Milli Məclisdə Tarif Şurasının ləğvi tələb edildi

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.07.2021
Deputat Razi Nurullayev Tarif Şurasının təbii qazın tarifləri ilə bağlı qəbul etdiyi qərarı tənqid edərək həmin qurumun ləğvini, səlahiyyətlərinin isə parlamentə verilməli olduğunu deyib.

BAKI, 2 iyul — Sputnik. Tarif Şurasının qəbul etdiyi qərarlar ciddi sosial narazılıq yaradır və əsaslandırma arqumentləri də tutarlı deyil. Hökumət açıq şəkildə desin ki, dövlət müəssisələrinə külli miqdarda büdcə vəsaiti ayrılır və onlar da səmərəli işləmir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Razi Nurullayev deyib.

"Dövlət onların götürdüyü kreditləri hələ 20-30 il bundan sonra da ödəyəcək. Yəni bizdən sonra gələn nəsil də onların kreditlərini ödəyəcək. Səmərə və effektivlik varmı? Bahalaşma ona görədir ki, məhz ayrılan dotasiyalara görə əməkhaqqı və pensiyaları qaldırmaq olmur. Məhz, ona görədir ki, uşaq pulu adı gələndə aidiyyəti vəzifəli şəxslər qulaqlarını tutur. Bu qərarlar 20 il öncə verilməli idi. Əgər bu populyar olmayan qərarlar 20 il öncə verilsəydi, bizim vətəndaşlar fərqli və sosial cəhətdən rifah bir Azərbaycanda yaşayardılar.

Yüz milyonlarla da vəsait və kreditlər də havaya sovrulmazdı, oğurlanmazdı və xaricə daşınmazdı. Xalq gözünü Neft Şirkətinə dikib, o belə dövlət büdcəsindən dotasiya alır. Belə yanaşma dünyada varmı, bəlkə var mən bilmirəm. AZAL büdcənin pulu və dövlətin zəmanəti ilə təyyarə alır, biz də basa-basa gedib Tbilisidən uçuruq", - deyə deputat bildirib.

Deputat bildirib ki, Tarif Şurası ləğv edilməli və səlahiyyətləri isə parlamentə verilməlidir. 10 milyonluq xalqın hər bir ailəsinin və fərdinin gündəlik yaşayışına təsir edən qərarları 5-6 nəfər yox, 10 milyonluq xalqın hər bir nəfərini təmsil edən Milli Məclis üzvləri qəbul etməlidir. İnanıram ki, bu qərarın mənfi təsirini azaltmaq üçün hökumət tərəfindən əlavə sosial qərarlar və sosial paketlər hazırlanacaq. Milli Məclis də bu yöndə lazımi müzakirələri keçirməlidir.

Tarif Şurasının etiraz doğuran addımı

Qeyd edək ki, iyunun 30-da Tarif Şurasının növbəti iclası keçirilib. İclasda Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılaraq müvafiq qərar qəbul edilib. Belə ki, SOCAR Şuraya müraciət edərək ölkədə təbii qazın topdansatış və pərakəndə satış qiymətlərinin artırılmasını təklif edib. Müraciətdə təbii qazın tarifinə yenidən baxılmasına səbəb kimi istehlakın artması, qaz təchizatının əhatə dairəsinin genişləndirilməsi və abonentlərinin sayının 18%-ə yaxın artması nəticəsində xərclərin yüksəlməsi göstərilir.

Əhali üzrə tarifin aşağı olması və son tarif tənzimlənməsinin qüvvəyə mindiyi 2017-ci illə müqayisədə ölkəmizdə bir əhali abonenti üzrə istehlakın həcminin təxminən 1,3 min kubmetrdən 1,6 min kubmetrə, ümumi istehlak həcminin isə 2,7 milyard kubmetrdən 3,7 milyard kubmetrə yüksəlməsi qaz təchizatı fəaliyyəti üzrə zərərin daha da artması ilə nəticələnir ki, həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanır.

Xidmət səviyyəsinin yüksəldilməsi, dövlət büdcəsindən asılılığın aradan qaldırılması və investisiya qoyuluşlarının təmin edilməsi, eləcə də istehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin tam ödənilməsi üçün tariflərin artırılmasına zərurət yaradıb.

Tarif (qiymət) Şurasının iclasında aparılan müzakirələrdə təklif olunan müxtəlif tarif artımı variantları nəzərdən keçirilib. Təklif edilən modellər dövlətin iqtisadi siyasətinə uyğun olaraq enerji təhlükəsizliyinin dayanıqlığının təmin olunması, resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi, istehlakçı və istehsalçı maraqlarının uzlaşdırılması, iqtisadi əlverişlilik, sosialyönümlülük, qaz təchizatı sahəsində bazar münasibətlərinin mərhələli şəkildə formalaşdırılması və dövlət büdcəsindən subsidiyalaşdırmanın aradan qaldırılması, təbii qazın digər ölkələr üzrə qiymətləri və s. kimi məsələlər nəzərə alınmaqla dəyərləndirilib.

Şura üzvlərinin yekdil qərarı ilə dövlətin həyata keçirdiyi sosial yönümlü siyasət əsas götürülərək əhalinin aztəminatlı hissəsinin mənafelərinə uyğun olan modelə üstünlük verilib. Belə ki, tarif tənzimləməsində optimal yanaşma tətbiq olunmaqla əhali abonentlərinin təxminən 51%-ni (5 milyon nəfər) əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı (1 kubmetr üçün 10 qəpik) səviyyədə saxlanılmışdır. İstehlak edilən qazın 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kubmetr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib. Qeyd edilməlidir ki, əhali abonentləri üçün müəyyən edilən tarif sistemi böyük sahəyə malik yaşayış evlərini daha qənaətcil istilik sistemlərindən istifadəyə sövq edəcək. İclasda aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin artırılmasının həmin təbəqənin gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılmasının önəmi qeyd edilib.

Tarif artımı modeli bir sıra sahələr üçün güzəştli tarif sisteminin saxlanılmasını nəzərdə tutur

Qəbul edilmiş tarif artımı modeli bir sıra sahələr üçün güzəştli tarif sisteminin saxlanılmasını nəzərdə tutur. İqtisadi dirçəlişin təmin edilməsi məqsədilə sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi bu mərhələdə dəyişdirilməyərək mövcud 20 qəpik səviyyəsində saxlanılmışdır. Həmçinin təbii qazdan istifadə edilməklə hasil olunan elektrik enerjisi üzrə tarif artımına yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılmaqla 12 qəpikdən 13 qəpiyə dəyişdirilib.

Təbii qaz əsasında fəaliyyət göstərən istilik təchizatı sisteminin fəaliyyətinin dayanıqlığının təmin edilməsi, habelə ölkə vətəndaşlarının istilik sistemindən istifadə xərclərinin optimallaşdırılması məqsədilə "Azəristiliktəchizat" ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.

Bununla yanaşı, ekoloji təmiz yanacaq növlərinə keçidi stimullaşdırmaq və sıxılmış təbii qazdan (CNG) istifadə edən ictimai nəqliyyat vasitələrinin xərclərini azaltmaq məqsədilə qazın satışını həyata keçirən qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.

Digər sahələrdə (ticarət, xidmət və s.) rentabelli fəaliyyət təbii qazın tarifindən daha az asılı olduğu üçün tariflər 5 qəpik artırılıb.

Koronavirus pandemiyasının yaratdığı iqtisadi məhdudlaşmalar, habelə dünya ölkələrində ayrı-ayrı istehlak məhsullarının istehsal həcmlərinin aşağı düşməsi dünya iqtisadiyyatına və beynəlxalq bazarlara öz təsirini göstərir. Son bir ildə dünya bazarlarında bütün əsas ərzaq məhsulları üzrə qiymətlər davamlı şəkildə artmaqdadır. Dünya enerji bazarlarında müşahidə olunan qiymət artımları bu prosesi daha da sürətləndirir. Xüsusilə təbii qazın dünya bazar qiymətlərinin artması qeydə alınır. Qiymətlərin artıma doğru istiqamətlənməsi nəticəsində bir çox ölkələrdə təbii qazdan istifadə edən sahələr üçün tariflər dəyişib, o cümlədən istehlakçı kateqoriyaları üçün kommunal xərclər artıb.

İdxalçı və ixracçı ölkələrlə müqayisə

Məlumat üçün bildirək ki, 2020-ci ildə 1 kubmetr təbii qazın tarifi əhali abonenti üzrə Ankarada (Türkiyə) orta hesabla 32 qəpik, Kiyevdə (Ukrayna) 32,6 qəpik təşkil edib. Hazırda Ankarada 32-40 qəpik, Kiyevdə isə 54 qəpik səviyyəsindədir. Yeni müəyyənləşdirilmiş tariflər bəzi ölkələrin tarifləri ilə müqayisədə yenə aşağıdır. Belə ki, 1 kubmetr təbii qazın tarifi əhali üzrə Gürcüstanda 19,7-29,5 qəpik, Belarusda 9,2-34,2 qəpik, Rusiyada 11,9-16,5 qəpik arasında dəyişir. 1 kubmetr təbii qazın tarifi qeyri-əhali abonenti üzrə isə hazırda Türkiyədə orta hesabla 35-49 qəpik, Ukrayna 22-26 qəpik, Belarusda 21,9-78,2 qəpik, Rusiyada 15,3-18,2 qəpik arasında dəyişir.

Tarif dəyişikliyi nəticəsində qaz hasilatı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığı tədricən azalacaq, büdcədə sərbəstləşən vəsait sosialyönümlü tədbirlərə yönəldiləcək.

Tarif tənzimlənməsindən sui-istifadəyə yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcək.

Gələn həftədən smartkart tipli sayğacların oxunmasına başlanılacaq

"Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bildirib ki, bu gün "Azəriqaz"ın təxminən 2,4 milyon abunəçisi var və bunun 1,3 milyonu təbii qazdan 1 200 kubmetrlik limit çərçivəsində istifadə edəcək, yəni qazın hər kubmetrini 10 qəpikdən əldə edəcək. Gələn həftədən smartkart tipli sayğacların oxunmasına başlanılacaq və bu sayğacları olan abunəçilər iyuldan qazdan yeni tariflərlə istifadə edəcəklər. Mexaniki sayğacların sahibləri isə iyulun 10-na qədər qazdan köhnə tariflərlə istifadə edəcəklər. O vaxta qədər proqram təminatında yenilənmə olacaq.

Yeni tarif mərkəzləşdirilmiş istilik sisteminin gələcəkdə bir qədər də inkişaf etməsinə gətirib çıxardacaq

Ruslan Əliyev deyib ki, "Azəristiliktəchizat" ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə yeni təbii qaz tarifləri Azərbaycanda mərkəzləşdirilmiş istilik sisteminin daha da inkişaf etməsinə şərait yaradacaq. Yeni tarif mərkəzləşdirilmiş istilik sisteminin gələcəkdə bir qədər də inkişaf etməsinə gətirib çıxardacaq.

Onun sözlərinə görə, mərkəzləşdirilmiş istilik sistemi artıq dünyanın bir çox ölkəsində istifadə edilir. Bu sistemin fərdi isitmə sistemlərindən fərqi təkcə təbii qaza olunan qənaət deyil, həm də ekoloji cəhətdən bir çox üstünlüyü var.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала