BAKI, 20 iyun — Sputnik. Türkiyə və İsveçrə milli komandaları arasında Bakıda keçiriləcək oyun hər iki komanda üçün həlledici qarşılaşma olacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu oyundan əvvəl keçirilən mətbuat konfransında İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç deyib.
Bazar günü, iyunun 20-də Bakı Olimpiya stadionunda AVRO-2020 qrup mərhələsinin üçüncü turunda Türkiyə və İsveçrə yığmaları üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 20.00-da başlanacaq.
Türkiyə millisi iki turdan sonra xalsızdır, isveçrəlilərin isə iki oyundan sonra 1 xalı var.
Petkoviç onu da deyib ki, onun yetirmələri bazar günü AVRO-2020-dkə ən yaxşı oyunlarını keçirməlidirlər.
"Sabah biz Uels və İtaliya ilə oynadığımızdan xeyli yaxşı oynamalıyıq. Qələbə çalmaq üçün xeyli səy göstərməli olacağıq. Ancaq bu halda bizim qrup mərhələsini adlamaq şansımız olacaq", - deyə Petkoviç bildirib.
Mütəxəssis sabahkı oyunu həmçinin pley-off oyunları ilə müqayisə edib – uğursuz oynayan komanda turnirlə vidalaşacaq.
"Bu, çox vacib oyundur və bizim AVRO-2020-də mübarizəni davam etdirəcəyimiz, yaxud evə yollanacağımız həll olunacaq. Tribunalarda 30 min tamaşaçının olacağını gözləyirik və bu bizim üçün mənfi amildir. Amma yenə də yaxşı oyun göstərməyə çalışacağıq", - deyə Petkoviç vurğulayıb.
Komandasının heyətində dəyişikliklərə gəlincə məşqçi hələ bununla bağlı bir qərarının olmadığını dilə gətirib.
"İstisna deyil ki, komandanın heyətində dəyşikliklər olacaq, lakin mən hansı zonada və hansı dəyişikliklər ediləcəyi barədə bir qərara gəlməmişəm. Cabah tezdən oyanaram, sonra baxıb bir qərara gələrəm", -deyə Petkoviç bildirib.
AVRO-2020 Bakı oyunları
Bakı Olimpiya stadionunda ümumilikdə dörd oyunun keçirilməsi nəzərdə tutulub. "A" qrupunda iyunun 12-də İsveçrə-Uels (1:1) və iyunun 16-da Türkiyə-Uels (0:2) oyunları artıq keçirilib. Bundan əlavə qarşıda İsveçrə-Türkiyə (20 iyun) qarşılaşması var. İyulun 3-də isə burada AVRO-2020 ¼ final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.