BAKI, 6 may — Sputnik. Ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün onlayn müsahibələr keçirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müsahibələr iyunun 14-dək davam edəcək.
Onlayn müsahibə üçün müraciət edən vətəndaşların övladları şəxsi kabinetlərindəki bildirişdə qeyd olunmuş tarixə uyğun olaraq müsahibədə iştirak edirlər.
Müsahibələr bitdikdən sonra nəticəsi məqbul hesab edilən uşaqlar üçün həmin bölmə üzrə məktəb seçimi imkanı yaradılacaq. Müsahibənin nəticəsi məqbul hesab edilməyən uşaqlar isə Azərbaycan bölməsi üzrə müraciət edə biləcəklər.
Paytaxtdakı ümumi təhsil məktəblərinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların şifahi nitq bacarıqlarının yoxlanılması ilə bağlı 9 Müsahibə komissiyası fəaliyyət göstərir. Uşaqların sifahi nitq bacarıqları 5 meyar üzrə (dinlədiyini anlayır, ünsiyyət qurur, öz fikrini sadə formada ifadə edə bilir, söz və ya söz birləşmələrinin tələffüzünü düzgün edir, özü və ailə üzvləri haqqında qısa məlumat verir) qiymətləndirilir.
Onlayn müsahibə prosesi zamanı obyektivlik və şəffaflığın tam təmin olunması üçün videoçəkiliş aparılır.
Qeyd edək ki, onlayn müsahibəyə yazılma mərhələsinin 8 iyun saat 11:00-da yekunlaşması nəzərdə tutulur.