Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 27 fevral — Sputnik. Azərbaycan tarixinin qanlı gecəsindən 29 il keçir. Bəs bu gecə Azərbaycan ədəbiyyatında və incəsənətində necə əks olunub? Biz də elə bu sualla bir sıra ədəbiyyat və incəsənət adamlarına müraciət etdik. Bəstəkar, professor Firəngiz Əlizadə mövzu ilə bağlı fikirlərini Sputnik Azərbaycan-la bölüşüb: "Xocalı soyqırımını əks etdirən əsərlər yazılıb. Bəstəkar Məmməd Quliyevin "Xocalı harayı" kantatası var ki, dəfələrlə Heydər Əliyev sarayında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən səsləndirilib. Bundan başqa, Türkiyədə yaşayan Yusif Mirişli "Xocalı 613" simfonik əsərini yazıb. Bu əsər də dəfələrlə mötəbər tədbirlərdə səsləndirilib. Bu mövzuda mahnılar da yazılıb. Azad Zahid, Vüqar Camalzadə, Pikə Axundova, İlahə İsrafilova Xocalı mövzusunda mahnılar yazıblar. Mənim də "İntizar" adlı operamda Xocalı faciəsinin motivləri var. Həmin operada ümumən Azərbaycan xalqının faciəsi yer alıb".
Kinoşünas Sevda Sultanova isə düşünür ki, Xocalı faciəsi yetərincə təsvir olunmayıb: "Qarabağ müharibəsi başlayandan istər sənədli, istərsə də bədii filmlər çəkilib. Xocalı soyqırımı ilə bağlı sənədli filmlərimiz var. Rejissor Elşən Zeynalovun çəkdiyi, Leyla Əliyevanın təşəbbüsü ilə litvalı rejissor Andreas Brokasın "Sonsuz dəhliz" (ing. Endless Corridor) filmi xaricdə də mükafatlara layiq görülüb. "Xocalıya ədalət" kampaniyası çərçivəsində çəkilmiş sənədli filmlər yaxşıdır. Amma bədii filmlər demək olar ki, çəkilməyib. Oruc Qurbanovun çəkdiyi "Haray" filmi, Orxan Qasımovun "Biz qayıdacağıq" filmi var. Amma bu filmlər bədii-estetik, ssenari baxımından zəif filmlərdir. Epizodik olaraq "Fəryad" filmində də keçir".
"Burada psixoloji və mənəvi məsələ də var. Bu faciə Azərbaycan tarixinin ən dəhşətli faciəsidir. Bunu yazmaq, ekranlaşdırmaq böyük psixoloji hazırlıq tələb edir. Bu yaxınlarda bir araşdırma etmişdim. Müasir kinoda müharibə film modelləri necədir? Məlum oldu ki, II Dünya müharibəsindən sonra ən böyük soyqırım hesab olunan Srebrenitsa qətliamı haqqında film yoxdur. Heç bosniyalıların özləri də çəkməyiblər. Halbuki Bosniyanın rejissorları nüfuzlu festivalda yer tutublar. 2020-ci ildə Jasmila Jbanic həmin hadisə ilə bağlı bir bədii film çəkib. Müsahibələrin birində deyir ki, "nəhayət ki, biz bu filmi çəkə bildik". Yəni, onlar özləri də bir növ həmin hadisəni çəkməyə bir növ hazır deyildilər.
Dediyim odur ki, Xocalı faciəsini çəkməyə mənəvi güc lazımdır. Artıq biz qalibik, ona görə də Mədəniyyət Nazirliyi, kinematoqrafiya şöbəsi artıq bu barədə düşünməlidir. Hətta müsabiqə də elan etmək olar. Elə bir film çəkilməlidir ki, bu dünyanın istənilən ölkəsində yaşayan insana təsir edə bilsin" - Sultanova bildirir.
Yazıçı Pərviz Seyidlinin fikrincə, Xocalı soyqırımı ədəbiyyatımızda yetərincə işıqlandırılmayıb: "Ədəbiyyatımızda düşməni ancaq eybəcər, çirkin, qəddar göstərməklə bizi qaldırmaq olmaz. Çox az sayda əsərlər var ki, həmin hadisəni düzgün çatdıra biliblər. Bu vaxta qədər yazılanlar məğlubluq prizmasından yazılırdı. Bu vaxta qədər nə yazılıbsa, finalı açıq qalıb. Hazırda müharibə ilə bağlı yazılan əsərlərdə yersiz pafos var. Düşməni aşağılamaq peşəkarlığa xas olan cəhət deyil. Düşməni situasiyanın içində düşmən kimi göstərməliyik. Mən bu hadisə ilə bağlı bir neçə tamaşalar hazırlamışam. Bütövlükdə drammaturgiyada boşluqlar olduğuna görə, təkcə bu mövzu yox, digər mövzular da işlənilməyib. Hazırda İlqar Fəhmi ilə müştərək pyesimizin üzərində işləyirik. Biz həmin tamaşanı Heydər Əliyev adına Müasir Təhsil Kompleksində qururuq. Amma bu tamaşa geniş kütlə üçün hazırlanmış tamaşa deyil".