CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təbiətin cilvəsi, yoxsa texnologiya - Bakıya niyə "seçmə" qar yağır?

© Sputnik / Murad OrujovBakıda qar
Bakıda qar - Sputnik Azərbaycan, 1920, 02.02.2021
Abunə olmaq
Bakının bir hissəsinə qar yağıb, digər hissələrinə yağmaması günlərlə müzakirə olundu. Həmişə fevralda qar gözləyən paytaxt sakinlərini həmin hadisənin təkrarlanma ehtimalı maraqlandırır

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 2 fevral — Sputnik. Bakıya yağan ilk qarın üstündən xeyli vaxt keçməsinə baxmayaraq hələ də qarın paytaxtın bir hissəsinə yağıb, digər hissəsinə yağmaması müzakirə edilir. Paytaxt sakinlərini bu hadisənin təkrarlanma ehtimalının olub-olmadığı da maraqlandırır. Məsələ sosial platformada da geniş maraq kəsb etdiyindən Sputnik Azərbaycan yaranan suallara aydınlıq gətiməyə çalışıb.

Lərikdə qar - Sputnik Azərbaycan, 1920, 21.01.2021
Lerikdə adamın ağlını başından alan qar mənzərələri - Fotolar

Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Araşdırmalar Mərkəzinin direktoru Rafiq Verdiyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı şəhərində qar əsasən relyefi yüksək olan ərazilərdə müşahidə olunub: "Paytaxta yağan ilk qar Yasamal ərazisində daha intensiv olub. Dənizə yaxın ərazilərdə yağışla qarışıq olsa da, qar kimi gözə çarpmayıb. Ancaq sabahı gün bəzi ərazilərə qar formasında yağıb. Buna əsasən dənizin təsiri ilə şəhərin mərkəzində binaların hündür olması şərait yaradır. Dənizdə temperaturun isti olması yağan yağıntıların yer səthinə yaxın hissələrdə yağış formasında düşməsinə səbəb olur. Məhz bu səbəbdən də şəhərin mərkəzində sulu qar, kənar yerlərdə isə yağıntı qar formasında düşüb".

R.Verdiyev deyir ki, ilk qar yağanda adətən sulu qar olur, sonra bərk formaya keçir:

"Binalar və dəniz istilik verir, yer səthinə yaxın yerlərdə yağıntı sulu formaya keçir. Bu, relyefin və şəhərdə tikintilərin sıx və hündür olması ilə bağlıdır. Təbii ki, Xəzər dənizinin də təsiri var. Bunlar şəhər mikroiqlimi əmələ gətirir. Mikroiqlim də şəhərdən nisbətən kənar ərazilərlə müqayisədə isti olmasına, o yağıntıların bərkiməsinə imkan vermir".

Qeyd edək ki, qarın yağmasında bölgələrdə də fərq müşahidə olunub. Məsələn, İsmayıllı, Qəbələ, Şəkiyə qar yağsa da, Şəkinin bəzi kəndlərində həmin günlər hava xoş keçib.

R.Verdiyev bildirir ki, bu, hava kütlələrinin təsiri ilə əlaqədardır: "Soyuq hava kütlələrinin hərəkət istiqamətindən asılı olaraq qarın yağmasında bölgələr üzrə fərq yarana bilər".

Xatırladaq ki, Bakıda ilk qar yağan zaman paytaxtın mərkəzi hissəsində qarı yağış əvəzləyib. Bu, insanlar arasında iqlim dəyişkənliyi ilə bağlı məlumatların yayılmasına səbəb olub.

Xəbər lenti
0