Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 8 dekabr — Sputnik. Yaranmış pandemik vəziyyətlə əlaqədar martın 15-dən etibarən Azərbaycanda toylar qadağan olunub. Artıq 9 aydır ki, toyların qadağan olunması şadlıq sarayı sahibləri, həmçinin işçilərinin işsiz, pulsuz qalmasına səbəb olub. Üstəlik, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı məlumata görə, 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək. Yəni işsizlik durumu bir qədər də uzanır.
Sputnik Azərbaycan şadlıq saraylarının problemini elə onların özlərinin dilindən dinləyib. "Nazlı" şadlıq sarayının baş inzibatçısı Rasim Məmmədov deyir ki, hazırda şadlıq sarayının qeydiyyatda olan 109 işçisi işsiz qalıb: "Toylarımız da üst-üstə yığılıb qalıb. Eləsi var ki, qız toyunu etmişik, oğlan toyu qalıb. Yaxud da nişan olub, toy günü təyin olunub, qalıb. Müştərilərin də hamısı bizi başa düşmür. Hər gün zəng edib xəbər öyrənməyə çalışırlar. Hər gün eyni suallara cavab veririk, müştəri başa düşmür ki, bu, əslində bizim problemimiz deyil".
"Problem təkcə bununla da bitmir, kommunal xərclər var, banka kreditlər var. Bank başa düşmür. Çox yüklənmişik, heç bir gəlirimiz yoxdur. Əlimizdə olan 5-10 manatı da işçilərə vermişik ki, müvəqqəti nəsə etsinlər. Özümüz də işləmirik, son toyu 15 martda etmişik. Şəxsən özüm hazırda borcla-xərclə dolanıram. Uzun illərdir ki, bu sahədəyəm deyə başqa işlə də məşğul ola bilmirəm. Elə düşünürük ki, bu gün-sabah toylara icazə verilər, bir də baxırıq ki, artıq nə qədər ay ötüb", - deyə o əlavə edib.
Ticarət obyektlərində alış-veriş qaydası bəlli oldu>>
Həmsöhbətimiz deyir ki, pandemiyanın vurduğu ziyanla əlaqədar bəzi şadlıq saraylarına yardımlar ayrılsa da, onlara heç bir yardım verilməyib. Elə işi də ən çox qəlizləşdirən məhz bu olub. Həmsöhbətimiz deyir ki, artıq bu ay növbəti aylar üçün də müraciətlər olub, ev sahibləri gəlib zallarla tanış olub, sadəcə olaraq beh götürməyiblər: "Yaydan bəri toy təyin edənlər arasında behini saxlayan da olub, götürən də. Xırda məclislərə icazə verilsəydi, maskadan istifadə etməklə kiçik - 50-60 nəfərlik məclislərin keçirilməsinə icazələr verilsəydi, yaxşı olardı. Təsəvvür edin ki, bizim şadlıq evindən maaş alan 109 işçinin işsiz qalması nə deməkdir?! Hərəsinin ailəsinin 4-5 nəfərdən ibarət olduğunu düşünəndə, görün, nə qədər ailə pis vəziyyətdə qalır. Artıq maddi sıxıntılar o qədər yüklənib ki, borc alacaq adam belə qalmayıb. Ailə, ev, uşağın xərcləri, uşaqların hazırlıq pulları, hamısı yığılır".
Bu işçilər arasında döyüşlərdə iştirak edən də olub.
"Şərq Sarayı"nın administratoru Natiq Məşimov da maddi sıxıntılardan danışıb: "Demək olar ki, tamamilə çökmüş vəziyyətdəyik. Martın 15-dən aylıq təxminən 300 manat işıq pulu ödəyirik və digər kommunal xərclərimiz çıxır, aylıq 400 manat mühafizəçiyə maaş veririk, 18 xadiməmiz işsiz qalıb, musiqiçilərimiz, 70-75 ofisiant, 4 administrator hamısı işsiz, pulsuz qalıb. Heç olmasa, toylar başlayana kimi kommunal xərclərdən azad olunsaydıq, təbii ki, yaxşı olardı. Vəziyyət həddindən artıq kritikdir. Təsəvvür edin, tək bir şadlıq sarayında 100-150 işçi işsiz qalır, ümumilikdə bütün şadlıq saraylarından nə qədər şəxs işsiz qalıb".
"Müharibədən bir həftə əvvəl COVID-19-a yoluxmada rəqəmlər də azalmışdı və ümid vardı ki, noyabrda toylara icazə veriləcək. Müharibə, COVID-19-la bağlı rəqəmlərin artmasından və hazırda ən yüksək səviyyəyə çatmasından sonra indi ən tezi yayda toylara icazə veriləcəyinə ümid edirik", - deyə administrator əlavə edib.
Mövzu ilə əlaqədar olaraq bir çox şadlıq sarayları ilə əlaqə saxladıq. Çoxu ümumiyyətlə zənglərə cavab vermədi. Görünür, bu şadlıq sarayları fəaliyyətlərini tamamilə dondurub, yəni, toylar olmasa da, şadlıq sarayının qapısını açıb içəri də girmirlər, ümidləri kəsilib.
Həmsöhbəti olduğumuz şəxslər isə ən azı kiçik sayda belə toyların təşkil olunması və kommunal, bank kreditləri ilə bağlı güzəştlərin edilməsinin tərəfdarıdırlar ki, bazarda qala bilsinlər.