BAKI, 22 iyun — Sputnik. Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, cənub-şərq istiqamətli küləklərin üstünlük təşkil etməsi ölkə ərazisinə transsərhəd daxil olmuş toz dumanının havada uzun müddət qalmasına səbəb olub. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, toz dumanının meteoroloji şəraitdən asılı olaraq həftənin sonuna qədər davam edəcəyi proqnozlaşdırılır.
Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakı şəhərində dispers toz hissəciklərinin konsentrasiyası normadan 1.7, azot 4-oksid isə 3.3 dəfə yüksək qeydə alınıb.
Qeyd edək ki, iyunun 20-i səhər saatlarından başlayaraq, Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur. Milli Hidrometeorologiya Xidməti belə tozlu havanın iki gün ərzində davam edəcəyinin gözlənildiyini açıqlamışdı.