Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Daşlara "ömür" verən sənətkar: "Bəzi sənət əsərləri siyasətin qurbanı olub"

© Photo : Courtesy of Omar EldarovÖmər Eldarov
Ömər Eldarov - Sputnik Azərbaycan, 1920, 15.08.2021
Ömər Eldarov abidələrə çox həssas yanaşmaq lazım olduğunu, onların öz qədimiliyini saxlamasının vacibliyini vurğulayır.
BAKI, 15 avqust — Sputnik. O, incəsənətin ən mürəkkəb növünü seçəndə nə vaxtsa məşhurlaşmaq barədə düşünməmişdi bəlkə də. Sadəcə daxilindəki qüvvənin təsiri altında bu dünyadakı gözəlliyin axtarışına çıxıb onu tapmaq, yenidən yaratmaq istəyib. Söhbət Azərbaycanın Xalq rəssamı, SSRİ və Rusiya Rəssamlıq Akademiyasının, AMEA-nın həqiqi üzvü, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, heykəltaraş Ömər Eldarovdan gedir. Daşlara "ömür" verən sənətkar bu işə erkən yaşlarından başlayıb. Babası Hüseyn kişi də daşyonan olub. Onun peşəsini daha peşəkarlıqla reallaşdıran Eldarovun emalatxanasında sənətkarla həmsöhbət olduq. 1946-cı ildən etibarən bu günə qədər durmadan çalışan sənətkar sənəti və həyatı haqqında Sputnik Azərbaycan-a danışıb: "Mən heykəltaraşlığa yeni başlayanda Azərbaycanda demək olar ki, heykəltaraş yox idi. Müsəlman ölkələrində də qrafika, miniatür sənəti inkişaf etsə də, heykəltaraşlıq sənəti zəif idi. 7-ci sinifi bitirdikdən sonra Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil oldum. 6 il Leninqradda Rəssamlıq Akademiyasında oxumuşam. Sonra Bakıya qayıtdım və işlədim. Xeyli mükafat almışam, yetərincə diqqət görmüşəm. Cəlal Qaryağdı, Fuad Əbdürrəhmanov, Hüseyn Əhmədov, Zivər Məmmədovadan sonra gənclər gəldi - mən və Zivər xanımın oğlu Tokay Məmmədov, Mirələsgər Mirqasımov. Sayımız çox az idi, amma çox işləyirdik".
Onun təhsil aldığı dövrlər İkinci Dünya müharibəsinə təsadüf edir. Ailələri çətinliklə dolanırdı. Buna baxmayaraq gənc Ömərin arzusu gerçəkləşir. Ömər Eldarovun "Gənc qvardiyaçılar" adlı diplom işi ona ilk uğuru gətirir. Mütəxəssislərin bu işə müsbət rəy verməsinin əsas səbəbi onun heykəltaraşlığın ən mürəkkəb növlərindən olan qorelyefə müraciət etmək cəsarəti idi. Hər tələbə özündə bu cəsarəti tapa bilməzdi. Bu, Ömərin özünə inamından irəli gəlirdi və o, üzərinə düşən işin öhdəsindən uğurla gəlmişdi. Ali təhsilini başa vurduqdan sonra o, doğma Bakıya qayıdır və geniş yaradıcılıq fəaliyyətinə başlayır. Paytaxtımızda, xüsusən də Fəxri xiyabanda ucaldılan Azərbaycanın görkəmli mədəniyyət, incəsənət xadimləri, ədəbiyyatımızın tanınmış simaları, ictimai xadimlərinin məzarlarının əksəriyyətinin üstündəki abidələrin müəllifi Ömər Eldarovdur. Onların hər birində müəllifin fərdi üslubu, sənətə yanaşma tərzi, nəhayət, daxili aləminin ifadə forması öz əksini tapır. Sənətkar təəssüf hissi ilə qeyd edir ki, bəzi sənət əsərləri siyasətin qurbanı olub: "Min əziyyətlə, sevgi ilə hər hansısa bir liderin, ictimai xadimin heykəlini hazırlayırıq. Sonra dövr dəyişir və həmin heykəllər məhv edilir. Biz müəlliflərə olduqca pis təsir edir. Məsələn, Sovet dönəmini təbliğ edən filmlər çəkilir, poemalar yazılır. Amma həmin filmlər efirdə nümayiş olunur. Bu, tarix kimi qəbul edilir. Amma heykəllər siyasi proseslərin qurbanı olur və heykəllər məhv edilir. Yaxşı olardı ki, sənətə hörmət naminə o heykəllər qorunsun, o formada məhv olunmasın".
"Fikir verin dünya ölkələrinə, İtaliya, Yunanısatan, Misir, Fransa və s. ölkələrdə heykəllər qorunub saxlanılıb. Hər dövr dəyişdikcə onlar da heykəlləri məhv etsəydilər, dünyada heykəl qalmazdı. Kommunistlər gəldilər ondan əvvəlki dövrə aid heykəlləri yerləyeksan etdilər. Kommunistlər getdilər, onlara aid olan bütün heykəlləri məhv etdilər. Bu, tarixdir. Tarix yaşadılmalıdır. Monumental heykəllər özbaşına yaradılmayıb. Dövlətin qərarına əsasən yaradılır".
"Bu sənətə başladığım gündən bu günə qədər bir gün də olsa boş qalmamışam" deyən həmsöhbətimiz xarici ölkələrdə yaratdığı əsərlərdən bəhs etdi: "Arzuladığım elə bir əsər yoxdur. İstədiyim hər mövzuda heykəllər hazırlamışam. Təkcə Azərbaycanda yox, xarici ölkələrdə də xeyli çalışmışam. Xüsusən də Mərkəzi Asiya ölkələrində çalışmışam. Bundan başqa, Vyanadakı Dunay parkında Üzeyir Hacıbəylinin büstü, Cənubi Koreyanın açıq səma altındakı məşhur muzeyində ucaldılan "Parçalanmış vətən", Ukraynada Sapun dağında 77-ci Azərbaycanın diviziyasının xatirəsinə ucaldılmış abidə, Türkiyənin Qars şəhərində Ümummili lider Heydər Əliyevin möhtəşəm abidəsi, Bilkənddə İhsan Doğramacının heykəlini misal göstərmək olar".
Müsahibimiz əlavə edir ki, bəzən bir layihə üzərində aylarla hazırlaşır. Layihə hazırlanır, heykəlin ucaldılması vaxtı hansısa siyasi məsələyə görə heykəlin ucaldılması təxirə düşür: "Məsələn, Osmanlı İmperiyasının sultanlarından olan Sultan II Mehmetin heykəlinin hazırlanması ilə bağlı İstanbul Böyük Şəhər Bələdiyyəsinin başqanı Kadir Topbaş bəy mənə sifariş verdi, layihəni qəbul etdi, müqavilə bağladı. 2017-ci ildə Topbaş vəzifədən getdi. Həmin layihə batdı. Yeni gələn mer həmin heykəli istəmədi. Azərbaycanda da belə bir hadisələr yaşanıb. Biz Dədə Qorqud parkının layihəsini hazırladıq. Amma tamamilə başqa bir layihə üzərində tikildi".
Eldarov bütün bunlarla yanaşı, öz övladlarının və xanımının da heykəlini yaradıb. Sənətkar öz övlarından da söz açdı: "Oğlum Müslüm Eldarov heykəltaraş idi (2003-cü ildə vəfat edib -red.). Qızlarım Lalə sənətşünas, Kamilla isə rəssamdır. Övladlarımın və xanımın da heykəlini hazırlamışam".
© Photo : Courtesy of Omar EldarovÖmər Eldarovun düzəltdiyi heykəl
Ömər Eldarovun əl işi - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Ömər Eldarovun düzəltdiyi heykəl
Heykəltaraş bildirir ki, monumental heykəllər üçün mütləq dövlət pul ayırmalıdır: "Rəssamlıq Akademiyasının rektoruyam. Orada xeyli sayda istedadlı rəssamlar var. Gərək dövlət onların işləməsi üçün sifariş versin. Emalatxanalarda işləyirlər, öz maddi hesablarına heykəllər, bütlər yaradırlar. Amma monumental heykəllər üçün mütləq dövlət pul ayırmalıdır".
"Bir dəfə Albert Aqarunovun dostları gəldilər yanıma. Məndən onun heykəlini hazırlamağımı xahiş etdilər. Mən dedim ki, mən hazırlamayacağam. Sizə iki istedadlı gənc insanı təqdim edəcəm - Zamiq Rzayev və Rahib Qarayev. Onlar bu işin öhdəsindən gələcəklər. Təbii ki, mən də nəzarət edəcəyəm. Amma onlara maddi kömək etmək lazımdır. Onlar razılaşdılar və beləliklə, həmin möhtəşəm heykəl ucaldıldı. Sovet dönəmində plan var idi - monumental təbliğat var idi. Ona görə də Azərbaycanda, xüsusən Bakıda xeyli sayda heykəllər yaradılıb. Təəssüf ki, indi yaradılmır. Sovet dönəmindəki kimi plan qoyulsa, həm heykəltaraşlar işləyər, həm də şəhərimizi heykəllər bəzəyər".
Xalq rəssamı şəhərimizdəki heykəllərin vəziyyətindən danışarkən onların restavrasiyasına da toxunub: "Restavrasiya deyəndə götürüb onu yenidən tikirlər. Olmaz belə. Heykəl, abidə gərək öz qədimliyini saxlasın. Abidələrə çox həssas yanaşmaq lazımdır. Bir dəfə Səttar Bəhlulzadənin qohumu gəldi ki, Əmircan kəndində ucalan heykəl, hansı ki, onu mən etmişdim, onu qızılı rəngə boyayıblar. Bu, çox böyük itkidir. Artıq onun tarixiliyi itib. Onu bərpa etmək mümkün deyil. Bu işi bilənlər gərək bu işlərlə məşğul olsunlar. Heç nəyə ehtiyac yoxdur. Sadəcə su ilə yusunlar, kifayət edər".
Qeyd edək ki, Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərində görkəmli sənətkar Müslüm Maqomayevin abidəsi ucaldılacaq. Bu iş Xalq rəssamına həvalə olunub: "Heykəlin hazırlanması üzərində işlər artıq gedir, bürüncdən tökülmə mərhələsindədir. Yəqin ki, yaxın günlərdə yekunlaşacaq. Amma nə vaxt quraşdırılacağını deyə bilmərəm. Çünki postamentin hazırlanmasına müəyyən vaxt lazımdır. Heykəl Dənizkənarı Milli Parkda, Kukla Teatrının yaxınlığında ucaldılacaq. Model hazırdır".
Həmçinin oxuyun:
Əsərlərimi məndən daha yaxşı anlayırlar - Pozitiv rəssamla dərdləşmə
Azərbaycanlı rəssamın səssiz dialoqu: "Özünsən!" - FOTO
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала