BAKI, 16 may — Sputnik. Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İtaliya tərəfinin dəvəti ilə mayın 17-dən 19-dək bu ölkədə rəsmi səfərdə olacaq.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a məlumat verilib ki, nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədri Tahir Mirkişili, komissiya sədri Eldar Quliyev, İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Azər Kərimli, deputatlardan Qüdrət Həsənquliyev, Elnur Allahverdiyev, Aqiyə Naxçıvanlı, Afət Həsənova, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Səfər çərçivəsində Milli Məclisin Sədri İtaliya parlamentinin hər iki palatasının sədrləri və ölkənin xarici işlər naziri ilə görüşəcək, parlamentlərarası əlaqələrimizin bu günü və gələcək perspektivləri barədə fikir mübadiləsi aparacaq.
Nümayəndə heyətimizin İtaliya parlamentindəki dostluq qrupunun və İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüşləri nəzərdə tutulub.
Eləcə də oxuyun:
* Millət vəkili: “Gürcüstan Azərbaycan üçün vacib rol oynamağa davam edəcək”