BAKI, 11 fevral — Sputnik. Çin və Birləşmiş Ştatlar arasında toqquşma bütün dünya üçün fəlakət olacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Tsinpin Birləşmiş Ştatlar Prezidenti Co Baydenlə danışığı zamanı bildirib.
Onun sözlərinə görə, əməkdaşlıq – Pekin və Vaşinqton arasında ikitərəfli münasibətlərdə yeganə seçimdir.
"Pekin və Vaşinqton arasında əməkdaşlıq bir çox cəhətdən ABŞ və Çin, həm də bütün dünya üçün faydalıdır. Çin və ABŞ arasında qarşıdurma hər iki ölkə və dünya üçün tamamilə fəlakətdir", - deyə Si Tsinpin qeyd edib.
O vurğulayıb ki, bir sıra məsələlərdə müxtəlif baxışlara baxmayaraq tərəflər, fikir ayrılıqlarını qarşılıqlı hörmət əsasında həll etməli, yanlış hesablamalar və mühakimələrdən çəkinməlidir.
Qeyd edək ki, ABŞ və Çin arasında münasibətlər gərgin olaraq qalır. Tərəflərin qarşılıqlı iqtisadi iddiaları var. Bundan əlavə, ABŞ Administrasiyası Çini yeni koronavirusla bağlı vəziyyətə dair yanlış informasiya verməkdə ittiham edir. Çin isə Vaşinqtonun onun daxili işlərinə, xüsusi ilə Pekinlə Honkonq arasında münasibətlərə müdaxilədən narazıdır.