BAKI, 11 may - Sputnik. Azərbaycanda işgüzar səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fəxri xiyabanı, Şəhidlər xiyabanını və Döyüş şöhrəti memorialını ziyarət edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Facebook səhifəsində paylaşım edib.
Xatırladaq ki, hazırda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə işgüzar səfəri çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşür.
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətinin ötən gün Bakıya səfəri başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da nümayəndə heyətini qəbul edib.
Mayın 11-dək davam edəcək səfər çərçivəsində Lavrov Azərbaycan rəhbərliyi ilə ikitərəfli və regional məsələləri müzakirə edəcək.
Danışıqlar əsnasında prioritet mövzular Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 9-da və 2021-ci il yanvarın 11-də verdikləri bəyanatların reallaşdırılmasının təcrübi aspektləri olacaq.
Sergey Lavrovun Azərbaycan Prezidenti İlham Əliyev və Xarici işlər naziri Ceyhun Bayramovla görüşləri planlaşdırılır.
RF XİN başçısı sonuncu dəfə Azərbaycana 2020-ci ilin noyabrında, İkinci Qarabağ müharibəsinin bitməsindən dərhal sonra gəlmişdi.
Xatırladaq ki, mayın 5-6-da Sergey Lavrov Ermənistana rəsmi səfər etmişdi.