Avropa futbol assosiasiyaları ittifaqı (UEFA) AVRO-2020 final oyununun keçirilmə yerini Londondan (Böyük Britaniya) Budapeştə (Macarıstan) dəyişə bilər. Sputnik Azərbaycan "The Times" məcmuəsinə istinadən xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar vəziyyətin ağırlığı nəzərə alınaraq London şəhərinin rəhbərliyi stadionun 100% doldurulmasına zəmanət verə bilmir.
Daha sonra xəbərdə deyilir ki, Londonun meri UEFA-dan qurumun çempionatın final oyununun Budapeştdə təşkili məsələsini nəzərdən keçirdiyi barədə xəbərdarlıq alıb.
Öz növbəsində Macarıstan rəsmiləri AVRO-2020 final oyunu zamanı Ferens Puşkaş stadionunun 100% doldurula biləcəyinə söz veriblər. Yeri gəlmişkən, Budapeşt qitə birinciliyinin keçirildiyi şəhərlər arasında turnirin qrup mərhələsinin və ¼ oyununun keçirilməsi dövründə stadionun tam doldurula biləcəyinə zəmanət verən yeganə şəhərdir.
Bununla bağlı jurnalist Vasili Konev öz teleqram-kanalında bildirib ki, UEFA RİA Novostinin məsələ ilə bağlı sorğusuna cavab verib – qurum final oyununun Londondan Budapeştə keçirilməsini istisna etməyib.
"Gözlənilməz hallar üçün hər zaman fəaliyyət planı var, lakin biz əminik ki, turnirin son həftəsi Londonda keçiriləcək", - deyə UEFA-dan bildiriblər.
Qeyd edək ki, Avropa çempionatı çərçivəsində Lodonun "Uembli" stadionunda təkcə final oyunu deyil, yarımfinal qarşılaşmaları da keçirilməlidir.
AVRO-2020 Bakı oyunları
Bakı Olimpiya stadionunda ümumilikdə dörd oyunun keçirilməsi nəzərdə tutulub. "A" qrupunda iyunun 12-də İsveçrə-Uels (1:1) və iyunun 16-da Türkiyə-Uels (0:2) oyunları artıq keçirilib. Bundan əlavə qarşıda İsveçrə-Türkiyə (20 iyun) qarşılaşması var. İyulun 3-də isə burada AVRO-2020 ¼ final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.