BAKI, 18 may — Sputnik. Azərbaycan Ordusunun təlimləri davam edir. Növbəti mərhələdə müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin təlimlərin gedişi barədə maket üzərində məruzələrini dinləyib. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilir.
Qeyd olunur ki, təlimlərdə antiterror əməliyyatları ilə bağlı qərar, qoşunların döyüş tapşırıqları və qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili dəqiqləşdirilib.
"Məruzələr dinlənildikdən sonra ehtiyatların və mərkəzi tabelikdə olan qoşunların antiterror əməliyyatına bilavasitə hazırlığı, yenidən qruplaşmanın keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib", - deyə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən mayın 16-da Azərbaycan Ordusunda qoşun növlərinin cəlb edilməsi ilə təlimlər keçirilir.
Müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 15000 nəfərədək şəxsi heyət, 300-dək tank və digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan və tank əleyhinə vasitələr, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.
Təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib.
Mayın 20-dək davam edəcək təlimlərdə qoşunlar eyni zamanda qanunsuz silahlı qruplaşmaların təxribatlarının qarşısının alınması və əks fəaliyyətlə terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları da icra edəcək.