Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uhan və Sumqayıt geri qayıdır?!

© Depositphotos / PxhidalgoДевушка в респираторе
Девушка в респираторе - Sputnik Azərbaycan, 1920, 09.08.2021
Xəbərlərə abunə olun
Sumqayıtdakı poliqonun öz-özünə alovlandığını deyirlər, elə meşələrin də. Çətənə kolları isə boy atır, evlərimizə girənə qədər...
Sputnik Azərbaycan-ın "7x7" rubrikasında həftənin ən maraqlı yeddi hadisəsi şərh edilir.

Təbiətin demarşı?!

Hansısa mütəfəkkirin sözləridir, “Təbiətlə savaş halındayıq, qazansaq, uduzacağıq”. Meşə yanğınları, tropik qasırğalar, sel daşqınları təbiətin şıltaqlığından daha çox, insan “əməyi”nin nəticəsidir. Nə az, nə çox - meşə yanğınlarının 95 faizi insan faktoru ilə bağlıdır. Bu bir yana. Ümumilikdə, qlobal istiləşmə, təbii fəlakətlər insanın təbiətlə toqquşmasının nəticəsi, ona vurduğu zərərə təbiətin demarşıdır.
Təsəvvür edin, geridə qalan iyul ayı dünyada üçüncü, Avropada isə ikinci ən isti ay kimi tarixə düşüb. Ötən ay ərzində köhnə qitədə həftədə orta hesabla 200 meşə yanğını meydana gəlib. Global Forest Watch Fires saytının məlumatına görə, planetdə ən azı bir milyon kvadrat kilometr ərazini əhatə edən 4,5 milyon yanğın mövcuddur və bu, 2018-ci ildəkindən 400 min dəfə çoxdur.
Qardaş ölkə Türkiyədəki yanğınlar lokallaşdırılır, ancaq təbiət ancaq qardaşımızın evindən ibarət deyil. İnsan nəslinin gələcəyi yaşıllıqlardan, oksigendən, təbiətdən asılıdır.
Qazaxıstan çöllərində isti və susuzluqdan ölüb səhraya yapışan heyvanların fotolarına, ümid edək ki, planeti çirkləndirənlər də diqqətlə baxıblar.
Və bu həftə Hindistanda musson yağışlar 23 nəfərin həyatına son qoydu.
Təbiətlə savaşa dair daha bir fakt: ötən il okeanlara 1,6 milyard maska atılıb. Bu, okeanlara 5500 ton plastik atılması deməkdir və bunların hamısının bioloji olaraq parçalanması 450 il çəkəcək.
Sumqayıta yolunuz düşsə və küçədə əleyhqazla gəzən adamlar görsəniz, onların koronavirusa görə maska əvəzinə əleyhqaz taxdığını düşünməyin. Şəhərin yaxınlığındakı poliqonda zibilləri yığıb yandırmaq təcrübəsi tətbiq olunur. Köhnə zavodlar ləğv olundu, şəhər "qazovka"dan xilas oldu, ancaq bu təcrübə bizi yenidən 90-cı illərə qaytarır, deyəsən...

Geri qayıdırıq?

Sumqayıtdan fərqli olaraq, Çinin Uhan şəhərini dünyada tanımayan yoxdur. Planeti əməlli-başlı işə salan şəhərdə 2020-ci ilin iyunundan bu yana koronavirusa heç bir yoluxma hadisəsi qeydə alınmamışdı, ancaq ötən həftə bu, yenidən baş verdi. Nəticədə, şəhərin 11 milyon əhalisini testdən keçirdilər.
Deyəsən, lap əvvələ qayıdırıq axı.
Əvvələ qayıtsaq, bəlkə, daha yaxşı idi. BMT proqnoz verib ki, pandemiya dünyada aclıq səviyyəsini kəskin həddə çatdıracaq. Təxminən 270 milyon insan təkcə bu il təhlükəli həddə qida çatışmazlığı ilə üzləşəcək. Hansı ki, pandemiyadan əvvəl bu rəqəm 150 milyon idi.
Bu arada dünyada hər 40 nəfərdən biri koronavirusa yoluxub.

Qırx nəfər

Ermənistanda isə hər 40 nəfərdən biri ölkəni tərk edir. Bu barədə hesablama olmasa da, vəziyyət təxminən o həddə yaxındır.
Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyan ordusuna sərhədi keçən Azərbaycan hərbçilərinə dərhal atəş açılması barədə əmr verib. Gözü çıxmış qardaşlarının "success story"sinə baxardı gərək Arşak. Erməni tanklarının Bakıyadək gələ biləcəyini deyənlərin sözü düz çıxdı - hərbi paradda biz onları gördük. İndi də - Qənimətlər Parkında.
Hansısa Fransaya arxayın olub, boyundan yuxarı tullanmağa çalışmaq reallığı dəyişməyəcək. Xoşbəxt olmaq istəyirsənsə, bunun açarları öz əlində olmalıdır. Başqa sözlə, necə deyərlər, ermənilər də başa düşməlidirlər ki, qaranlığı aydınladacaq şamı öz əlində tutmayanın gecəsi zülmətə məhkumdur.
Fransa Prezidentinin ötən həftə Azərbaycan Prezidentinə zəngi İrəvanı məyus etməklə yanaşı, Parisin praqmatizmindən xəbər verir. Görünür, Makron axına qarşı üzməkdənsə, Bakı ilə dialoqun daha səmərəli olduğunu nəhayət, anlayır.
Bir də ki, bu bölgədə Fransa kimdir və nəyə lazımdır ki? At suyu görür, su da atı, daha fıştırıq nəyə lazım?!

Baydenin məktubu və təyyarəsi

Bayden Paşinyanı seçkidəki qələbə münasibətilə təbrik edib. Məktubda  Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların yox, hərtərəfli dinc tənzimlənmə üzrə danışıqların davam etdirilməsi zərurətindən bəhs olunub. Yerini göstərdiyimiz "status" yerindədir, Bayden də onu yerindən tərpətməyib, bu mövzuda danışmayıb.
Bir sözlə, şamı qonşuda axtarmaq xarakterini tərgitmək lazımdır. Aydındır, Ermənistan buna bir növ adətkərdə olub və necə deyərlər, dadanmış qudurmuşdan betərdir, ancaq axı camaatın (yəni dövlətlərin) da öz işi-gücü var axı.
Bayden Ermənistana məktub, Əfqanıstana isə qırıcı təyyarələr göndərib. "Taliban"çıların kökünü kəsmək üçün. Halbuki, ABŞ qoşunlarının bu missiyanı yarımçıq qoyaraq Əfqanıstandan çıxmasından cəmi bir neçə gün keçib.

Məktəbə qayıdacağıqmı?

Yeni tədris ili yaxınlaşdıqca koronavirusa yoluxma rəqəmləri də sürətlə yüksəlir. Ənənəvi tədrisin bərpa olunub-olunmayacağı dəqiq deyil. Nazir bu barədə qəti danışmayıb. Təhsil ekspertləri isə hesab edir ki, ənənəvi təhsil bərpa olunmalıdır, xüsusilə ali və orta ixtisas məktəblərində. Və tədrisdə peyvənd olunanlar iştirak etməlidirlər.
Bu arada Çin yenidən tədris ilini onlayn şəkildə davam etdirmək barədə müzakirələr aparır. Baxmayaraq ki, o boyda ölkədə xəstəxanalarda cəmi 1812 koronavirus xəstəsi müalicə alır.
Kim bilir, bəlkə, bu da bir fürsətdir. Bernard Şounun məşhur replikası var: “Kiçik yaşlarımdan məktəbə getməli oldum deyə təhsilimə ara verdim”.

Qızılsız Tokio

Peşəkar idman da təhsil kimidir, ona ara verdikdə nəticə idmançılarımızın Tokioda göstərdikləri kimi olur. Görünür, atletlərimiz Yaponiyada keçiriləcək Olimpiya Oyunlarına yetərincə hazır olmayıblar. Belə olmasaydı, Tokioda qızılsız qalmazdıq. Yeddi medalın üçü gümüş, dördü bürüncdür.
1996-cı ildə Atalantadan sonra heç vaxt Oyunları qızılsız tərk etməmişdik.

"Patı" bazarı

Təkcə Oyunlarda medal üçün yox, sadəcə, daha çox sağlam gənclik üçün idmanın təbliğinə ehtiyac var. Yoxsa "patı" satanların bazarı genişlənəcək. Artıq bir aydan çoxdur ki, hər gün polisin dəstə-dəstə "patı" alıb-satanları saxladığı barədə xəbərlər manşetlərdən düşmür.
Ancaq həftənin krimxronikasında, təəssüf ki, başqa tükürpədici hadisələr də var: Şəmkirdə qaynata gəlini güllələyib, Gəncədə oğul anasını öldürüb. Tarixi paytaxtımızda narkotacirdən "Kalaşnikov" və 1000-dən çox güllə tapılıb. Bakıda isə arvadını öldürən kişi daha iki nəfəri bıçaqlayıb.
Abşeronda çətənə kolları yetişdirənlər həbs olunublar. Onlardan biri məşhur "Leş Tofiq"in qardaşıdır.
Sumqayıtdakı poliqonun öz-özünə alovlandığını deyirlər, elə meşələrin də. Çətənə kolları isə boy atır, evlərimizə girənə qədər...
Eləcə də oxuyun:
Tokio Olimpiadası bitdi: necə oldu ki, 25 ildə ilk dəfə “qızıl”sız qaldıq
Paşinyan Qarabağa dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olacaq
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала