CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkili niyə yeni qanun layihəsinə qarşı olduğunu açıqladı

© Sputnik / Talib BarkhudayevRazi Nurullayev
Razi Nurullayev - Sputnik Azərbaycan, 1920, 22.06.2021
Abunə olmaq
Razi Nurullayev "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna təklif edilən dəyişikliklərə münasibət bildirib.

BAKI, 22 iyun — Sputnik. Əlilliyin müəyyənləşdirilməsi ilə bağlı qanun layihəsi xeyli təzadlı mövqeləri ortaya qoydu. Qanun layihəsinin bu sahədə formalaşan acınacaqlı vəziyyəti daha da ağırlaşdıracağı düşüncəsindəyəm. Ona görə də əleyhinə səs vermişəm.

Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, bu şəkildə qanun layihəsinin qəbul edilməsi vətəndaşlara qarşı atılan antaqonist bir hərəkətdir: "Bununla bərabər, dərəcələr arasında qoyulan fərqin 1 faizdən 5 faizə qaldırılmasını müsbət hal kimi dəyərləndirəm. Bütün bu problemlərə yol açan ən ağrılı məsələ isə Nazirlər Kabinetinin qəbul etdiyi 2015-ci il 30 dekabr tarixli 413 saylı qərarıdır. "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə" təsdiq edilib və bir çox xəstəliklər siyahıdan çıxarılıb. Bu tip qərarları Nazirlər Kabineti təkbaşına qəbul etməməlidir. Bunu Milli Məclis müzakirə etməlidir. Ümumiyyətlə, insanların taleyini müəyyən edən məsələlərlə bağlı məsələlər geniş ictimai müzakirələrdə dinlənilməli və qərarı da parlament verməlidir. Gücüm çatan məsələ isə bu qanun layihəsinin əleyhinə səs verməklə təsəlli tapmaqdır".

Yeni qaydalara dair yeni qanun

Bu gün Milli Məclisin iclasında əlilliyin təyin edilməsi ilə bağlı yeni qaydalar üçüncü oxunuşda təsdiq edilib.

"Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna təklif olunan dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar yeni qaydalara keçilir. Belə ki, artıq I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq.

Əlillik dərəcəsi orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək.

Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib. Yeni qaydalar 2022-ci ilin iyulun 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkədə əlillik təyinatı sistemində ilk dəfə olaraq köklü dəyişikliklərin edilməsini, əlilliyin mütərəqqi dünya təcrübəsinə uyğun daha təkmil qiymətləndirilməsini hədəfləyən yeni "Əlilliyin müəyyən olunması meyarları" ilə əlaqədar qanunvericilik layihələri hazırlanıb.

Əlillik xəstəliyin ağırlıq dərəcəsinə görə veriləcək

Gələn ildən tətbiqi nəzərdə tutulan yeni meyarlarla əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi əsasında, həm də xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin olunacaq. Yəni,

I dərəcə - orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi,

II dərəcə - orqanizmin funksiyalarının 61-80 faiz itirilməsi,

III dərəcə - orqanizmin funksiyalarının 31-60 faiz itirilməsi

kimi müəyyən ediləcək. Həmçinin sağlamlıq imkanları məhdudluq da bu əsasda təyin olunacaq.

Əlilliyin qiymətləndirilməsi şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürülməklə aparılacaq.

Qüvvədə olan 94 normativ hüquqi akt bu dəyişikliklərə uyğunlaşdırılacaq, o cümlədən "sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar" sözləri "18 yaşınadək əlilliyi olan şəxslər" sözləri ilə əvəzlənəcək. Geridönməz halları olan uşaqlara əlillik 18 yaşa qədər deyil, müddətsiz təyin ediləcək.

Yeni "Əlilliyin müəyyən olunması meyarları"nın hazırlanmasında əsas məqsəd əlillik təyinatlarında həssas və obyektiv yanaşmanın, ünvanlılıq və sosial ədalətin təmin edilməsidir. Bu meyarlar eyni zamanda, əlillik təyinatı sahəsində qabaqcıl beynəlxalq standartların tətbiqinə, xidmətin keyfiyyətinin və vətəndaş məmnunluğunun yüksəldilməsinə, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının artırılmasına xidmət edir.

BMT-nin Konvensiyası əlillik sahəsində milli qanunvericiliyin beynəlxalq hüquq və normalara uyğunlaşdırılmasını tövsiyə edir

Xatırladaq ki, Azərbaycanın da qoşulduğu "Əlillərin hüquqları haqqında" BMT-nin Konvensiyası əlillik sahəsində milli qanunvericiliyin beynəlxalq hüquq və normalara uyğunlaşdırılmasını tövsiyə edir. Azərbaycan Prezidentinin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunun tətbiqi barədə" 18 iyul 2018-ci il tarixli Fərmanı və "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 18 yanvar 2019-cu il tarixli Fərmanı ilə əlilliyin müəyyən edilməsi meyarlarının və qaydalarının ən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanması barədə hökumətə tapşırıq verilib.

Xəbər lenti
0