İtaliya yığması futbol üzrə Avropa çempionatının açılış oyununda Türkiyə komandası üzərində böyük hesabla qələbə qazanıb.
Türkiyə yığmasının qapısına ilk topu italyanların əvəzindən türk müdaifiəçi Merih Dəmiral (53-cü dəqiqə) vurub. Daha sonra Çiro İmmobile (66) və Lorentso İnsinye (79) fərqləniblər.
Qarşılaşma zamanı Avropa çempionatları tarixində ilk dəfə olaraq hakimlərə videokömək sistemindən (VAR) istifadə olunub. Videoassistentlər birinci hissənin sonlarında Türkiyə millisinin cərimə meydançasında mümkün əl ilə oyunu nəzərdən keçiriblər, lakin qayda pozuntusu qeydə alınmayıb.
İtaliya və Türkiyə yığmalarının A qrupu üzrə rəqibləri - Uels və İsveçrə komandaları şənbə günü Bakıda qarşılaşacaqlar. Növbəti turda italyanlar iyunun 16-da Romada isveçrəlilərlə görüşəcəklər, türklər isə həmin gün Bakıda uelslilərlə oynayacaqlar.