CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu istiqamətdə yollar buz bağlayıb - Sürücülərə xəbərdarlıq

© Sputnik / Murad OrujovПервый снег в Баку
Первый снег в Баку  - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlamasında bildirib ki, səhər saatlarından başlayaraq yollar qardan təmizlənir, qum-duz səpilir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 21 yanvar — Sputnik. "Gecə saatlarından yağmağa başlayan qar Azərbaycanın bir sıra ərazilərində nəqliyyatın hərəkətini çətinləşdirib. Ağsu dolayları istiqamətində yol bağlanıb".

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev məlumat verib. O bildirib ki, sürücülərə Bakı-Şamaxı yolundan istifadə etməmək tövsiyə olunur: "Çünki Bakı-Şamaxı yolunun müəyyən kilometrliklərində yolda buzlaşma var".

N.Piriyev Quba-Qusar istiqamətində yollarda da buzlaşma müşahidə olunduğunu, sürücülərə ehtiyatlı olmağın tövsiyə edildiyini söyləyib. Onun sözlərinə görə, Lənkəran-Lerik rayonu, Masallı-Yardımlı istiqamətində də yollar nəqliyyatın hərəkəti üçün əlverişsizdir. N.Piriyev müvafiq qurumlar tərəfindən buzlaşma müşahidə olunan yolların açılması istiqamətində iş aparıldığını söyləyib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının hazırkı vəziyyəti barədə məlumat yayıb. Qurumdan bildirilir ki, buz bağlamış yollarda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq işlər davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, səhər saatlarından başlayaraq yollar qardan təmizlənir, qum-duz səpilir: "Bizim qurumun işi yolları qardan təmizləyib nəqliyyatın hərəkəti üçün əlverişli şərait yaratmaqdır. Amma sürücülər mövcud hava şəraitini  nəzərə almadan yola yay şinləri ilə çıxırlar. Bu da qarlı havada nəqliyyatın hərəkətini çətinləşdirir. Sürücülərdən xahiş edirik ki, avtomobillərini qış şinləri ilə əvəz etsinlər. Əks halda, biz yolu təmizləsək də, təmizləməsək də onların hərəkətində problem yaranacaq. Avtomobillər dağlıq yollarda hərəkət edirlərsə, mütləq qış şinləri ilə təchiz olunmalıdırlar".

Xəbər lenti
0