BAKI, 22 mart - Sputnik. Avstraliyanın şərq rayonlarında daşqınlar səbəbindən təxminən 18 min sakin təxliyə edilib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Sky News məlumat verib.
Qeyd olunur ki, təxliyə barədə qərarı martın 20-də Yeni Cənubi Uels ştatının rəhbərliyi verib.
Xilasedicilərin fikrincə, ən azı, 54 min nəfər yaşayış yerini tərk etməli olacaq. Çünki güclü yağışların martın 24-dək davam edəcəyi proqnozlaşdırılır.
Avstraliyanın Baş naziri Skott Morrisonun bildirdiyinə görə, Yeni Cənubi Uels ştatının 35 yaşayış məntəqəsi təcrid olunub. Fəlakətlə bağlı 700-ə yaxın xilasetmə əməliyyatı aparılıb.
Sky News qeyd edib ki, ştatın nəhəng ərazisini ötən il meşə yanğınları külə döndərmişdi. İndi isə elə həmin torpaqları 50-100 ildə bir dəfə yağan yağışlar yuyur.
Ştatın 38 rayonu təbii fəlakət zonası elan olunub.