Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 29 dekabr — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında 2021-ci il dövlət və icmal büdcənin layihələri müzakirəyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Sputnik Azərbaycan xəbər verir ki, müzakirələrdən sonra 2021-ci il dövlət və icmal büdcənin layihələri səsverməyə qoyularaq qəbul edilib.
Qeyd edək ki, 2021-ci il dövlət büdcəsinin gəlirləri 25427,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 33,6 faizi həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1303,0 milyon manat və yaxud 5,4 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1208,9 milyon manat və yaxud 5,0 faiz çoxdur.
2021-ci il dövlət büdcəsinin xərcləri 28543,0 milyon manat (ÜDM-də xüsusi çəkisi 37,7 faiz) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1050,8 milyon manat və ya 3,8 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4117,1 milyon manat və ya 16,9 faiz çoxdur.
Növbəti ilin dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 63,1 faizi həcmində və ya 18014,0 milyon manat, əsaslı xərclərə 29,2 faizi həcmində və ya 8330,3 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclərə 7,7 faizi həcmində və ya 2198,8 milyon manat vəsait yönəldiləcək.
2021-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri (büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərclərinin cəmi) 11111,9 milyon manat məbləğində proqnozlaşdırılmışdır ki, bu da 2020-ci illə müqayisədə 563,8 milyon manat və ya 5,3 faiz çoxdur.
2021-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3116,0 milyon manat məbləğində nəzərdə tutulur. 2021-ci ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 4,1 faiz təşkil edəcəkdir ki, bu da 2020-ci illə müqayisədə 0,6 faiz-bənd azdır.
Kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma, 2021-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək.