq Operativ Qərargah onların ümidlərini puç elədi.
BAKI, 20 avqust — Sputnik. "Teatrlar açıla bilər. Biz təkliflərimizi vermişik. Bu sahədə pozitiv xəbərlər olacaq. Biz özümüz də teatrların açılmasını səbirsizliklə gözləyirik. Dəqiq tarix deyə bilmərəm, ancaq teatrların bu yaxınlarda açılma ehtimalı var".
Bu sözləri bir müddət öncə mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında bildirmişdi. Hamı, xüsusən sənət adamları, böyük ümidlə teatr və kinoteatrların açılacağı günü gözləyirdi. Amma Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində teatrsevərlərin və sənət adamlarının ümidləri suya düşdü. Sputnik Azərbaycan xəbər verir ki, bir qrup sənət adamı öz etirazını "Facebook" vasitəsilə çatdırıb.
Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Nicat Kazımov öz etirazını belə bildirib: "Yəni doğrudanmı xəstəliyi yalnız teatrlar yayır? Nə futbol, nə ticarət mərkəzləri, nə metro teatr qədər təhlükəli deyil? Əslində isə brifinq keçirənlərin millət üçün teatrın nə qədər lazımlı olmasından xəbərləri yoxdur. Bəsdir bizi səhnədən məhrum etdiniz! Teatrları açın!" 
İllüzionist Çingiz Həziyev teatrların açılmamasını təhlükəli oyun hesab edir. Onun fikrincə, bunun fəsadları çox yaxın vaxtlarda üzə çıxacaq:
"Cəmiyyətdə yalnız manqurtlaşmış kütləni saxlayacaqlar. Düşünən bütün insanlar ölümə məhkum ediləcəklər. Yeni din - COVID-19. Ya səcdə edəcəksən, ya da ölümə məhkumsan deyirlər açıq-aşkar. Və illər sonra gələn nəsillər COVID dövründə yaşayan insanları haqlarının, hüquqlarının ayaqlar altına atılıb alçaldılmasına susduqlarına görə qınayacaqlar. Və deyəcəklər, “Allah sizə rəhmət eləsin, ölülər!””
Aktyor Vüsal Murtuzəliyev bildirir ki, Operativ Qərargahda qərarları qəbul edənlərdə Çörçil düşüncəsi olmadı. Hansı ki, Çörçil müharibənin ən qızğın vaxtında sənədləri imzalayarkən mədəniyyət sahəsinə aid sənəd görməyib və əsəbləşib ki, mədəniyyət olmayacaqsa, bəs biz müharibəni nə üçün aparırıq? Deməli, bir daha sübut edirlər ki, teatr və kino onlar üçün ən axırıncı yerdə olan məsələdir: "Operativ Qərargahın şənbə və bazar günləri nəyə görə ictimai nəqliyyatın işləmədiyini, hələ də teatr və kinoteatrların açılmamasının nala-mıxa vurmadan məntiqi izahını eşitsəm, onda gələcəyə bir balaca ümidlə baxacağam". 
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Sənubər İsgəndərli: "Əgər COVID pasportu ilə hər yerə getmək olursa, niyə teatrlara, kinoteatrlara həmin pasportla getmək olmaz?" - deyə bildirib
Aktyor və ssenarist Azər Aydəmir isə kinoteatrların bağlı qalmasının bu sahənin insanlarına böyük zərbə vurduğunu bildirib. O, ölkənin kinoteatrsız olmasını absurd hesab edir. Onun fikrincə, bu, insanlara böyük zərbədir. Aktyor əlavə edib ki, yeni çəkilən filmlər yığılıb qalıb, heç yerdə göstərilmir. Bu sahə zəncirvari bir-birinə bağlıdır. Filmlər göstərilməlidir ki, qoyulan sərmayə götürülsün, aktyorlar qonorar ala bilsinlər:
"Bu sahənin adamları artıq işlərini dəyişməyə başlayıblar. Çünki dediyim kimi, kinoteatrlar qapalıdır, bu sahə iflic vəziyyətindədir. Sahibkarlar fəal olmalı, haqqını tələb etməlidirlər. Necə olur, toylar və digər sahələrə icazə verilir, amma kinoteatrlar bağlı qalıb? Özəl film sektoru boğulur. Kinoteatrlar həm də insanın rifahını, emosional stabilliyini saxlayan mənəvi alətdir. Ona görə vacibdir!"
Eləcə də oxuyun:
Operativ Qərargahın brifinqi: Sentyabrın 15-dən təhsil əyani olacaq
Valideynlər mütləq vaksin olunmalıdırlar? - TƏBİB və BŞTİ-dən cavab
Həftəsonları ictimai nəqliyyatın hərəkəti bərpa olunacaqmı?
Azərbaycanda növbəti il üçün vaksin tədarükü görülür
Heç bir vaksinin effektivliyi 100 faiz deyil - TƏBİB
Mədəniyyət Nazirliyi qısa tamaşalar festivalına tamaşa qəbulu elan edib
Bakı Dövlət Sirki bölgələrdə çıxış etməyə başlayıb
Xəbər lenti
0