Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 26 aprel — Sputnik. Son günlər gündəmə gələn mövzulardan biri də işdə seksual qısnama məsələsidir. Ölkə qanunvericiliyinə əsasən işdə seksual qısnamaya görə inzibati məsuliyyət nəzərdə tutulsa da, nədənsə qanunun bu bəndi işlək deyil.
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin Mehriban Zeynalova Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, Azərbaycanda işdə seksual qısnama hallarına tez-tez rast gəlinsə də, qadınlar əksər hallarda bunu açıb-ağartmırlar. M.Zeynalova deyir ki, əksər hallarda seksual qısnamaya məruz qalan qadınlar işlə imtahana çəkilirlər. Onların qarşısında konkret şərt qoyulur. "Ya təklifi qəbul etməlisən, yaxud da işini itirirsən". Belə hallarda çox az sayda xanım öz hüququnu müdafiə edir. Ya işəgötürənin təklifi ilə razılaşır, yaxud da işdən çıxmaq barədə ərizəsini yazmalı olur. Onların çoxu şikayət etmədiklərindən bu məsələlərin üstü örtülü qalır".
Həmsöhbətimiz bildirir ki, bəzən qadınların cinsi əlaqəyə təhrik edilməsi halları da olur.
M.Zeynalova bildirir ki, bu gün internetdə, küçədə yerləşdirilən iş elanlarının çoxunda gənc qızlara üstünlük verilməsinin də məqsədi seksual qısnama ilə bağldır: "Özəl sektorda iş elanlarının mütləq əksəriyyətində işçinin qız olması tələb edilir. 19-25 yaş arası qızları işə dəvət edən şirkətlər iri hərflərlə "Qız lazımdır" sözlərini xüsusi vurğulayaraq, bu vakant yerlərə əks cinsin nümayəndələrinin boşuna zəhmət çəkməməsi ücün əvvəlcədən elanda sətiraltı xəbərdarlıq da edirlər. Paytaxtda vakant iş elanlarının mətni demək olar ki hamısı eynidir. "İşə 19-25 yaş arası qızlar dəvət edilir". Dünyanın hər yerində işçi işə götürülərkən onun peşəkarlığına üstünlük verir. Bizdə isə nədənsə əksinə proses müşahidə olunur".
M.Zeynalova deyir ki, yaş faktorunun elanlarda qabardılması, xüsusilə cinsin vurğulanması Azərbaycan qanunvericiliyinə ziddir. Onun sözlərinə görə, qadın və kişilər üçün təqaüd yaşı nəzərdə tutulub. Bu yaşa qədər insanlar əmək fəaliyyəti ilə məşğul ola bilərlər: "Amma çox təəssüf ki, indi iş elanlarında təcrübəli işçiyə yox, gənc xanımlara önəm verildiyi açıq şəkildə bildirilir. Ola bilər ki, həmin elanı verən müəssisə işə götürəcəyi xanıma seksual xarakterli hər hansı bir hərəkət etməsin. Amma cinsi məqsədlə istifadə faktoru olmasa belə, həmin müəssisənin gənc xanımdan müştəri cəlb etmək məqsədilə istifadə etməsi reallıqdır. Yəni gənc xanımlar bu işdə alət kimi istifadə edilir. Xarici ölkələrdə ofisiant belə işə təcrübəsinə görə götürüldüyü halda, bizdə ofisiant işləyən gənc xanımların xarici görkəmi əsas götürülür".
M.Zeynalova bildirir ki, işdə seksual qısnama hallarını sübuta yetirmək çətin olduğundan, əksər hallarda qadınlar bununla bağlı şikayət etmirlər: "Yalnız mobil telefonda yazışma ilə işdə seksual qısnamanı sübut etmək mümkün olur", - deyə həmsöhbətimiz bildirir.
Hüquqşünas Vüsalə Abbasova da işdə seksual qısnama hallarının sübuta yetirilməsinin çətin olduğunu bildirir. Onun sözlərinə görə, "Gender, kişi və qadınlarının bərabərliyinin təminatları haqqında" qanunun 11-ci maddəsi ilə, "Mülki Prosessual Məcəllə"nin 95.2 maddəsi ziddiyət təşkil edir: ""Gender, kişi və qadınlarının bərabərliyinin təminatları haqqında" qanunun 11-ci maddəsində deyilir ki, seksual qısnamaya məruz qalmış işçilərə qarşı hər hansı təzyiq yolverilməzdir. Bu maddəyə görə, seksual qısnamaya görə işəgötürəndən və ya rəhbərindən şikayət etmiş işçilər işəgötürən və ya rəhbər tərəfindən hər hansı təzyiq və təqibə məruz qala bilməzlər. Amma indi elə bir vəziyyət yaranıb ki, seksual qısnamaya məruz qalan qadın onu cinsi əlaqəyə təhrik edən işəgötürəndən şikayət belə edə bilmir. Çünki yaxşı bilir ki, bunun heç bir əhəmiyyəti yoxdur. Təcrübə göstərir ki, hətta bunun üçün məhkəməyə müraciət etmək istəyən qadınlar da "ziyanın yarısından da qayıtmaq xeyirlidir" deyib fikirlərindən daşınırlar. Əsas səbəb qadınların iş yerlərində seksual qısnamaya məruz qaldıqlarını sübut edə bilməmələridir. Qadın onun işəgötürən tərəfindən cinsi əlaqəyə təhrik edildiyini məhkəmədə sübut etmək üçün ən azı bu barədə təklifi səsyazan qurğuya qeydə almalıdır. Amma digər tərəfdən Mülki Prosessual Məcəllənin 95.2. maddəsi gizli yolla yazılmış səs və video yazını sübut kimi qəbul etmir. Bu zaman sual yaranır ki, qadın seksual qısnamaya məruz qaldığını məhkəmədə necə sübut etməlidir? Əlbəttə, sual cavabsız qalır. Çünki Mülki Prosessual Məcəllənin 95.2 maddəsində bildirilir ki, qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. İki qanunun arasındakı bu ziddiyyət, "Gender, kişi və qadınlarının bərabərliyinin təminatları haqqında" qanunun 11-ci maddəsinin işləməsinə imkan vermir. Belə çıxır ki, heç "Gender, kişi və qadınlarının bərabərliyinin təminatları haqqında" qanununun qəbulunun heç bir əhəmiyyəti yoxdur".
Hüquqşünas deyir ki, bu səbəbdən də cinsi əlaqəyə təhriklə bağlı cinayətlər qeydə alınmamış qalır: "Qadın ona cinsi əlaqə təklif edildiyini sübut edə bilmir. Seksual qısnamada söhbət iki adamın arasında gedir. Qadın belə halda kimi inandıra bilər ki, işəgötürən onu cinsi əlaqəyə təhrik etdi? Belə çıxır ki, həmin qadın bu barədə hüquq mühafizə orqanına məlumat verməlidir. Hüquq mühafizə orqanı orada dinləmə vasitəsi qurmalı, videoçəkiliş aparmalıdır. Bunun real olmadığı, praktiki baxımdan mümkünsüzlüyünü hər kəs çox yaxşı bilir. Ona görə də, mütləq qanunla səs yazmanın, video çəkiliş aparmaının özbaşına əməliyyat tədbiri hesab olunması mütləq aradan qaldırılmalıdır".
V.Abbasova bildirir ki, ölkə qanunvericiliyinə əsasən, seksual xarakterli sıxışdırmalara görə işəgötürəndən və ya rəhbərdən şikayət edən işçilərə qaşı təzyiqin göstərilməsi və ya işçinin təhdid edilməsi vəzifəli şəxslərə 1500 manatdan 2000 manatadək cərimənin tətbiq edilməsi ilə cəzalandırılır. İşəgötürən seksual qısnamadan zərər çəkmiş işçilərə dəymiş zərəri ödəməlidir. Cinayət məcəlləsinin "seksual xarakterlərə məcbur etmə" maddəsi iş yerində seksual qısnama hallarında tətbiq edilə bilər. Cinayət məcəlləsinə müvafiq olaraq, şantaj, əmlakının məhv edilməsi, zədələnməsi və ya əlindən alınması, zərərçəkmişin maddi və ya digər asılılığından istifadə yolları ilə onun cinsi əlaqəyə və ya digər seksual xarakterli hərəkətlərə məcbur edilməsi 500 manatdan 1000 manatadək cərimə, yaxud 2 ilədək islah işləri, yaxud 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.