QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Millət vəkili: "Anamla qardaşımın qəbrini tapa bilmədim"

Aqil Abbas  - Sputnik Azərbaycan, 1920, 15.03.2021
Abunə olmaq
"İki kəndimiz tamamilə yer üzündən silinib. Baxanda heç bilmirsən ki, burada kənd olub. Təkcə kəndlərimizi yox, mənfur düşmənlərimiz qəbiristanlıqları da viran qoyub".

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 15 mart — Sputnik. Ağdama səfər edənlər arasında elə həmin yerdə dünyaya göz açan media nümayəndələri də yer alıb. 2 yaşından Ağdamda yaşıyan millət vəkili Aqil Abbas Sputnik Azərbaycana bildirib ki, doğma yurdun da ilk ziyarət etdiyi yer Qarabağ xanı Pənahəli xanın qəbri olub: “Birinci mən söz vermişdim ki, buranı ziyarət edəcəyəm. Çünki mənim də bir tərəfim bu nəsildəndir. Cavanşirlər nəslindəndir. Ziyarət etdim. Çox təsirli anlar yaşadım. Hər şey darmadağın edilib. Buranı ziyarət edəndən sonra getdim məscidimizdə oldum. Orda da erməni vəhşiliyinin izlərini gördüm”.

Aqil Abbas həmçinin illər əvvəl qoyub getdiyi ata-baba ocağında da olub. Burda da təsirli anlar yaşadığını deyir: “Daha sonra evimizi ziyarət etdim. Daha doğrusu, həyətimizi. Çünki ermənilər evimizi darmadağın edib. Həyətdə 1 metrlik hasar qalıb. Ermənilər hər tərəfi dağıdıb.  Elə yerlər var ki, orada kənd bütöv dağıdılıb. Yerində taxıl əkiblər. İki kəndimiz tamamilə yer üzündən silinib. Baxanda heç bilmirsən ki, burada kənd olub. Təkcə kəndlərimizi yox, mənfur düşmənlərimiz qəbiristanlıqları da viran qoyub. Elə yerlərdən biri də məhz Qarağacı qəbiristanlığıdır. Qarağacı qəbiristanlığını da dağıdıb taxıl əkiblər. O qəbiristanlıqda anamla qardaşım yatır. Qəbiristanlıq mənfur düşmən tərəfindən elə yerlə yeksan edilib ki, mən orda əzizlərimin məzarını tapa bilmədim”. 

Aqil Abbas həmçinin bildirib ki, ermənilərin arzu və istəyi bu yurdu talayıb, viran qoymaqla, tarixi abidələrimizi məhv etməklə Ağdamı özününküləşdirmək olub: “Amma onlar buna nail ola bilmədi. Onların illərlə özünə dərd etdiyi və arzululadıqları ürəklərində qaldı. Bura Azərbaycanın əzəli və əbədi torpaqlarıdır. Bu gün mən buradayam. Çünki bir az əvvəl də qeyd etdiyim kimi mənim bu torpaqda 30 il əvvəl anam və qardaşım dəfn edilib. Bu da onu bir daha sübut edir ki, Ağdam hər zaman Azərbaycan xalqına məxsus olub və bundan sonra da belə olacaq”.

Qeyd edək ki, səfər Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən həyata keçirilib. Media orqanları və QHT-lərin rəhbərlərini, bloggerləri və ictimai fəalları Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

Xəbər lenti
0