BAKI, 6 may — Sputnik. Moskva və Ankaranın fikirləri bir sıra məsələlərdə fərqlidir, lakin Rusiya ilə dialoqun açıq saxlanılması və əlaqələrin davam etdirilməsi lazımdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Almaniyanın "Frankfurter Allgemeine Zeitung" nəşrinə müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Çavuşoğlunun sözlərinə görə, Ankara Moskva ilə qarşılıqlı işgüzar əlaqələr qurmağa çalışır.
Türkiyə XİN rəhbəri etiraf edib ki, Rusiya bəzi regional məsələlərdə aparıcı oyunçudur: "Müsbət nəticələri əldə etmək heç də həmişə asan deyil, lakin mümkündür. Bu o anlama gəlmir ki, biz bütün məsələlərdə eyni fikirdəyik. Lakin biz açıq danışmağı bacarırıq. Dialoq kanallarını açıq saxlamaq lazımdır".
Çavuşoğlu vurğulayıb ki, Türkiyə öz milli maraqlarını qorumalıdır və ölkənin təhlükəsizliyini təhdid altına qoya bilməz: "Rusiya bunu anlayır. Mümkün olduqda biz Rusiya ilə əməkdaşlıq edirik, ancaq lazım olduqda öz mövqeyimizi qoruyuruq".
O vurğulayıb ki, Rusiya ilə dialoq regional və beynəlxalq sabitliyə yardım etməlidir.