BAKI, 20 may - Sputnik, Rahim Məmmədov. Mingəçevirdə 66 yaşlı kişi vəhşicəsinə döyülərək qətlə yetirilib, onun bacısı oğlu isə ağır xəsarətlər alıb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Mingəçevir şəhəri Aydın Məmmədov 11 ünvanında qeydə alınıb. Binanın həyətində əyləşən dayı və bacıoğludan siqaret istəyən şəxs onlarla əlbəyəxa davaya çıxıb.
Bir ədəd siqaretlə razılaşmayan kişi onlardan bütöv qutunu istəyib. Qohumlar onunla razılaşmadıqda o, hər ikisini döyməyə başlayıb. Hadisə zamanı Rizvan Məmmədov və onun yaşlı dayısı Eldar Abbasov ağır bədən xəsarətləri alıblar. Zərərçəkənlər Mingəçevir şəhər Xəstəxanasına çatdırılıblar. E.Abbasov xəstəxanada keçinib.
Qətlə yetirilən şəxsin qardaşı oğlu Pərviz Qarayev Sputnik Azərbaycan-a bildirib ki, əmisi və bibisi oğlu qəfil hücuma məruz qalıblar:
"Axşam saatlarında həyətdə oturduqları yerdə hərəsinə bir şillə vurub, əmim yaşlı olduğuna görə yıxılıb yerə, bibim oğlu tutub yaxasından ki, sən neyləyirsən? Bibim oğlu da ondan boyda balaca olub deyə müqavimət göstərə bilməyib, həmin şəxs onu başından vurub, Rizvan özündən gedib. Sonrada təpiklə ağzına vurub, sifətini pis hala salıb. Küçədən keçən qadın da gəlib deyib ki, bu nə vəhşilikidir? Ona da müqavimət göstərib, əl-qol atıb. Siqaret üstə olub, 1 dənə ilə razılaşmayaraq onlardan qutunun hamısını tələb edib. Bibim oğlu Rizvan Məmmədovun da vəziyyəti ağırdır, sifəti tanınmaz haldadır".
Rizvan Məmmədovun paytaxtda yerləşən xəstəxanlardan birinə göndərilməsi planlaşdırılır. Qətlə yetirilən Eldar Abbasov Çernobıl əlili olub, 2 azyaşlı övladı var.
Hadisəni törədən şəxs - Şəki rayon sakini Rəşad Salamov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Eləcə də oxuyun:
* Polis əməkdaşı qısqanclıq zəminində atəş açıb, özü isə...
* Sərhəddə iki hərbçimizi qətlə yetirən İran vətəndaşlarından biri zərərsizləşdirilib
* Xuliqan qadının gözü qarşısında övladını öldürdü - Azərbaycanda